EN

Rafinya Neymarla müqayisə edilməsinə qarşıdır: “Xoşum gəlmir”

“Barselona” braziliyalı sağ cinah hücumçusu Rafinya digər futbolçularla müqayisələrə dair sualı cavablayıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, o, “baluqrana” üçün önəmli olan digər braziliyalı futbolçularla, xüsusən də “Barselona”nın keçmiş futolçusu, ulduz hücumçu Neymarla müqayisə edilməsinə qarşı oduğunu bildirib:

“Özümü başqa oyunçularla müqayisə etməyi xoşlamıram. Onların hər biri öz hekayəsini yazıb, mən də öz hekayəmi yazmaq istəyirəm. Neymar karyeramda mənə çox kömək edib. Bundan əlavə, onun “Barsa”dakı oyunlarına baxmışam. Mən məqsədimə çatmaq niyyətindəyəm. Mən yalnız zəhmətlə adımı klubun tarixinə yazmağa yaxınlaşa bilərəm”, deyə hücumçu vurğulayıb.

Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində heyətinə qatıb. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 12 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 99 oyun, 26 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Rafinya “Barselona” ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.

Rafinya 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 29 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı sağ cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Chosen
28
arena.az

1Sources