EN

Regionda və beynəlxalq müstəvidə mövqeləri daha da güclənən Azərbaycan RƏY

Regionda

Bakı, 1 oktyabr, AZƏRTAC

1993-cü ildən başlayaraq Azərbaycan, sözün əsl mənasında, müstəqil dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Aparılan siyasi islahatlar, demokratik inkişafla bağlı verilən önəmli qərarlar, qəbul edilən qanunlar öz töhfəsini verməyə başladı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

İqtisadi sahədə liberallaşma siyasətinin və bazar iqtisadiyyatına keçidin də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş verdiyini diqqətə çatdıran deputat əlavə edib: “Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, demokratik, hüquqi dövlətin yaranmasında məhz Heydər Əliyevin xidmətləri olub. Dəyərlərimizin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesi Ulu Öndərin əməyinin məhsuludur. Ümummilli Liderin uğurlu siyasəti sayəsində kiçik gənc bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib. 1993-cü il oktyabrın 3-də müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.

Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası isə dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuş oldu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması dövlətçilik ənənələrin inkişafına xidmət edən təşəbbüslərdir”.

Sevinc Fətəliyevanın sözlərinə görə, Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi anti-Azərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” isə Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdı.

Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursundan da danışan deputat deyib: “Beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Onun tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması təşkil edirdi. Məhz Ümummilli Liderin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılıb, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Ulu Öndərin bir çox dövlətlərlə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul edilməsinə nail oldu. 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edərək nəinki regionda, eyni zamanda, beynəlxalq müstəvidə də mövqelərini gücləndirib. Hazırda müstəqil Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır”.

Chosen
94
5
azertag.az

6Sources