EN

Avtobus zolaqları sahibkarların işinə ziyan vurur?

Son zamanlar Bakı şəhərinin bəzi küçə və prospektlərində çəkilən avtobus zolaqlarının yol kənarında obyekti olan bir çox sahibkarların işinə ciddi ziyan vurduğu iddia olunur.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələr aparılır, videopaylaşımlar edilir.

Onlardan birini təqdim edirik:

Sahibkarlar bildirirlər ki, avtobus zolaqlarının çəkilməsi nəticəsində yol kənarında yerləşən ticarət obyektlərinə müştəri axını kəskin azalıb. Məsələn, Babək prospektində, Zabrat yolunda obyektlərin qarşısından keçən avtobus zolaqları onların fəaliyyətinə əngəl törədir.

"Biz dövlətə vergi ödəyirik, işçilərimizə maaş veririk. Lakin avtobus zolaqları çəkiləndən sonra obyektlərimizə müştəri gəlişi minimuma enib", - deyə sahibkarlar öz narazılıqlarını ifadə edirlər.

Sahibkarlar hesab edir ki, mövcud girişlər müştərilərin rahatlığını təmin etmir və alış-verişə mənfi təsir göstərir. Bəzi sahibkarlar hətta obyektlərini bağlamaq məcburiyyətində qala biləcəklərini vurğulayırlar.

Bəzi küçə və prospektlərdə avtobus zolaqlarının sahibkarlara yarada biləcəyi problemlə bağlı əvvəlcədən AYNA tərəfindən hər hansı bir çıxış yolu işlənibmi?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq yalnız təqdim etdiyimiz videoya münasibət açıqlanıb və qeyd olunub ki, sözügedən ərazidə obyektlərə daxil olmaq üçün müvafiq şərait mövcuddur.

"Həmin əraziyə yolda iki yerdən giriş var",- deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, avtobus zolaqlarının paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsində mühüm rol oynadığı şübhəsizdir. Ancaq bu zolaqların çəkilişi zamanı sahibkarlıq subyektlərinin maraqlarının nəzərə alınması da vacib məsələlərdəndir.

Əzizə İsmayılova

Mənbə: oxu.az

Chosen
22
2
oxu.az

3Sources