EN

Ukrayna savaşı davam etdirsə NATO-ya üzvlüyü mümkünsüz olacaq -ŞƏRH

NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq fəaliyyətinin yekunlarına dair çıxışında bildirib ki, 2014-cü ildən fərqli olaraq, hazırda alyansın Ukraynaya dəstəyi daha geniş xarakter daşıyır. Ukrayna hazırda NATO-ya üzvlüyə heç vaxt olmadığı qədər yaxındır. O deyib ki, NATO-nun Ukraynaya göstərdiyi dəstək Almaniyadakı komandanlıq vasitəsilə əlaqələndirilir. Stoltenberq həmçinin Şimali Atlantika Alyansına rəhbərlik etdiyi müddətdə üzv və tərəfdaş ölkələrin sayında artım olduğunu vurğulayıb. 

Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Ukraynaya dəstək məsələsinin lazimi səviyyədə olması sual altındadır:

“Çünki Ukraynaya verilən dəstək lazimi səviyyədə olsaydı, rəsmi Kiyev cəbhədə faktiki üstünlük əldə edərdi. Ona görə də Ukraynaya NATO-səviyyəsində dəstək əvvəlkindən daha çox olsa da, yetəri qədər təşkil olunmayıb. Digər tərəfdən NATO-nun üzvlüklə bağlı öz prinsipləri var. Ərazi mübahisəsi olan dövlətlərin heç biri NATO-ya üzv ola bilməz. Ukrayna isə hazırda müharibə vəziyyətindədir və faktiki olaraq ərazi problemləri yaşayır. Əgər Ukrayna NATO-ya üzv olmaq istəyirsə, Rusiya işğalı altında olan ərazilərindən imtina etməli və yeni siyasi sərhədləri ilə razılaşmalıdır. Hazırda Rusiya Ukraynanın bir sıra bölgələrində işğal rejimi qurub. Həmin bölgələri azad etmək isə indiki məqam üçün imkansızdır. Çünki Qərbin başı Yaxın Şərqə qarışıb və problemləri günü-gündən artır. Əgər Ukrayna əksinə olaraq öz suverenliyini bərpa etmək üçün savaşı davam etdirəcəksə, onun NATO-ya üzvlüyü hüquqi aspektən mümkünsüz olacaq”.
Chosen
56
43
sherg.az

10Sources