EN

Ermənistan təxribatlarla heç nəyə nail ola bilməyəcəyini anladı! - Deputat

“Kazan şəhərində “BRICS+” formatının iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü keçirildi. Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutan bu görüş ikitərəfli əlaqələrin normallaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək istərdim ki, bütün hallarda görüşlərin keçirilməsi ümumi prosesə töhfə verir”.

Bu fikirlətri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.


O bildirib ki, BRICS sammitində Nikol Paşinyanın özünü aparmasından da gördük ki, Ermənistanın yanaşmalarında müəyyən dəyişiklik var.

“Sanki İrəvan hökuməti sülhə nail olmaq üçün müəyyən addımlar atmaq niyyətindədir. Əslində Paşinyan çox çalışdı ki, bu və ya digər formada Azərbaycanın mövqeyinə təsir göstərsin. Havadarlarının təzyiqlərinə güvənərək, Bakının mövqeyinin dəyişəcəyinə ümid bəslədi. Amma Azərbaycanın qətiyyət nümayiş etdirməsi nəticəsində İrəvan hökuməti anladı ki, Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Bakı öz mövqeyini dəyişməyəcək və sonadək mübarizəsini aparacaq. Belə olan halda Ermənistan öz mövqeyini, ritorikasını, üslubunu dəyişməlidir. Sülh prosesi üçün real addımlar atmalıdır. Bunu anlamaq üçün Azərbaycanın atdığı addımlar ciddi rol oynadı. Azərbaycanın qətiyyəti Ermənistana başa saldı ki, münaqişənin həlli üçün İrəvan öz yanaşmasını mütləq redaktə etməlidir”.

C.Məmmədovun sözlərinə görə, liderlər arasındakı görüşün formatı, qaldırılan məsələlər və aparılan danışıqlar ümumi prosesə öz töhfəsini verəcək:

"Əsas məsələ odur ki, Ermənistan tərəfi təxribatçı cəhdlərlə heç nəyə nail ola bilməyəcəyini anladı. Bunu gələcəyə hesablanmış addımlar kimi dəyərləndirirəm. Azərbaycan öz prinsipiallığını, qətiyyətini qoruyacaq və növbəti günlərdə müəyyən irəliləyişə nail olacağıq. Azərbaycan sülh məsələsində heç bir güzəştə getmək niyyətində deyil. Biz bütün hədəflərimizə nail olmaqdayıq. İrəvan da dərk edir ki, çıxış yolu yoxdur və konstruktiv addımlar atmalıdır".

Chosen
10
modern.az

1Sources