Doktorantura ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı formasıdır və elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarı ilə tənzimlənir. Doktoranturaya qəbul olmaq istəyən namizədlər xarici dildən (ingilis, alman və fransız dillərindən biri üzrə), fəlsəfədən və ixtisas fənnindən qəbul imtahanları verirlər.
Doktorantura və dissertanturaya qəbul zamanı yalnız xarici dil üzrə qəbul imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Digər imtahanlar ali təhsil müəssisələrində təşkil olunur.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar elmi kadr hazırlığını dissertantura yolu ilə də reallaşdırır. Doktoranturada və dissertantlıq yolu ilə təhsilini müvəffəqiyyətlə bitirən və elmi dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi – diplom verilir. Doktorantura əslində elə keçmiş aspiranturadır” – deyə təhsil eksperti Nadir İsrafilov Modern.az-a açıqlamasında bildirib.
O bildirib ki, doktorant təhsil müddətində təhsil alan şəxslər peşə biliklərinə dərindən yiyələnməli, müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli, elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli, fərdi iş planını tam yerinə yetirməli, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tatixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq imtahan verməli, elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli, elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli, elmi tədqiqat işini bitirməlidir.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər. Doktorant təhsil müddəti ərzində dissertasiya işini başa çatdırmalı, aprobasiyasını keçirməli və müəyyən olunmuş qaydada onu müdafiəyə təqdim etməlidir:
“Belə bir sistemin yaradılması 2009-cu ildə Boloniya prosesinə qoşulmağımızla bilavasitə əlaqədərdır. Sadəcə olaraq, aspirantura doktoranturaya, “elmlər namizədi” “fəlsəfə doktoru”na çevrilib. Sual olunur, ali təhsili iki pilləli bakalavriat və maqistraturaya, elmlər namizədini fəlsəfə doktoruna çevirməklə nəyə nail olduq? Və ya baytarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi nə dərəcədə elmi səslənir? Baytarlıqdan elmi dərəcə qazananlardan baytarlığın fəlsəfəsini bilənlər varmı?”
Ekspert vurğulayıb ki, elmlə təhsil sahəsinin adamları məşğul olmalıdırlar, ayrı-ayrı vəzifə səlahiyyətliləri yox:
“Bu gün Milli Məclis üzvlərinin, İcra başçılarının, Nazirlik, Komitə və digər dövlət qurumları səlahiyyətlilərinin az qala yarıdan çoxu alimlik dərəcəsinə sahibləniblər. Bir vaxtlar ənənəvi “elmlər namizədi”ni “Fəlsəfə doktoru”na çevirməklə beynəlxalq məkana inteqrasiya görüntüsü yaratdıq. Nə var, nə var, dünya təcrübəsində belə bir şey var. Baytarlıqla məşğul olmalı adamı “Baytarlıq üzrə fəlsəfə doktoru” edib, ona alimlik dərəcəsi verdik. İş o yerə çatıb ki, bu günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev də elmi dərəcələrlə bağlı fikirlər səsləndirib: “Dünyada phd (fəlsəfə doktoru) elmi dərəcəsi olan adamların hamısı əsl alim deyil. Biz belə elmi dərəcəsi olanlara "siz alim deyilsiniz" deməkdən qorxmalı deyilik. Alimin elmi tədqiqatı olmalıdır." Problemlərin həlli barədə düşünməyin vaxtıdır”.
Nadir İsrafilov onu da vurğulayıb ki, hər il dövlət büdcəsindən elmə ayrılan müəyyən vəsaitlər müqabilində bizdə müdafiəyə buraxılan elmi işlərin demək olar ki, əsasən yerli, lokal əhəmiyyət kəsb edən mövzulardan savayı Azərbaycan alimlərinin son 20-30 ildə çoxlarının yadında qala biləcək bir elmi tapıntısı, kəşfi, iqtisadiyyata bəhrə verəcək bir yeniliyi olmayıb: “Bu gün dünya iqtisadiyyatı elmi biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadi tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə, qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur”.