EN

İsmayıllıda dörd kəndin şagirdləri 11 gündür məktəbə gedə bilmirlər - Valideynlər NARAHATDIRLAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsmayıllı rayonunun bir neçə kəndində yaşayan valideynlər övladlarının təhsil hüququnun pozulması ilə bağlı ciddi narahatlıq keçirirlər. Belə ki, rayonun II Yeniyol, Tircan (ferma), Zərgəran və Pirəbilqasım kəndlərində məktəbə aparan maşının olmaması səbəbindən 52 şagird artıq 11 gündür ki, dərslərdən yayınmağa məcburdur.
Bu barədə Oxu.Az-a sakinlər müraicət edib.
Qeyd olunub ki, artıq 11 gündür ki, 52 uşaq məktəbdən qalır, tədrisdən yayınır.
"Biz dörd kəndin - II Yeniyol, Tircan (ferma), Zərgəran, Pirəbilqasım kəndlərinin sakinləri sizə müraciət edirik. Bizim kəndlərdə məktəb olmadığına görə 52 uşağı qonşu kəndə aparmaq üçün bizə maşın vermişdilər. Sentyabr ayında uşaqları dörd sürücü Təzəkənd məktəbinə aparıb. Oktyabrın 1-dən məktəblilərin daşınması dayandırılıb. Əvvəl bizə deyidilər ki, oktyabr ayı ərzində düzələcək. Amma dünən valideynlər Regional idarəyə gediblər və deyiblər ki, yox, daha daşınma olmayacaq", - deyə müraciətdə bildirilib.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.
İdarənin İctimaiyyətlə əlaqəli məsul şəxsi Anar Osmanov Oxu.Az-a açıqlamasında bildirib ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlər üçün daha geniş imkanların təmin edilməsi məqsədilə optimallaşdırma (məktəblərin birləşdirilməsi) tədbirləri həyata keçirilir.
İsmayıllı rayonunun II Yeniyol, Tircan (ferma), Zərgəran, Pirəbilqasım kəndlərində say azlığı səbəbindən şagirdlər İsmayıllı rayonunun Təzəkənd kənd tam orta məktəbinə köçürülüblər.
52 məktəblinin ötən tədris ilində ayrılmış nəqliyyat vasitəsilə Təzəkənd kənd tam orta məktəbinə daşınması təmin edilib.
Bu proses yeni tədris ilində oktyabrın 1-dək davam edib və daşıyıcı şirkətlə müqaviləyə xitam verilib. Hazırda şagirdlərin daşınmasını həyata keçirmək üçün şirkətlərlə aparılan danışıqlar davam etdirilir. Prosesin yaxın günlərdə bərpa ediləcəyi nəzərdə tutulub", - deyə A.Osmanov vurğulayıb.
Əzizə İsmayılova
Chosen
119
50
oxu.az

10Sources