Ərşad Hüseynov: “Bakı və Bakıətrafı ərazilər ictimai nəqliyyatla bağlı ciddi problem yaşayır”
Bakıda ictimai nəqliyyata əlçatanlıq təxminən 80 faizdir. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov bir neçə gün öncə keçirilən ictimai dinləmədə deyib.
Qeyd edilib ki, paytaxtda əhalinin 20 faizinin ictimai nəqliyyata əlçatanlığı yoxdur: “Hazırda Bakıda yeni avtobus şəbəkəsi hazırlayırıq. Bu şəbəkə ilə ictimai nəqliyyata əlçatanlığın 93 faizinin üstünə çıxarılması planlaşdırır”.
Maraqlıdır, ictimai nəqliyyata əlçatanlıq tam şəkildə necə həll olunmalıdır?
“İctimai nəqliyyata əlçatanlığın 100 faiz olması üçün bu sahədə müəyyən işlər görülməlidir, ilk olaraq metrostansiyaların sayı artırılmalıdır”
Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Bakı və Bakıətrafı ərazilər ictimai nəqliyyatla bağlı ciddi problem yaşayır: “Bakıətrafı ərazilər dedikdə Xırdalan şəhəri, paytaxtdan kənarda olan bütün kənd və qəsəbələr, Ələtdən Pirallahıya qədər, eyni zamanda, Bibiheybət və Sumqayıta kimi ərazilər ictimai nəqliyyat sarıdan çətinlik yaşayır. Problemin qabarıq olmasına səbəb ictimai nəqliyyata əlçətanlığın aşağı səviyyədə olmasıdır. Bakıda ictimai nəqliyyata əlçətanlığının aşağı səviyyədə olması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi çox geniş təhlillər aparır, əllərində ciddi məlumat bazaları var. Ancaq həmin təhlillər belə şərtidir. Bakıda ictimai nəqliyyata əlçatanlığın təxminən 80 faiz olması o deməkdir ki, 80 faiz əhalinin yaşadığı yerlərdən marşrut keçir. Ancaq əlçatanlıq həmin ərazidən avtobusun keçməsi demək deyil. O ərazidə yaşayan insanlar daşıyıcılara rahat minirsə, avtobusun gəlməsini uzun müddət gözləmirsə bu əlçatımlıq sayıla bilər. Danılmaz faktdır ki, sərnişin sıxlığı çox olduğu üçün bəzi insanlar avtobusa minə bilmir. Bu bir faktdır. Eyni hal metroda da müşahidə olunur. Sərnişinlər “Koroğlu”, “Elmlər Akademiyası”, “28 May” stansiyasında qatara minməkdə çətinlik çəkir. Bəziləri 3-4 qatarı yola salandan sonra, çətinliklə də olsa, qatara minir. Bu kimi problemləri nəzərə alsaq, ictimai nəqliyyatın əlçatanlığı 80 faizdən də aşağı olar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün komfortlu, dəqiq qrafiklə işləyən avtobuslar az saydadır. Bu kimi problemlərin olması ictimai nəqliyyata marağı azaldır, fərdi avtomobillərin sayını artırır.
Ekspert hesab edir ki, ictimai nəqliyyata əlçatanlığın 100 faiz olması üçün bu sahədə müəyyən işlər görülməlidir: “İlk olaraq, metrostansiyaların sayı artırılmalıdır. Metrodan yaxşı ictimai nəqliyyat növü yoxdur. Bu fakt bütün dünyada təsdiq olunub. Ona görə də ölkəmizdə yeraltı nəqliyyat sahəsinə investisiya yatırılmalıdır ki, metrostansiyaların sayı artsın. Bununla yanaşı, marşrutların da sayı artmalıdır, keyfiyyətli xidmət göstərilməlidir. Daşıyıcılarla bağlı şəbəkə inkişaf etdirilməlidir. Elə bir sistem olmalıdır ki, adam bilməlidir evinin yaxınlığından marşrut keçir və o istədiyi vaxt rahat şəkildə həmin avtobusa minə bilir. Ümumiyyətlə, marşrut şəbəkələrinin sayı artmalıdır. Bakının bütün ərazilərində marşrut problemi olmamalıdır. Belə olarsa ictimai nəqliyyatda əlçatanlıq 100 faiz olar”.
Günel CƏLİLOVA