EN

"Ukrayna ortaya konkret "Qələbə planı" qoyub, bundan sonrası Qərbin öhdəsindədir" - Politoloq

Oktyabrın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkəsinin “Qələbə Planı”nı təqdim edib. Bura NATO-ya üzvlükdən tutmuş, Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi kimi müddəalar daxil olub. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, Zelenskinin “Qələbə planı” hələlik Ukraynanın parlamentində açıqlanıb. Onun sözlərinə görə, bu məsələ Kiyevi müdafiə edən, ona yardım göstərən müttəfiqləri ilə də ciddi müzakirə predmeti olmalı, razılaşdırılmalıdır:

 

“Bu konteksdə, Almaniyada bütün tərəfdaşlar arasında bir görüş planlaşdırılır. Paralel olaraq, Avropa Birliyinin növbəti sammitində Ukrayna-Rusiya sülh məsələsi müzakirə predmeti olacaq və burada da əsas mövzu Zelenskinin təqdim etdiyi sülh sənədidir. Konkret sülh ehtimalı əlbəttə, Kiyevin müttəfiqlərinin bu planı nə qədər qəbul edib-etməməsinə bağlıdır. Çünki “Qələbə planı”nda ciddi müddəalar var və əsas əhəmiyyətli hissələri bilavasitə Qərb dövlətlərinə aiddir. Ukraynanın tezliklə sülhü əldə edə bilməsi üçün bu ölkənin hərbi cəhətdən ciddi şəkildə güclənməsinə ehtiyac var. Bu da Kiyevə veriləcək, onun istədiyi silahların sürətli təchizatından asılıdır. Əgər bu olacaqsa, eyni zamanda Ukraynaya verilən silahlar vasitəsilə Rusiyanın dərinliklərindəki hərbi strateji obyektlərin vurulmasına razılıq veriləcəksə, düşünürəm ki, bu artıq rəsmi Moskvanı müəyyən mənada Kiyevin istədiyi şərtlərlə atəşkəsə, sülh danışıqlarına razı sala bilər. Çünki Rusiyaya ciddi, onu tükəndirəcək zərbələr vurulmasa, Ukraynanın şərtləri altında onlar heç bir danışıqlar masasına oturmayacaqlar”.

 

Politoloqun sözlərinə görə, Qərb birdəfəlik anlamalıdır ki, oyunu uzatmaq məsələsi dolayısıyla Ukraynanı gücdən salır:

 

“Bu gün Ukraynada müharibəyə əsgər cəlb etmək ən böyük problemlərdən biridir. Artıq Ukraynanı vadar edirlər ki, savaşa cəlb ediləcək insanların yaşını 18-ə endirsinlər. Ancaq Zelenski gənc nəslin məhv olmasını istəmir. Qərb isə insan çatışmazlığına görə Ukraynanı buna vadar edir. Bu baxımdan, konkret strateji qərarların verilməsinin zamanı çatıb.  Söhbət sülhdən gedirsə, ilk növbədə ciddi qarşıdurma və güc nümayişi olmadan, Rusiyaya ağır zərbələr vurulmadan bunu təmin etmək mümkün olmayacaq. İndiki vəziyyətdə irəliləyən Ukrayna deyil, Rusiyadır. Qərb isə riyakardır, öz maraqlarını hər şeydən üstün tutur. Bu günə qədər Ukraynanın dağılma səbəbkarı da məhz onlardır. Zamanında, ardıcıl olaraq silahlar Ukraynaya verilsə idi, müharibə bu səviyyədə dağıntılara, ölümlərə gətirib çıxarmazdı. İndi qərar zamanıdır və bunun üçün Ukrayna konkret sülh planı ortaya qoyur”.

 

Günay Rəsulqızı 
 

Chosen
62
32
sfera.az

10Sources