EN

Məktubuna 48 il sonra cavab gəldi

"Çox məyus oldum, çünki həqiqətən motosikletdə kaskadyor olmaq istəyirdim"
 
 İngiltərədə Tizi Hodsonun başına gələnlər film kimidir. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, İngiltərədə yaşayan 70 yaşlı Tizi Hodson  1976-cı ildə  iş üçün etdiyi müraciətə  48 il sonra cavab verilib. Tizi gənc yaşlarında motosiklet kaskadyoru olmaq istəyib və bununla bağlı yazdığı ərizəni konvertə qoyaraq poçt vasitəsilə göndərib. Linkolnşirdə yaşayan gənc qadının məktubu poçt tərəfindən qəbul edilsə də, poçt şöbəsində çəkməcənin arxasına düşərək 48 il müddətində orada ilişib qalıb. İnanılmazdır, lakin belə də olub. 48 il sonra bir poçt işçisi təsadüfən çəkməcənin arxasında nəsə olduğunu fərq edib. Bunun bir məktub olduğu bilinib. Göndərilən ünvana çatmayan orijinal məktub 48 il sonra Hodsonun özünə qaytarılıb. Beləliklə, Hodson məktubun aqibətini öyrənib. "Mən bu illər ərzində həmişə düşünürdüm ki, görəsən niyə məktubuma heç bir cavab verilmədi. İndi bunun səbəbini bilirəm", deyən T.Hodson söyləyib ki, həmin illərdə yaşadığı Londondakı mənzilində məktubu yazdığını açıq şəkildə xatırlayır: "Bu qədər müddətdən sonra onu geri almaq mənim üçün çox şey deməkdir". Bildirilir ki, məktubun yuxarı hissəsindəki əlyazma qeydində belə qeyd edilib: "Steyn poçt şöbəsi tərəfindən gec çatdırılıb. Çəkməcənin arxasında tapılıb. Yalnız təxminən 50 il gec". Cavab məktubunu böyük həvəslə və uzun müddət gözlədiyini qeyd edən Hodson, "Çox məyus oldum, çünki həqiqətən motosikletdə kaskadyor olmaq istəyirdim", deyib. Bu illər ərzində T.Hodson evini də, yaşadığı ölkələri də dəfələrlə dəyişib: "Məni necə tapdıqları sirrdir. Məktubu kim tapıb, mənim ünvanımı necə əldə ediblər, çox maraqlıdır. Amma bunun mənə faydası yoxdur. Artıq qocalmışam”.
Chosen
24
sherg.az

1Sources