24-25 oktyabr tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA proqramlarının direktoru, professor Rafiq Əliyevin və Daşkənd Texniki Universitetinin professoru, akademik Nodirbek Yusupbekovun sədrliyi ilə “Sənayenin avtomatlaşdırılması üçün intellektual sistemlər” üzrə 13-cü beynəlxalq konfrans (WCIS-2024) keçirilib.
ADNSU-nun təşkilatçılığı ilə keçirilən konfrans professor Lütfi Zadənin əziz xatirəsinə həsr olunub. ABŞ, Kanada, Polşa, Rumınıya, İsveç, Nigeriya, İordaniya, Livan, Özbəkistan, Azərbaycan, Türkiyə, Kipr, Rusiya, İran, İraq kimi dünyanın müxtəlif ölkələrindən 45-ə yaxın elmi məqalənin təqdim olunduğu beynəlxalq konfrans müxtəlif ölkələrdən dəvət olunmuş professorların həmsədrliyi ilə keçirilib.
Konfransda ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova “Z-controller Synthesis” mövzusunda, Cihaz mühəndisliyi kafedrasının professoru Kəmalə Əliyeva “Application of Z-fuzzy multicriteria decision making method to personnel selection” mövzusunda plenar məruzələrlə, doktorant Şamil Əhmədov “Z-number based traffic Signal Control” mövzusunda çıxışlar ediblər.
ADNSU əməkdaşlarının 8 məqaləsi çap üçün qəbul olunub.
Qeyd edək ki, konfrans üçün seçilmiş məqalələr SCOPUS beynəlxalq bazasında indeksləşdirilərək Spinger seriyalı kitabda çap olunacaq.