EN

Avtomobil yoluna girən avtobuslar cərimə olunmalıdır? - AÇIQLAMA

Bakı küçələrinə çəkilən avtobus zolaqları, zolaqlardan çıxan avtobuslar, yaranan tıxaclar və təyinat nöqtəsinə gecikən sərnişinlər…

Günümüzün aktual məsələlərindən biri də avtobus üçün çəkilən zolaqlarda hərəkət etməyən marşurtlardır. Bu isə, əlbəttə ki, tıxaca, eyni zamanda da qəzaya yol açır. Belə olduğu halda isə Bakı sakinləri və avtomobil sürücüləri bundan narazı olur, hərçənd avtomobillər həmin zolağa girməyə çalışsa da…

Burada isə yeni sual yaranır. Avtobus zolağına daxil olan avtomobillər üçün cərimə tətbiq olunursa, avtobus zolağından çıxan sürücülər üçün niyə cərimə tətbiq olunmur?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən iqtisadi-ekspert Natiq Cəfərlinin sözlərinə görə, burada üstünlük prinsipi önə çəkilir.

“Bu, dünyanın hər yerində belədir. Üstünlük sərnişin nəqliyyatındadır. Yəni, sərnişin nəqliyyatı adi avtomobillərdən daha üstün vəziyyətdədir. Ona görə də həm öz yolu ilə, həm də adi yol ilə gedə bilər. Əlavə olaraq Bakıda avtobus yolları bütöv deyil”.

Ekspert deyir ki, Bakıda avtobus yolları çox məntiqsiz çəkilib. Avtobus yolları qırıq-qırıq xəttlərlə çəkilib. Bu isə tıxacların qarşısını almır, əksinə cərimələri artırır. Ona görə də, burada bütövlük prinsipi olmalıdır. Çünki avtobus yolu gedir, sonra kəsilir, 100 metrdən sonra yenidən başlayır, həmin 100 metr boyu yenə tıxac yaranır, avtobus gəlir həmin tıxacda ilişir. Bir sözlə avtobus zolaqları çox məntiqsiz sistem ilə çəkilib.

Digər müsahibimiz nəqliyyat üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, avtomobillərin avtobus zolağına daxil olması, avtobusların isə həmin zolaqdan kənara çıxması yolverilməz hadisədir.

“Bununla bağlı avtobus sürücüləri müəyyən əsas gətirməyə çalışarsa, bu absurd hesab olunmalıdır. Çünki avtobus zolaqları kifayət qədər genişdir. Avtobus zolaqlarına isə əlavə müdaxilələr və avtomobillər tərəfindən zəbt olunması çox müşahidə olunmur”.

Ekspertin fikrincə, avtobus zolaqlarında hərəkət etməyin mümkün olmadığını iddia edən şəxslər düzgün düşünmür. Məsələnin digər tərəfi isə odur ki, avtobus zolaqlarından avtobusun kənara çıxmasına əsas səbəb zolaqda hərəkət zamanı nəqliyyat vasitələrinin müəyyən dərəcədə sərbəst idarə olunmasıdır. Belə hərəkətlər isə qəza riskini artıra bilər. Əksər hallarda isə qəzadan yayınmaq çətin olur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, manevretmə, geridönmə və müxtəlif maneələrlə rastlaşdığı təqdirdə avtobuslar onlar üçün ayrılmış zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar:

"Bu kimi hallar olmadığı təqdirdə avtobuslar təşkil edilmiş zolaqla hərəkət etməlidirlər. Bununla bağlı daşıyıcılarla iş aparılır. Onlara sürücülərin sərnişindaşıma və yol hərəkəti qaydalarına riayət etmələri ilə bağlı maarifləndirici söhbətlərin aparılması tapşırığı verilir".

Chosen
162
operativmm.az

1Sources