EN

Lamin Yamal zədələndi, təqsirkarı bunu bilərəkdən etdiyini bildirdi

Danimarka yığmasına qarşı ev oyunu (1:0) İspaniya yığmasının yeniyetmə cinah hücumçusu Lamin Yamal üçün xoşagəlməz başa çatıb.

Arena.az xatırladır ki, UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində keçirilmiş oyunda Yamal zədələnərək, meydanı tərk etməli olub.

Bu hadisə oyunun təzminat müddətində (90+3-cü dəqiqə) baş verib. Danimarkalı müdafiəçi Viktor Kristiansen Yamala qarşı sərt oyunu ilə diqqət çəkib. İspaniya yığmasının baş məşqçisi, ispan mütəxəssis Luis de la Fuente yeniyetmə futbolçunu Serxio Qomeslə əvəzləyib. Vurğulanır ki, Yamal stadionu axsaya-axsaya tərk edib.

İlkin müayinədən sonra Yamalın həddindən artıq fiziki yüklənməsi mənzərəsində danimarkalı müdafiəçi Viktor Kristiansenin sərt oyunu nəticəsində zədələndiyi məlum olub. Bu gün, oktyabrın 13-də Yamal İspaniya Kral Futbol Federasiyasının (RFEF) tibbi briqadası tərəfindən müfəssəl müayinədən keçiriləcək. Müayinə yeniyetmə futbolçunun zədəsinin şiddət dərəcəsini müəyyənləşdirəcək.

Elə bu əsnada Yamala zədə yetirmiş danimarkalı futbolçu Viktor Kristiansen yeniyetmə hücumçuya qarşı bilərəkdən sərt oynadığını etiraf edib:

“Azacıq zərər verə biləcək yaxşı oyun oynamaq imkanı varsa, biz bundan istifadə etməliyik”.

Vurğulanır ki, Kristiansenin davranışı “tamamilə qəsdli” idi, çünki danimarkalı müdafiəçi artıq “oyunun əvvəlində ispan yeniyetmə ulduz hücumçuya qarşı güc həmləsi tətbiq etməklə oynamışdı”.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 11 oyuna 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 62 oyun, 12 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Chosen
47
2
arena.az

2Sources