EN

Azərbaycan iqlim üzrə əməkdaşlığa töhfələr verir

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdə oldu. Oktyabrın 24-də XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış edən cənab İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunu şərtləndirən amillərə diqqəti yönəltdi. Bir daha vurğulandı ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Bu reallıq daim önə çəkilir ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə qurum dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur.
Onu da qeyd edək ki, ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu.
Göründüyü kimi, Azərbaycan qlobal problemlərin həllinə töhfələri ilə diqqətdədir. Həmçinin Azərbaycan belə məsələlərdə beynəlxalq həmrəyliyin gücləndirilməsini prioritet məsələ kimi qeyd edir. Hazırda Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin həlli ilə bağlı çağırışları da diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi mühüm məqamları özündə ehtiva edir. Həmin sənəddə də qeyd edildiyi kimi, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Beynəlxalq ictimaiyyət Azərbaycanın iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınması sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirir. Məhz dünyada ən mötəbər tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçı ölkələrin qərarı ilə gələn ay Azərbaycanda keçiriləcək. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görür. Azərbaycan COP29-u yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçirəcək. Belə bir əminliyə əsas verən təbii ki, ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilidir. Dövlətimizin siyasi iradəsi, xalqımızın qonaqpərvərliyi, paytaxtımızın infrastrukturu və sair amillər COP29-un da mühüm Azərbaycan modeli ilə yadda qalacağına əminliyi artırır. Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında söylədiyi “Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik” fikirlər tədbirə ölkəmizin ev sahibliyini şərtləndirən amilləri, COP29-un Azərbaycana nə vəd etdiyini açıqlayır. COP29 yeni körpülərin qurulmasında əhəmiyyətli rol oynayacaq.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Chosen
12
sesqazeti.az

1Sources