EN

O ölkədə oğrunu öldürmək cinayət sayılmayacaq

Yazını böyüt
Yazını kiçilt

Rusiya Dövlət Dumasına təqdim edilən yeni qanun layihəsi vətəndaşların evlərini qorumaq hüquqlarını genişləndirmək məqsədi daşıyır.

Hafta.az-ın “Noviye İzvestiya” portalına istinadən yazdığına görə, bu qanun layihəsində təklif edilir ki, oğru və ya təcavüzkarlar icazəsiz evə daxil olarsa, ev sahibinin ölümcül müdaxiləsi cinayət sayılmayacaq. Qanun qəbul olunarsa, evinə soxulmaq istəyən şəxsi öldürən vətəndaşlar artıq cinayətkar kimi mühakimə olunmayacaqlar.

Layihənin arxasında duran 13 deputat bu dəyişikliyin insanların özlərini və ailələrini qorumaq hüquqlarını gücləndirəcəyini iddia edirlər. Qanunvericilərin sözlərinə görə, bu gün bir çox hücumçu evlərə soxulur və insanlara hədə-qorxu gəlir və ya zərər verir. Mövcud qanunlar belə vəziyyətlərdə özünü müdafiə etsə belə, ev sahibinin günahkar çıxmasına səbəb olur.

Statistikaya görə, 2021-ci ildə Rusiyada evini qoruyarkən özünümüdafiə həddini aşdığına görə 428 nəfər məhkum edilib, yalnız bir nəfərə bəraət verilib. Deputatların sözlərinə görə, bu dəyişiklik “Mənim evim, mənim qalam” (Moy dom - moya krepost) prinsipini hüquqi cəhətdən tanımaq məqsədi daşıyır. Beləliklə, hücuma məruz qalanlar təcavüzkarlardan qorunarkən haqsız yerə ittiham edilməyəcəklər.

Ekspertlər bu qanun layihəsinin ictimaiyyət arasında böyük əks-səda doğuracağını bildirirlər. Bəzi hüquqşünaslar müdafiə hüququnun gücləndirilməsinin zəruri olduğunu iddia edərkən, digərləri belə bir qanundan sui-istifadə riskini qeyd edirlər.

Chosen
63
hafta.az

1Sources