EN

PSJ-ni Kilian Mbappeyə olan borcunu bağlamağa mükəlləf etdilər

Fransa Peşəkar Futbol Liqasının (LFP) Apellyasiya Komitəsi PSJ-ni, keçmiş futbolçusu Kilian Mbappeyə olan borcunu ödəməyə mükəlləf edib.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Fransa nəhənginin Kilian Mbappeyə 55 milyon avro məbləğində olan borcunun ödənilməsi ilə bağlı müvafiq qərar bu gün, oktyabr ayının 25-də çıxarılıb.

Xatırladaq ki, daha əvvəl Fransa Peşəkar Futbol Liqası PSJ-ni Mbappeyə müvafiq məbləği ödəməyə mükəlləf etmişdi. Amma Paris klubu bu qərardan imtina etmiş və apellyasiya şikayəti vermişdi. Göründüyü kimi, Mbappe tərəfi Fransa nəhəngi ilə məhkəmə çəkişməsindən qalib ayrılıb.

PSJ-nin Mbappeyə borclu olduğu məbləğə ödənilməmiş maaşlarla yanaşı, əlavə üstəliklər də daxildir.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Chosen
11
1
arena.az

2Sources