EN

“ Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 

“Son illər, xüsusən, 2020-ci ilin Vətən müharibəsindən bəri İsrail dövləti ilə münasibətlərimiz kifayət qədər normaldır. Bununla belə, İsrailin Azərbaycana hərbi  köməyini heç vəchlə Azərbaycan-İsrail hərbi sazişi kimi qəbul etmək olmaz...”
 
“İranın ötən çərşənbə axşamı gecəsi İsrailə raket hücumlarını gözləmək olardı. Çünki “HƏMAS” və “Hizbullah” liderlərinin, həmçinin İran hərbçilərininn İsrail tərəfindən məhv edilməsi özünü müsəlman xalqlarının hüquqlarının qoruyucusu,  haqq-ədalət tərəfdarı olan bir ölkə kimi təqdim edən İranın siyasi prestijinə böyük zərbə idi. Aydındır ki, İran İsrailə qarşı hərəkətə keçəcəkdi və buna hazırlaşırdı. Başqa cür ola da  bilməzdi. Hücuma keçməyəcəyi halda İran gücsüz olduğunu göstərər və özünü tamamilə hörmətdən salardı”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “İranın İsrailə son kütləvi raket hücumundan sonra yaranmış durumu necə xarakterizə edərdiniz? İsrail daha kəskin cavab verərsə, bunun genişmiqyaslı müharibəyə çevrilməsi və ABŞ-nin də bu savaşa qoşulması ehtimalı varmı?” sualını cavablandırarkən siyasi analitik Tahir  Cəfərli ifadə edib.
 
“İsrailin də öz növbəsində ABŞ-nin tərəfdarlığı ilə əks-hücuma keçəcəyi ehtimalı var. Amma bunun baş verməsi heç bir normal geo-siyasi çərçivəyə sığmır. Birləşmiş Ştatlar rəhbərliyi həmişə müharibələrin tərəfdarları olub və olacaq, çünki müharibələr həmin dövlətə külli miqdarda  gəlir gətirir. Lakin, hesab edirəm ki, indiki halda İsrail İrana qarşı  genişmiqyaslı müharibəyə getməyəcək, çünki ABŞ bununla razılaşmayacaq. Amerika liderlərinin indiyə qədər  Bzejinskinin “Böyük  şaxmat lövhəsi” kitabı yadlarındadır. Həmin kitabda deyilir ki, əgər ABŞ və Avropa dövlətləri İrana qarşı müharibəyə getsələr,  bütün bəşəriyyət  3-cü Dünya müharibəsinin başlanması riski qarşısında qalacaq. Həmin müharibə başlayacağı halda isə dünya dağılacaq, mövcud sivilizasiya süqut edəcək, bəşəriyyət yaşamını itirəcək”, -deyə davamında siyasi şərhçi vurğulayıb. 
 
“Bəs əgər bu gərginlik, Allah eləməmiş, İranla İsrail arasında genişmiqyaslı savaşa keçərsə, bu, Azərbaycana nə dərəcədə ciddi təsir edə bilər? Və o halda dövlətimiz hansı tədbirləri görməlidir?” sualına isə analitik belə cavab verib:
 
“Əgər mövcud gərginlik İranla İsrail arasında genişmiqyaslı savaşa keçərsə, Azərbaycan özünün mövqeyini bildirməli olacaq. Yəni Azərbaycan nə İranın, nə də İsrailin tərəfini saxlayacaq. Son illər, xüsusən, 2020-ci ilin Vətən müharibəsindən bəri İsrail dövləti ilə münasibətlərimiz kifayət qədər normaldır. Bununla belə, İsrailin Azərbaycana hərbi  köməyini heç vəchlə Azərbaycan-İsrail hərbi sazişi kimi qəbul etmək olmaz... 
 
İranla münasibətlərə gəldikdə, ermənilərin çoxdankı  arzusudur ki, İran-Azərbaycan  toqquşması baş versin. Qorxulusu odur ki, ABŞ Ermənistandan İrana qarşı hərbi platsdarm kimi istifadə etsin. Bu olmasın deyə  İran-İsrail savaşı başlayacağı halda Rusiya o saat özünün Ermənistandakı qoşunlarını hərəkətə gətirə bilər. Çünki Ermənistan-Rusiya hərbi sazişinə görə, əgər Rusiyaya qarşı Ermənistan ərazisindən təhlükə yaranarsa, Rusiya tərəfi müdaxilə edərək hərbi  yolla vəziyyəti sabitləşdirə bilər... 
 
Konkret Azərbaycanın İran-İsrail savaşı halındakı mövqeyinə gəldikdə isə, yalnız dövlət başçısının balanslaşdırılmış siyasətinin Azərbaycanı bu müharibədən kənarda saxlaması mümkündür...”
 
Sultan Laçın
 
Chosen
20
50
moderator.az

10Sources