EN

“İmkanımız yox idi, atam çətinliklə də olsa həmin pulu tapdı… Adına teatr açacam..” – MÜSAHİBƏ + FOTOLAR

Xalq artisti Ramiz Novruzun stilist-vizajist qızı Şəfəq Novruzun Medianews.az-a müsahibəsi:

Şəfəq xanım, atanız Ramiz Novruz uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Onun vəfatından sonra bu mədəniyyət ocağına getmisinizmi?

– Əlbəttə getmişəm. Çünki qardaşım Cavidan Novruz atamın adını yaşadır. Əslində ona təsəlli olmaq üçün getmişəm. “Yaşlı xanımın gəlişi” tamaşasına baxmışam. “Xanuma” tamaşasını da izləmişəm. Onun ən çox sevdiyi tamaşa idi bu. Akademik Milli Dram Teatrının yanından keçəndə qəhər məni boğur. Fikirləşirəm ki, gör atamın bu yollarda nə qədər addımları, ayaq izləri var.

– Çox heyf ki, Ramiz Novruz canından çox sevdiyi səhnə ilə, tamaşaçılar ilə vaxtından əvvəl sağollaşdı…

– Atam həmişə şux, pozitiv, cavan oğlan kimi hərəkətlər edən, sağlam biri idi. Kiminsə gec, kiminsə tez dünyasını dəyişməsi həyatın qanunudur. Amma ilk atamın dünyasını dəyişəcəyinə inanmazdım. O, öz fədakarlığını burada da bildirdi. Ailədə kimsə dünyasını dəyişməli idisə, ilk özü oldu.

 

– Hansı arzuları yarımçıq qaldı?

– Atamı deyə bilmərəm, amma mən həyət evi tikdirəcəkdim. İstəyirdim ki, ailəmin hamısını bir evdə yaşadım, o cümlədən də atamı. Nə qədər ki, ömürləri var yanımda olsunlar. Birlikdə günlərimiz, xatirələrimiz çox olsun deyə.. Qismət olmadı..

– Atanız sənət seçimində sizə etiraz və ya təsir etmişdimi?

– Sənət seçimində bizə köməklik etməyib. Sənətə sahib olmağıma ilk ödənişi atam edib. O vaxt imkanımız çox zəif idi. Çətinliklə də olsa pul tapıb məni bu sənətə yönləndirdi.

– Sənət yoldaşları atanıza qarşı sona qədər vəfalı ola bildilərmi?

– Bəziləri çox vəfalıdır, bəziləri isə yox. Məncə atamı hamı çox sevir. Mən deməzdim ki, onun düşməni var. Hətta onunla küsülü olanlar da onun ölümünə heyfisləndilər.

– Təsəlliniz nədir?

– Bir tək onunla təsəlli tapıram ki, atamın sağlığında da ona dəyər vermişəm. İnsanın sevdiyi ailənin içində, gözünün önündə olanda onun dəyərini hiss etmir. Amma mənim üçün atam həmişə əlçatmaz Ramiz Novruz olub. O mənə nə isə deyəndə həmişə diqqətlə qulaq asmışam. Ona heyranlıqla baxırdım ki, bu kişi mənim atamdır. Ona təkcə ata gözü ilə baxmırdım. Onu geri qaytarmaq üçün əlimdən gələni etməyə, hər şeyimi qurban verməyə hazıram. Kaş ki, bir dəfə belə bir imkan düşərdi. Onsuz heç nəyin dadı-duzu yoxdur. Hər dəfə də düşünürük ki, atamız olsaydı tamam başqa cür olardı. Bircə atamız çatmır ki, ailəmiz tam olsun.

– Atanızın adını yaşatmaq üçün bundan sonra nə edəcəksiniz?

– Əslində çox istərdim ki, atamın adına teatr açım. O, sənətini dəhşətli dərəcədə sevən bir insan idi. Bu adam sənətlə yaşayırdı. Xəstə-xəstə, ayaqüstə güclə dayana-dayana səhnəyə çıxırdı, bununla mənən qidalanır, nəfəs alırdı. Allah mənə elə bir imkan yaratsın ki, bu işi həyata keçirə bilim.

Əli ƏSGƏR

Chosen
22
14
medianews.az

10Sources