EN

Ankara terroru: Qardaş ölkəni qeyri-sabitliyə sürükləmək istəyənlər KİMLƏRDİR...

Ötən gün qardaş Türkiyənin paytaxtı Ankara şəhərində terror aktı törədilib. Terror aktı nəticəsində 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.

 

Hadisə TUSAŞ müdafiə şirkətinə məxsus obyektdə baş verib. Şirkət Türkiyədə müxtəlif pilotsuz uçuş aparatları (PUA), hərbi təyyarə və helikopterlərin istehsalı ilə məşğuldur. Terror aktının, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Kazana səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşündən qısa müddət əvvəl törədilməsi diqqət çəkib.

 

Terror aktının, həmçinin Türkiyədə son günlər müzakirə edilən MHP liderinin çıxışından sonra baş verməsi diqqətləri bu istiqamətə yönəldib. Belə ki, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdə sensasiya xarakterli çıxış edib. Baxçalı MHP-nin qrup toplantısında PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalandan danışıb.

 

Öcalanı nəzərdə tutan MHP lideri “onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” söyləyib. D.Baxçalı onu da deyib ki, Abdulla Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, PKK-nın ləğv edildiyini hayqırsın.

 

Bir çoxları Baxçalının bu çıxışını "ikinci kürd açılımı" kimi şərh edib. Terror aktının PKK tərəfindən törədildiyi bildirilir.

 

Türkiyəli hərbi ekspert Abdullah Ağar Modern.az-a açıqlamasında hadisənin arxasında ola biləcək səbəblər barədə danışıb. O bildirib ki, Türkiyənin müdafiə sənayesindəki mövqeyi, tam müstəqillik istiqamətində ehtiyac duyduğu qırıcıları, hava hücumlarından müdafiə sistemlərini, pilotsuz uçuş aparatlarını TUSAŞ-da istehsal etdirməsi onun rəqibləri arasında böyük narahatlıq yaradır.

 

"Yaxın Şərqdə böyük gərginlik və qeyri-sabitlik var. Bu qeyri-sabitliyə hansısa formada Türkiyəni daxil etmək istədiklərinin müşahidə edirik. Türkiyə bu halda belə həm birbaşa, həm də bilavasitə hadisələrin təsirini görür. Bu gərginliyin doğurduğu iftiralar, ittihamlar, etibarsızlaşdırmalar var. Hadisənin bununla əlaqəli olacağı ehtimalı gözardı edilə bilməz. Terrorçuların lideri Abdullah Öcalanın Kandillə əlaqəsinin təmin edildiyi və ya PKK/YPG-nin Suriya qanadı ilə əlaqə saxlatdırıldığı ilə bağlı iddiaları gördük. Bununla yanaşı cənab Baxçalının bəzi jest və açıqlamaları var. Keçmişdə oxşar təşəbbüslərə baxaraq, bəzilərinin bu prosesdən narahat olma ehtimalı son dərəcə yüksəkdir. Terror təşkilatı daxilində və xaricində düzən quranlar, terrordan bəslənənlər, Türkiyə üzərində  təsir yaradanlar, belə bir aktı təşkil etmiş ola bilər".

Abdullah Ağar söyləyib ki, məsələnin BRİCS-lə bağlantısı ehtimalı da yüksəkdir:

 

"Kazanda BRİCS toplantısı keçirilir. Türkiyə Prezidenti Kazanda ikən Ankaranın Kahramankazan ərazisində eyni gündə terror aktı törədilir. Bu utopik səslənə bilər, lakin mənim diqqətimi çox çəkir. Çünki ilk dəfə NATO üzvü olan ölkə Rusiya və Çinin rəhbər olduğu geopolitik təşkilata qatılmağa dair qərar verir. Hazırda xarici mediada ən çox müzakirələr, Türkiyəyə qarşı ittihamlarda təməl başlıq budur. Qərb mediası belə böyük narahatlıqlarını dilə gətirirsə, Qərb təhlükəsizlik mexanizmləri hər halda daha çox narahatdır. Bu nöqteyi-nəzərdən məsələyə baxıldıqda keçmişdə üz-üzə qaldığımız bir sıra terror aktlarının bağlantılarına nəzər yetirdikdə insanın ağlına bu ehtimal gəlir. Məncə, ən çox ağla gəlməli olan məsələlərin başında bu dayanır. Hazırda geopolitik tribulans var. Belə bir vaxtda Türkiyənin qərarlarını manipulyasiya etmək üçün belə bir terror aktı ilə üz-üzə qalmaq bir ehtimal kimi göz önündə saxlanılmalıdır. Bunu olduqca əhəmiyyətli hesab edirəm. Türkiyənin son zamanlar müttəfiqlərinə güvəninin zədələndiyini bilən üçüncü tərəf əlaqələri daha da  həssaslaşdırmaq istəyə bilərmi? Bu da mümkündür. Bir sammit var, Türkiyə ilə Rusiya prezidentləri çox mühüm məsələləri müzakirə edəcəklər və bir anda Ankarada terror aktı baş verir. Gündəlikdə olan mühüm məsələlər müzakirə ediləcəyinə artıq hamı terrordan danışır. Putin də, Ərdoğan da danışılan mövzulardan yox, çıxışlarında terrordan danışmağa məcbur qalırlar".

Chosen
17
6
modern.az

8Sources