EN

Lionel Messi “Barselona”dan əməkhaqqı almağa davam edir

“Barselona”nın argentinalı keçmiş ulduz hücumçusu Lionel Messi Kataloniya klubundan ödənişlər almağa davam edir.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Mənbənin əlumatına görə, “Barselona” Messi ilə yanaşı, “blauqrana”nın ispan keçmiş futbolçuları – Jordi Alba və Serxio Buskuetsə də pul ödəyir.

Vurğulanır ki, “Barseona” rəhbərliyi cari mövsümün sonuna qədər futbolçulara olan bütün borclarını ödəyib qurtaracaq.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 35 oyun, 30 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 188 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Chosen
40
12
arena.az

10Sources