EN

İvanişvili: Səhv etməmək üçün çox diqqətli olmalıyıq

Hakim partiyanın yaradıcısı seçkiöncəsi inamlı açıqlamalar verdi

Qonşu Gürcüstanda parlament seçkilərinə 3 gün qalır. Yaxın onilliklər üçün ölkənin siyasi inkişafının gələcək vektorunu müəyyən edəcək parlament seçkilərində əsas məsələlərdən biri qalib partiyanın xarici siyasətdə seçəcəyi istiqamətdir. Buna görə də ölkənin siyasi atmosferində xeyli gərginlik müşahidə olunur. Eyni zamanda, qarşıdakı seçkilərin nəticələrinin Cənubi Qafqaz regionuna da təsirsiz ötüşməyəcəyini nəzərə alsaq, o zaman 26 oktyabr seçkilərinin tarixi əhəmiyyət daşıdığını deyə bilərik.

Praqmatik siyasət yürüdən hakim “Gürcü Arzusu ˗ Demokratik Gürcüstan” Partiyası bildirir ki, seçkilərdən sonra da Avropaya inteqrasiya prosesi davam etdiriləcək. Eyni zamanda, iqtidar partiyası Rusiya ilə normal münasibətlərin saxlanılmasında, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu da açıqlayır.

Ancaq Qərb rəsmi Tbilisinin siyasi priotetlərini diqqətə almayaraq, reallıqdan uzaq bəyanatlar səsləndirir. Bununla kifayətlətməyən Qərb seçkilərin nəticələrindən razı qalmayacağı təqdirdə gürcü iqtidarını sanksiyalarla hədələyir. Məsələn, Gürcüstanda parlament seçkilərinə bir neçə gün qalmış Avropa İttifaqı (Aİ) bu ölkənin təşkilat sıralarına qəbulu prosesinin faktiki olaraq bloklandığını bəyan etdi. Aİ˗ nin Brüssel Sammitinin yekun bəyanatında “Gürcüstan hökumətinin Avropa İttifaqının əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan kursundan ciddi narahatlıq” ifadə edilir ki, bu da Tbilisinin “Avropa yoluna xələl gətirən” xarici siyasət kursudur.

Ancaq rəsmi Tbilisi Qərbin ittihamları ilə razılaşmır. Qərbin maraqlarının arxasında gürcü xalqının maraqlarına uyğun olmayan niyyətlərin gizləndiyini bildirir. Seçkilər ərəfəsində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının yaradıcısı Bidzina İvanişvili “İmedi” telekanalına müsahibəsində deyib ki, xarici qüvvələr çoxdan Gürcüstanı müharibəyə hazırlayır və sabiq baş nazir Georgi Qaxariya da bu planın bir hissəsi idi: “Baş nazir 2021-ci ildə niyə belə tez istefa verdi? Əlbəttə ki, əlaqə var idi. Onlar məhz bu hadisələri gözləyirdilər ki, Gürcüstan müharibəyə daxil olmağa hazırlaşsın. O, bilirdi ki, “Gürcü Arzusu – Demokratik Gürcüstan” döyüşməyəcək, o, bunu bilirdi və birtəhər bu partiyanın qarşısını almaq istəyirdi”. Onun sözlərinə görə, sabiq baş nazirin istefasının rəsmi versiyası “nağıldır”.

Georgi Qaxariyanın və onun silahdaşlarının mühakimə olunacaqlarını bildirən Bidzina İvanişvili vurğulayıb ki, onlar Gürcüstanın müharibəyə qoşulmasını istəyirdilər: “Məhkəmə səviyyəsində bütün sənədlərimiz var. Təbii ki, onları ciddi şəkildə cəzalandırmaq lazım gələcək. Onlara daha çox qəzəblənirəm. Onların əksəriyyəti “Gürcü Arzusu – Demokratik Gürcüstan”ın üzvü olub və bizim mandatla parlamentə seçilib. Bu gün onlar “Milli hərəkat” tezislərini bir-birinin ardınca təkrarlayanda, bəzən isə daha irəliyə gedəndə, təbii ki, sərt cəzaya layiqdirlər və inanın ki, cəzalarını da alacaqlar”.

İvanişvili Qərbin Gürcüstanı müharibəyə sürükləmək cəhdindən də danışıb: “Sabiq baş nazir İrakli Qaribaşvilinin söhbəti yadımdadır... Qərbin yüksək vəzifəli məmuru onunla belə söhbət edəndə İrakli soruşub: “Amma biz neçə gün döyüşə bilərik, neçə günə tab gətirə bilərik?”. Ona deyiblər: “Yəqin ki, 3-4 gün”. O deyib: “Bu 3-4 günün xatirinə bizi məhv edirsiniz?”. Ona belə cavab veriblər: “Sizin 3-4 milyon əhaliniz var. 3-4 günə hamını öldürməzlər. Sonra meşədə partizan hərəkatına başlaya bilərsiniz. Biz sizə kömək edəcəyik, oradan döyüşəcəksiniz”. Bu reallıqdır”.

Bundan başqa, gürcü işadamı müsahibəsində Gürcüstan və Ukraynanın NATO-ya qəbul edilməməsinin səbəbini də açıqlayıb: “2008-ci ildə NATO-nun sammitində Ukrayna və Gürcüstan alyansa qəbul edilmədi və buna görə müxtəlif ölkələr günahlandırıldı. Amma reallıq tam başqadır, bir-iki ölkə onları blokladığına görə deyil, faktiki olaraq NATO-ya üzv olanlar qəbul etmədilər. NATO koordinatorlarının Ukrayna və Gürcüstanı qəbul etmək istəyi yox idi”. Onun sözlərinə görə, bu kontekstdə Qərb siyasətçilərinin Rusiya – Ukrayna müharibəsi ilə bağlı bəyanatları diqqətə layiqdir – “canlı qüvvə ancaq ukraynalılardan ibarət olmalıdır”.

İvanişvili əlavə edib ki, “Ukraynada müharibənin başa çatması ilə hər şey sakitləşəcək” və o zaman Gürcüstanın Qərb tərəfdaşları ilə münasibətlərinin yenidən bərpa olunacağını gözləmək olar. “Səhv etməmək üçün çox diqqətli olmalıyıq, əks halda heç vaxt düzəldə bilməyəcəyimiz problemlərlə üzləşəcəyik. Yaxın gələcək, aylar çox gərgin olacaq, bu gün geosiyasət çox mürəkkəbdir, bu, bütün regionun ağır reallığıdır, biz bunu nəzərə almalıyıq”, – deyə o vurğulayıb.

Beləliklə, Bedzina İvanişvilinin müsahibəsi bir daha təsdiqləyir ki, Gürcüstan dövlətçiliyi hibrid hücumla üz-üzədir. Qərbin məqsədi “Gürcü Arzusu ˗ Demokratik Gürcüstan” Partiyasını hakimiyyətdən seçki yolu ilə uzaqlaşdırmaq istəyir, əks halda, “rəngli inqilab” prosesinin işə salınacağı gözlənilir. “Rəngli inqilab” daxili gərginlik, ictimai-siyasi anarxiya və çaşqınlıq deməkdir və özündə region üçün təhlükə və yeni risklər daşıyır. Bu mənada, gürcü xalqının bu mənfi ssenarinin həyata keçirilməsinə imkan verməyəcəyinə inam böyükdür.

S.ELAY
XQ

Chosen
26
8
xalqqazeti.az

10Sources