EN

“Ermənistan Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir” – Prezident İlham Əliyev

“Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanıb”.

“AzPolitika” xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.

Dövlət başçısı vurğulayıb ki, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə onlar qəhrəmanlaşdırılıb: “Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir”.

Prezident vurğulayıb ki, Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. “Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bugünədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır”.

Ölkə başçısı müraciətində onu da bildirib ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusunda qətnamənin irəli sürülməsi və konsensusla qəbul olunması bu məsələyə beynəlxalq səviyyədə diqqətin artırılması istiqamətində fəaliyyətimizin tərkib hissəsidir. “Bu xüsusda, məsələyə beynəlxalq müstəvidə lazımi diqqətin ayrılmasını təmin etmək üçün BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik”, - Prezident qeyd edib.

“AzPolitika.info”

Chosen
173
20
azpolitika.info

10Sources