EN

“Nə qədər ki, Paşinyan 4 ”ağıza" baxır..." - sülh seçkilərdən sonraya qala bilər 

Ermənistan beynəlxalq aləmin “gözündən pərdə asmaq” üçün Bakı ilə simvolik sülh sənədi imzalamağı təklif edir; xarici və yerli ekspertlər isə deyirlər ki, İrəvan Paris, Vaşinqton, Moskva və Tehrana bel bağlayıb öz problemlərinin həllini qıraqda axtardıqca, heç bir sülh müqaviləsi olmayacaq

Ermənistan rəhbərliyinin Azərbaycanla beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq istəməməsi artıq həqiqətdir. Görünən həm də budur ki, Nikol Paşinyan hökuməti beynəlxalq birliyin gözündən pərdə asmaq üçün Bakı ilə simvolik sülh sənədi imzalamağı təklif edir ki, o da təbii ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulması, yeni müharibə riskinin aradan qalxması üçün yetərli olmayacaq.

Bu səbədən rəsmi Bakı haqlı olaraq, ciddi hüquqi dəyər daşımayan istənilən formal sənədin imzalanmasına qarşıdır. Son olaraq, bu barədə danışan xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 29-da BMT tribunasından bir daha bəyan etdi ki, İrəvanla yarımçıq sülh sənədi imzalanmayacaq. Azərbaycanın əsas şərti bəlli: Ermənistan öz konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı istinadı çıxarmalıdır. Təəssüf ki, İrəvan buna tələsmir. Ona görə ki, revanşist planlardan tam əl çəkməyib. Nə barədə ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə ötən həftə etdiyi çıxışında bir daha Ermənistana xəbərdarlıq edib...

“Düşünürəm ki, yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq”. Bunu isə rusiyalı tanınmış ictimai xadim, siyasi ekspert Maksim Şevçenko deyib. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ABŞ-dakı 5 noyabr prezident seçkisindən asılı olacaq: “Ya Donald Tramp, ya da Kamala Harris... Ümumiyyətlə, regiondakı durum dünyadakı vəziyyətdən asılıdır. Dünyada bu gün müharibələr baş verir. Cənubi Qafqaz regionunda isə bununla belə, sevindirici proseslər müşahidə olunur. Həm Azərbaycan, həm də Gürcüstan böyük geosiyasi vəhşilərin aləti olmamaq üçün mübarizə aparır”.

Ekspert vurğulayıb ki, bu gün Ermənistanda Qərblə, ABŞ və Fransa ilə əlaqədar güclər dominantlıq təşkil edir: “Qərb bu gün Ermənistandan alət kimi istifadə edir. Ona görə də hesab edirəm ki, problem daha da çoxalacaq. Ermənistan manipulyasiya subyekti kimi Qafqaz xalqları arasında barışığın əldə olunmaması üçün istifadə olunur. Ermənistanın köməyi ilə Azərbaycana münasibətdə eskalasiya dəstəklənir. Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsinə cəhd olunur”. Şevçenkoya görə, nə qədər Ermənistan həqiqi azad, suveren dövlət deyil və nə qədər ki, Ermənistan Paris, Vaşinqton, Moskva və Tehrana bel bağlayıb öz problemlərinin həllini qıraqda axtaracaq, heç bir sülh müqaviləsi olmayacaq: “İstərdim ki, bunu hər kəs dəqiq başa düşsün. Azərbaycan xalqı ilə erməni xalqı arasında isə sülh mümkündür. Bilirsiniz, tarixdə faciəvi məqamlar olur, lakin zaman onu müalicə edir”.

Şevçenko Ermənistanın Rusiya üçün heç bir əhəmiyyətinin olmadığını da vurğulayıb: “Ermənistan indi İrandan asılı vəziyyətdədir. Onu, məncə, Tehrana vermək lazımdır. Tehran Ermənistanın Fransa və ümumilikdə Qərblə dialoquna məsul olmalıdır. Rusiya üçün Ermənistan, sadəcə, yükdür. Ona görə ki, bütün nəqliyyat dəhlizləri Ermənistandan yan keçir. Rusiya Bakı və Tiflislə nəqliyyat dəhlizlərində iştirak etmək üçün razılaşa bilər. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri Ermənistandan yan keçir. O zaman Ermənistanın nə strateji əhəmiyyəti qalır ki?! Ermənistan Cənubi Qafqazda, sadəcə, ağrılı nöqtədir. Aydındır ki, Moskvada kimsə bu ağrılı nöqtəni istismar etmək istəyir”. Maksim Şevşenko sülh sənədi məsələsində və digər məqamlarda nə dərəcədə haqlıdır? Paşinyan hökuməti sülh sazişi məsələsində, nəhayət, müstəqil qərar verə biləcəkmi?

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin bildirdiyinə görə, Ermənistan sülh mövzusunda blef edir. VHP funksioneri sənədin imzalanması üçün Bakının tələbinin yerinə yetirilməsini tarixi və hüquqi baxımdan mühüm sayır. S.Əsədli Paşinyanın Qərbə söykənib Rusiyaya qarşı getdiyini, bəzi hallarda isə İrandan dəstək alıb manevr etdiyini düşünür: “Belə siyasət uzun davam edə bilməz. Ermənistan hakimiyyətindən strateji seçim tələb olunacaq. Sanki İrəvan Bakı ilə yox, başqa paytaxtlarla sülh sənədini razılaşdırır. Onların verdiyi məsləhətlərlə oturub-duranda isə ortada qalacaqsan. Əgər Paşinyanın konkret məqsədi Türkiyə ilə sərhədlərin açılması və dünyaya çıxışdırsa, İrandan, Fransadan qulağına pıçıldanan nağıllara qulaq asmamalıdır. Ermənistanın konstitusiyası parlamentin səsverməsi ilə təsdiq olunub. Ona görə referendum keçirmədən də bu dəyişikliyi parlamentin əli ilə edə bilər. Nəzərə alaq ki, onun partiyası parlamentdə üstündür. O baxımdan qanunvericiliyə düzəliş etsin, sonra gəlib COP29 zamanı sənədi imzalasın”. S.Əsədlinin fikrincə, sülh prosesinin uzanmasından kənar qüvvələr sui-istifadə edir: “Ermənistan buna rəvac verməmək, regional və qlobal güclərin əlində oyuncağa çevrilməmək, onların siyasi hədəflərinə görə sülh danışıqlarından öz maraqlarına uyğun istifadə etməməsi üçün real iş görməlidir”.

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev Paşinyanın əvvəllər iki, indi isə dörd stulda oturduğu qənaətindədir. Onun sözlərinə görə, biz aldanmalı deyilik və bütün hallarda qarşımızda bir erməni var. E.Mehdiyevin fikrincə, Paşinyan sələflərindən fərqli olaraq, özünü yaxşı tərəfdən piar etməyə və Qərbdən dəstək almağa nail olur ki, müsbət reputasiyaya malik olsun: “Amma unutmayaq ki, Qarabağın Ermənistana aid olduğunu deyərək danışıqları tam sıfırlamış nə Köçəryan, nə Sərkisyandır, məhz Paşinyandır. Əgər bizim gücümüz olmasaydı, o da danışıqlar yolu ilə torpaqlarımızdan işğalçı ordusunu çıxarmayacaqdı. Bura qədər gəlməyimiz, Paşinyanı hansısa razılaşmalara məcbur etməyimiz güc hesabına olub. Ona görə də Ermənistanı sülhə məcburetmə siyasətimiz olmalıdır. Onlar başqa dildən anlamır. Əgər təzyiqləri gücləndirməsək, Paşinyan gah Rusiya və İran, gah da Fransa ilə ABŞ arasında vurnuxaraq siyasi oyunlarını davam etdirəcək. Onun sülh bəyanatları hiyləgərlikdir və Qərbdə özü barədə müsbət təsəvvür yaratmaq istəyidir. Ermənistana ciddi siyasi və diplomatik təzyiq olmasa, Paşinyan hər dəfə bir stulda oturub yekun sülh sənədindən yayınacaq”.

Partiya rəsmisi Paşinyanın iqtidarda tam möhkəmlənmədən sülh sazişi bağlamaq niyyətində olmadığını hesab edir: “Hələ ki Ermənistanda ictimai-siyasi sabitlik kövrəkdir. Paşinyan heç də bütün zümrələri ram edə bilməyib. Onun qorxduğu qüvvələr var. Həmin güclər sülh müqaviləsini xalq üçün tərsinə oxuyaraq erməniləri küçələrə çıxara bilərlər. Nikolda bu xof var. Amma bizi maraqlandırmır. Yetər ki, günahı üstümüzə yıxmasın. Əgər ona və ölkəsinə Türkiyə ilə quru sərhədləri açmaq, Azərbaycanla barışmaq lazımdırsa, o zaman xalqına da izah etsin. Buna qədər isə İrəvan həm Zəngəzur koridoru, həm sülh sənədi mövzularında Qərblə Rusiya, eləcə də İran arasında sürüşkən siyasət həyata keçirəcək. Ancaq bu, diplomatiya deyil və bir gün "Mülki müqavilə" partiyasının başında çatlayacaq"./“Yeni Müsavat”


Chosen
17
2
referans.az

3Sources