EN

Yaxın Şərqdə müharibə genişlənir - Azərbaycan gözənilən böhrana hazırdır?

Yaxın Şərqdə münaqişənin daha da genişlənməsi və onun böyük müharibəyə çevrilməsi enerji sektorunda qlobal böhrana səbəb olacaq.

Bunu İraqın xarici işlər naziri Fuad Hüseyn Bağdadda iranlı həmkarı Abbas Arakçı ilə keçirilən mətbuat konfransında deyib.

“İraq hakimiyyəti öz ölkəsinin ərazisindən qonşu dövlətlərə, o cümlədən İrana qarşı hücumlar üçün istifadə edilməsini qəbuledilməz hesab edir və həmçinin İraqı potensial regional münaqişədə hər hansı iştirakdan qorumaq üçün bütün səyləri göstərir”, - Hüseyn bildirib.

Maraqlıdır ki, müharibənin miqyası genişlənsə və enerji böhranı baş verərsə, bunun Azərbaycana təsiri necə olacaq? Azərbaycan beynəlxalq krizislərə hazırdırmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal enerji sektorunda böhranlı vəziyyət yarada bilər:

“Yaxın Şərqdə baş verən hadisələr müharibənin miqyasının daha da genişlənəcəyi ilə bağlı fikirlərin yürüdülməsinə zəmin yaradır. Təbii ki, müharibənin genişlənməsi və yeni ölkələrin bu savaşa cəlb olunması qlobal enerji sektorunda böhranlı vəziyyət yarada bilər. Yəni bu gün dünya enerji bazarında neft istehsalına görə xüsusi payı olan ölkələrdə müharibənin genişləndiyi təqdirdə dünya neft bazarında tələb təklifi üstələyə və qiymətlərin sürətlə atmasına yol aça bilər".

Azər Badamov vurğulayıb ki, iqtisadi siyasət hər bir riskli vəziyyətlərdən az itkilərlə çıxmağa hesablanıb:

"Azərbaycan neft-qaz istehsal edən ölkə olduğundan dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin artmasının iqtisadiyyata müsbət təsir göstərəcəyi kimi görünsə də, bu, qlobal bazarlarda ümumi bahalaşmaya yol aça bilər. O baxımdan qlobal bazarlarda krizisin yaranmasının həm neft, həm də qeyri-neft ölkələri üçün müsbət nəticələr verəcəyindən danışmaq olmaz. Amma bununla yanaşı, ölkəmizdə aparılan iqtisadi siyasət hər bir riskli vəziyyətdən az itkilərlə çıxmağa hesablanıb. Bu baxımdan deyə bilərik ki, iqtisadiyyatın qlobal bazarlarda baş verən proseslərə uyğunlaşdırılması üçün çevik qərarlar qəbul etmək təcrübəmiz var və ona görə də Yaxın Şərqdə baş verən proseslərə görə  ölkəmizdə hər hansı bir təhlükəli vəziyyətin yaranacağını hesab etmirəm".

 

İqtisadçı ekspert Eldəniz Əmirov isə söyləyib ki, Yaxın Şərqdə baş verən hadisələr, təbii olaraq, neft-qaz sektorunu təzyiq altında saxlayır:
 

“Bu isə qiymətlərin enməsinə mane olur. Eyni zamanda, bu, digər ölkələrdə də iqtisadi aktivliyi əngəlləyən faktor olaraq qiymətlədirilməlidir. Bu da neftə olan tələbatı azaltmağa xidmət edir. Artıq iki ildir ki, İsraillə HƏMAS arasında başlayan münaqişənin Yaxın Şərqdə genişlənməsi neft-qaz sektoruna hiss ediləcək səviyyədə təsirini göstərə bilməmişdi. Yəni qiymət kəskin şəkildə artmamış, yaxud da ümumi azalmamışdı. Bunun da başlıca səbəbi Yaxın Şərqdə baş verənlərin idaəredilən xaos olmasından qaynaqlanır. Düşünürəm ki, hrə şey müəyyən güclərin nəzarətindədir. Nəzarəti elə həyata keçirirlər ki, enerji böhranı yaşanmasın".

"İraq tərəfinin söylədiyi böhranla bağlı risklərə gəldikdə, bu, onların qiymətləndirmələri ola bilər. Yaxud da belə bir açıqlama qəsdən edilir ki, İrana qarşı gözlənilən hərbi müdaxilə olmasın. Yəni bu "bizə toxunmayın, nefitn qiyməti qalxa bilər" tipli qorxuducu çağırışlar da ola bilər. Amma mən düşünmürəm ki, baş verən hadisələr neft qiymətlərini kəskin şəkildə artırsın. Hətta bu baş verərsə belə, Azərbaycanda enerji böhranına səbəb ola bilməz. Azərbaycan enerji hasilatçısı və istehsalçısı olduğu üçün əslində daha çox əlverişli situasiya yaranardı".

Chosen
42
modern.az

1Sources