“Qarabağ” oktyabrın 3-də Avropa Liqasının 2-ci turu çərçivəsində “Malmö” ilə qarşılaşacaq.
İsveç klubunun prezidenti Anders Palsson Bakıya səfər ərəfəsində İdman.biz üçün oyunla bağlı eksklüziv açıqlama verib:
“Bu axşam komanda ilə birlikdə Bakıya gələcəyəm. Mən və bir çox oyunçumuz üçün Azərbaycana ilk səfərimiz olacaq. “Qarabağ”ın “Tottenhem”lə oyununu izləmişəm. Onların bəxti gətirmədi. “Qarabağ” müasir, baxımlı futbol oynayır. Çox texnikalı komandadır. “Qarabağ”ın Avropa təcrübəsi də böyükdür. Xüsusilə Bakıda uğur qazanmağı yaxşı bilirlər. Bizim üçün çətin qarşılaşma olacaq. Ümid edirəm ki, yaxşı oyun göstərə biləcəyik".
“Malmö” 1978/79-cu illər Avropa Çempionlar kubokunun finalçısı olub, yaxın gələcəkdə belə uğuru təkrarlamaq mümkündürmü?” sualına isə Anders Palsson belə cavab verib:
“1979 bizim üçün əla il olub! Çox yaxşı komandamız vardı. Həmin uğuru təkrar etmək çətindir. Amma biz həmişə qələbə qazanmaq istəyirik. Yenə ÇL finalı? İmkansız deyil. Amma 1979-cu ildən bəri futbol çox dəyişib!
Rasim
İdman.biz