EN

“Əlaqələr Cənubi Qafqazın inkişafında xüsusi önəmə malikdir“ - ŞƏRH EDİLDİ

“Azərbaycan-Gürcüstan əlaqələri hər zaman strateji xarakter daşıyıb, hər iki dövlətin müstəqillik əldə etdiyi ilk illərdə, Ulu Öndər Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevarnadzenin dövründə iki ölkə arasında əlaqələrin güclü təməli qoyulub. Məhz hər iki xalqın liderləri Gürcüstan və Azərbaycanın ilk enerji layihəsi olan Bakı-Tiflis-Ceyhan boru xəttinin əsasını qoyublar. Bu layihələr Cənubi Qafqazın inkişafına, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə və regionun enerji təhlükəsizliyi və rifahına öz töhfəsini verib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, Gürcüstanın ilk müstəqillik illərində, məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi sayəsində Gürcüstan enerji blokadasından çıxa bilmiş və enerjiyə olan tələbatını təmin edə bilmişdir: “Gürcüstan-Azərbaycan əlaqələri ümumilikdə Cənubi Qafqazın inkişafında xüsusi önəmə malikdir və bu gün Azərbaycandan Gürcüstan vasitəsi ilə keçən enerji və qaz boru xətləri və kəmərləri Cənubi Qafqazın həyati əhəmiyyətə malik arteriyaları sayıla bilər. Gürcüstan da ilk növbədə Azərbaycana hər zaman dost və qardaş münasibət göstərmiş, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı zaman ölkəmizə öz dəstəyini nümayiş etdimişdir.

Bu gün müxtəlif sahələrdə, elm, təhsil, mədəniyyət və humanitar sahədə Gürcüstanla-Azərbaycan arasında ələqələr uğurla inkişaf edir, dost xalqlar arasında geniş şəkildə mübadilə həyata keçirilir, ticari-iqtisadi baxımdan da Gürcüstan Azərbaycanın əsas və etibarlı tərəfdaşlarından biridir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsil və humanitar hüquqları hər zaman Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Bu gün uğurla inkişaf edən Gürcüstan-Azərbaycan əlaqələri tək iki ölkə deyil, ümumilikdə regionun, Şərqi Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rola malikdir. Buna misal olaraq Gürcüstanın da iştirakı ilə Avropa İttifaqının dəstəyi ilə Azərbaycanın yaşıl enerjinin Qara Dəniz vasitəsi ilə Şərqi Avropaya çatdırılması layihəsini qeyd etmək olar.

Müasir Gürcüstan-Azərbaycan əlaqələrində şübhəsiz ki, Azərbaycan hökuməti və “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası arasında formalaşan müsbət münasibətlərin böyük rolu vardır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev son illərdə bir neçə dəfə Gürcürstana uğurlu səfərlər etmiş, qarşılıqlı əlaqələrin inkişafı və regional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Bu xüsusda Gürcüstan hər zaman Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini nümayiş etdirmiş, təhlükəsiz və sabit Ümumqafqaz evinin formalaşmasına öz töhəsini vermişdir. Azərbaycan Prezidentinin Gürcüstana səfərləri hər zaman dövlətlərarası razılaşmaların əldə olunmasında öz rolunu oynamışdır.

Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində də biz uğurlu Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafının şahidi olmuşuq və əminəm ki, bu əlaqələr bundan sonra da regionun inkişafında öz çəkisini qoruyub saxlayacaq”.

Müəllif: Səbinə Hüseynli
Chosen
121
1
sia.az

2Sources