EN

Yaxın Şərqi qan gölünə çevirən SAVAŞ – Bir ildə nə DƏYİŞDİ?

İsraillə HƏMAS arasında müharibənin başlanmasındana artıq bir il ötür. 2023-cü ilin oktyabrın 7-də İsrail ərazisi HƏMAS radikallarının hücumuna məruz qalır. Həmin günü səhər 6:29-da Kibbutz Reymdə Nova musiqi festivalının keçirildiyi əraziyə hücum edən HƏMAS yaraqlıları 1200 nəfəri öldürüb, 253 nəfəri də girov götürüblər. Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatlara başlayıb. Nəticədə İsrail hazırda demək olar ki, Qəzza zolağının əksər hissəsinə nəzarət edir. 

Təl-Əviv HƏMAS-a qarşı savaşı bitirər-bitərməz, indi də “Hizbullah”a qarşı döyüşlərə başlayıb
 

MÖVZU İLƏ BAĞLI:

“Həmas” İsrailə müharibə ELAN ETDİ 


Yaxın Şərqdə müharibənin davam etdiyi ötən bir ildə regionda görəsən nələr dəyişdi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirir ki, bu, Yaxın Şərqdə 1967-ci ildə baş verən 6 günlük müharibədən sonra ən kəskin silahlı qarşıdurmadır: 

“HƏMAS yaraqlılarının İsrailin cənubuna hücumu ilə başlayan müharibə artıq bir ildir ki, davam edir. 7 oktyabr 2023-cü ildə Qəzza zolağından İsrailə 2000-dən artıq raket atıldı. Eləcə də minlərlə HƏMAS yaraqlısı Fələstinlə İsrail arasındakı hasarı dağıtmağa müvəffəq olaraq sərhədə ən yaxın məskunlaşma ərazilərinə hücum etdi. İsrail Baş Naziri Netanyahunun sözlərinə görə həmin gün 1200-dən çox israilli öldürülülüb, 6900 nəfər isə yaralanıb. O da məlumdur ki, hücum zamanı 253 nəfər girov götürülərək Qəzza zolağına aparılıb.

Həmin gündən etibarən HƏMAS-a qarşı müharibə elan edən Netanyahu hökuməti 20 gün ərzində Qəzzanı aktiv şəkildə bombardmana məruz qoyduqdan sonra, oktyabrın 27-dən genişmiqyaslı quru əməliyyatlarına start verib. Nəticədə BMT-nin rəsmi məlumatlarına görə keçən dövr ərzində təkcə Qəzza zolağında 40 mindən artıq dinc sakin öldürülüb. Bu, Yaxın Şərq regionunda 1967-ci ildə baş verən 6 günlük Ərəb-İsrail müharibəsindən sonra ən kəskin silahlı qarşıdurma olmaqla yanaşı, həm də fələstinlilər arasında ən böyük itkilərə səbəb olan bir müharibədir”.

Həmsöhbətimizin fikrincə, müharibə Yaxın Şərq regionunun onsuz da problemli olan təhlükəsizlik arxitekturasını dəyişib:

“Hərbi əməliyyatların Livana yayılmasından və İranın proseslərə birbaşa qoşulmasından sonra vəziyyət genişmiqyaslı regional müharibənin astanasındadır. İstər regional, istərsə də qlobal oyunçuların baş verənlərə münasibəti və baxışı da vəziyyəti xeyli mürəkkəbləşdirir. ABŞ ilk gündən açıq şəkildə İsrailə dəstək olduğunu bəyan edib. Bayden hakimiyyəti hər nə qədər genişmiqyaslı müharibə istəmədiyini desə də, son illər ərzində İsrailə dəyəri yüz milyardlarla ölçülən silah və texnika verməklə əslində belə bir müharibə planına dəstək verdiyini ortaya qoyub. 

Çünki İsrail regionda ABŞ-ın əsas müttəfiqidir və İranın regionda güclənməsinə qarşı olan əsas oyunçudur. İran isə İsrail-HƏMAS müharibəsində maraqlı tərəflərdən biridir. HƏMAS, “Hizbullah”, Husilər kimi qüvvələrin əsas silah və maliyyə tədarükçüsü olan İran gec-tez Təl-Əvivlə üz-üzə qalacağını bildiyi, amma buna hazır olmadığı üçün proksi qüvvələrin köməyi ilə İsraili maksimum şəkildə zəiflətmək yolunu seçib. Amma bütün cəhdlərinə baxmayaraq İsrail İranı birbaşa münaqişəyə cəlb etməyi bacarıb və indi hər şey İsrailin müttəfiqlərinin və anti-İran koalisiyasının İrana hücuma razılıq verməsindən asılıdır”. 

Ekspert qeyd edir ki, regionun ərəb ölkələri baş verənlərdən narahat olsalar da, hələlik onlar ümumən gözləmə mövqeyindədir: 

“Misir, ərzisinə olan qaçqın axınından ilk gündən etibarən narahatdır. İkinci tərəfdən isə Misir gələcəkdə bu qüvvələrin öz ərazisindən İsraili hədəf alan həmlələr edə biləcəyindən çəkinir və İsrailin cavab zərbələri ilə üzləşmək istəmir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Amerikaya bağlılıqlarına görə İranla maraqları toqquşan ölkələrdir. Bu səbəbdən onlar da İranın proksi qüvvələrinin HƏMAS, “Hizbullah” və digərlərinin zəiflədilməsində maraqlıdır. 
Bütün bu sadalananlara regionda marağı olan Çini, qarşıdurmanın hər iki tərəfi ilə yaxşı münasibətləri olan Rusiyanı və digərlərini də əlavə edəndə vəziyyətin nə qədər mürəkkəb olduğu aydın şəkildə görünür”. 

Müsahibimizin fikrincə, görünən odur ki, Yaxın Şərqdə yeni dünya nizamının bünövrəsi qurulur və HƏMAS, “Hizbullah” kimi qruplaşmalar və onların arxasında dayanan İran bu yeni nizamı təhdid edir:

“Bütün bunlar isə müharibənin indiki sərhədlərini aşacağına dair ehtimalları artırır”.

Rüfət Sultan, Bizim.Media 

Chosen
59
50
bizim.media

10Sources