Sentyabr ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyev Bakının mərkəzində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası Aşıq Ələsgərin abidəsinin açılışını edib və açılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxış edib.
Aşıq Ələsgər Qərbi Azərbaycanda – Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaradıb, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib.
Aşıq Ələsgər təkcə Azərbaycan saz-söz sənətinin uca zirvəsi deyil, eyni zamanda türk dünyasının azman sənətkarı, saz sənətinə, sözə, türklüyə və islam ədəb- ərkanına ləyaqətlə xidmət etmiş, böyük məktəb yaratmış, bölgənin adını da öz adına və şöhrətinə layiq təmsil və tərənnüm etmiş, dövrünün Dədə ünvanını almış, el ağsaqqalı, ictimai xadimdir.
Aşıq Ələsgərin təkcə Göyçədə və Ermənistan SSR-də deyil, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda böyük şöhrəti və ictimai nüfuzu erməniləri həmişə narahat etmişdir. Məhz buna görə də 1971- ci ildə Göyçə camaatı Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyinin dövlət səviyyəsində keçirilmısi təşəbbüsünü irəli sürəndə Ermənistan SSR hökuməti müxtəlif bəhanələrlə tədbirin keçirilməsini əngəlləməyə çalışmışdır.
Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyinə müraciətindən sonra laqeyidlik və düşmənçilik buzu sınmış, 1972-ci ildə Dədə Ələsgərin Göyçədə, doğma Ağkilisə kəndində qəbirüstü abidəsi ucaldılmış, Göycədə və İrəvanda yubiley tədbiri keçirilmişdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində Aşıq Ələsgərin yubiley gecələri təşkil edilmiş, Moskvada Kremlin sütunlu Salonunda Aşıq Ələsgərə həsr olunmuş yubiley konserti baş tutmuşdur. Təəssüf ki, Ermənistan hökuməti, oradakı əksər Azərbaycan mədəni irs nümunələri kimi, bu abidəni də dağıdıb.
Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etnik təmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmayıb, oradakı Azərbaycan mədəni irsi ciddi zərər görüb.
Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi, həm də Qərbi Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin göstəricisidir. Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş ağrılı həyat yoluna dərindən bələd olması, onun Qərbi azərbaycanlıların taleyinə nə qədər yaxından qayğı göstərdiyinin təzahürüdür.
Prezident İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.
Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və orada Böyük Qayıdış proqramının həyata keçirilməsi, bizim də doğma yurdlarımıza qayıdacağımız günün uzaqda olmadığını göstərir.
Prezidentin ifadə etdiyi kimi, Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlıların taleyini təcəssüm edir. Sözə, sənətə, humanist dəyərlərə bağlı olan, vətənpərvər şair öz doğma yurdundan qaçqın düşsə də, ruhdan düşməmiş, 100 yaşında öz yurduna qayıdaraq, yandırılmış evini bərpa etmiş və ömrünün son günlərinə qədər orada yaşamışdır.
Abidənin açılış mərasimindəki çıxışında tarixin dönəmlərəinə nəzər salan Azərbaycan Prezidenti xalqımızın XX əsrdə üç deportasiya dalğasına məruz qaldığını – 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiyanın baş verdiyini bildirib: “İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar”.
“Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar”, – deyə Prezident bildirib.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü