EN

“Müxalifətin vahid lideri ortalığa çıxarsa, Gürcüstanda qarşıdurma pik həddə çata bilər...”

“Gürcü müxalifətinin mövqeləri güclənibdir, bu, faktdır. Onu da nəzərə alsaq ki, son seşkilərdə saxtakarlıq haqqında çoxlu məlumatlar var. Və saxtakarlıqlar olmasaydı, kütləvi şəkildə insanları ələ almaq halları baş verməsəydi, həmçinin digər dövlətlərin müdaxiləsi olmasaydı, şübhəsiz ki, Gürcüstan müxalifəti qalib gələ bilərdi...”
 
Xəbər verildiyi kimi, Gürcüstan MSK-nın son rəsmi açıqlamalarına görə, hakim “Gürcü arzusu” partiyası oktyabrın 26-dakı parlament seçkilərində səslərin 53,92 faizini toplayaraq qalib gəlib. 5 faizlik baryeri aşan müxalif partiyalar isə birlikdə cəmi 37,77 faiz səs toplayıb. Görəsən, bunu həm də Gürcüstan müxalifətinin yarımçıq qələbəsi hesab etmək olarmı?  O mənadakı, bildiyimizə görə, bütün administrativ və maliyyə resurslarına rəğmən İvanişvilinin partiyası parlamentdə konstitusyon çoxluq əldə etmək imkanı qazana bilməyib...
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:
 
“Əslində əvvəlki seçki ilə müqayisədə Gürcüstan müxalifətinin daha uğurlu olduğu görünür. Təbii ki, iqtidar da itkilər verib. Amma iqtidarın itkilərinin səbəblərindən biri də odur ki, bu mərhələyədək İvanişvili koalisyon hökumət qurmuşdu. Bu, birinci mərhələdə idi, ikinci mərhələdə, demək olar ki, koalisiya yox idi, “Gürcü arzusu” konstitisyon çoxluq əldə etmişdi. Bəli, gürcü müxalifətinin mövqeləri güclənibdir, bu, faktdır. Onu da nəzərə alsaq ki, son seşkilərdə saxtakarlıq haqqında çoxlu məlumatlar var. Və saxtakarlıqlar olmasaydı, kütləvi şəkildə insanları ələ almaq halları olmasaydı, həmçinin digər dövlətlərin müdaxiləsi olmasaydı, şübhəsiz ki, Gürcüstan müxalifəti qalib gələ bilərdi. Ən azı nəzəri baxımdan bu, belə görünür”. 
 
“Gürcüstanda hadisələrin bundan sonrakı inkişafını necə görürsüz?” sualını isə analitik belə cavablandırıb:
 
“Artıq Gürcüstanda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi təxminən görünməkdədir. Belə ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin dünənki müraciəti, onun bu gün üçün bütün xalqı və müxalifəti etiraz mitinqinə çağırması(bu dəqiqələrdə (28.10. 21: 32) Tiflisdə həmin mitinq davam edir-S.L. ), onunla təxminən eyni vaxtda hazırda zindanda olan keçmiş prezident Mixali Saakaşvilinin müraciəti və bunların ardınca Avropanın bir sıra ölkələrinin seçkilərin nəticələrini tanımaması ölkənin daxilində ictimai-siyasi vəziyyəti gərginləşdirəcək. Bu gərginliyin hansı həddə qədər gedəcəyini söyləmək çətindir. Çünki ortada bir problem var. Problem ondan ibarətdir ki, oliqarx İvanişvilinin çıxış yolunu müxalifəti, vətəndaş cəmiyyətini qadağan etməkdə görür. Yəni bir növ Rusiyada və onun proksiləri olan digər postsovet respublikalarındakı model üzrə inkişaf yolunu götürmək niyyətindədir. Aydındır ki, İvanişvili hökuməti də birmənalı şəkildə Rusiyanın proksisidir. Digər tərəfdən isə Gürcüstan müxalifətinin aparıcı lideri görünmür. Yəni Saakaşvilinin meydanda olmaması özünü açıq-aydın göstərir. Həmin vahid müxalifət lideri rolunu Salome Zurabişvili sonadək oynaya biləcəkmi? Bunu deyə bilmərəm. Amma hər bir halda müxalifətin ümumi lideri ortalığa çıxarsa, bir xarizmatik lider bu missiyanı öz üzərinə götürərsə, Gürcüstanda qarşıdurma pik həddə qədər çata bilər. Pik hədd isə ya hansısa ciddi qarşıdurma, hansısa miqyaslı zorakılıqdır və yaxud da elə bunun nəticəsində İvanişvili hökumətinin kənarlaşdırılmasıdır. Ona görə də hələlik indiki mərhələdə nəsə bir proqnoz vermək çətindir.  Çünki biz görürük ki, tərəflər mübarizədə dəstəksiz deyil, Qərb dövlətləri, dünyanın demokratik qüvvələri müxalifəti, Rusiya və onun tərəfdaşı olan proksiləri, o cümlədən Qafqazdakı proksiləri Gürcüstandakı proksini dəstəkləyir... 
 
Onu da deməliyik ki, Gürcüstandakı mübarizə yalnız daxili siyasi mübarizə deyil. Bu, eyni zamanda bölgə uğrunda gedən geo-siyasi mübarizənin tərkib hissəsidir. Ona görə də burada hadisələrin hansı istiqamətdə cərəyan etdiyini birmənalı söyləmək çox çətindir. Amma hər bir halda kiçik də olsa, hansısa bir miqyasda olsa, qarşıdurma olacaqdır. Bunun hansı həddə, hansı miqyasa çatacağı isə, təbii ki, həm müxalifətin, həm “Gürcü arzusu” iqtidarının necə davranacağından asılı olacaqdır. Bu gün  hələlik bu qədər demək olar...”.
 
Təqdim etdi: 
 
Sultan Laçın
Chosen
32
50
moderator.az

10Sources