EN

Azərbaycan bu sahə üzrə dünyada lider ola bilər – Artıq BAŞLANDI

Məlum olduğu kimi, Azərbaycan böyük ənənəvi enerji resurslarına – neft və qaz ehtiyatlarına malikdir və yaxın on illərdə ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Amma ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, bahalaşması, onların ətraf mühitə külli miqdarda ziyan vurması bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ enerji növlərindən istifadə zərurətini yaradır. Alternativ enerji mənbələri dedikdə, əsasən bərpa olunan enerji mənbələri nəzərdə tutulur: atom elektrik stansiyaları; su elektrik stansiyaları; külək enerji mənbələri; günəş enerjisi; termal sular; hidrogen enerjisi; bioresursların yandırılması nəticəsində yaranan enerji və s.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycanda keşiriləcək COP29 kimi beynəlxalq tədbirlər də göstərir ki, alternativ enerji mənbələrinin istifadəsi günün tələbi, əsrin sifarişidir…

Hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində bərpa olunan enerji mənbələrdən geniş istifadə edilir. Statistik məlumatlara görə, inkişaf etmiş ölkələrdə ümumi istehsal olunan enerjinin təqribən 15 faizi su elektrik stansiyaları da daxil olmaqla, alternativ enerji mənbələrinin payına düşür.

Mövcud vəziyyət

Əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik olan Azərbaycan ekoloji cəhətdən təmiz olan alternativ enerji mənbələri ilə zəngindir. Mütəxəssislərin fikrincə, həmin mənbələri hərəkətə gətirməklə və ölkənin təbii potensialından istifadə etməklə, istilik elektrik stansiyalarında yandırılan külli miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların da miqdarını xeyli azaltmaq mümkündür. Azərbaycan Prezidentinin 2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbulu da bu istiqamətdə atılan mühüm addım idi. Dövlət proqramında külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması, ətraf mühitin qorunması üçün konkret məsələlər qoyulmuşdu.

Dövlət Proqramından irəli gələn məsələlərin ardıcıl və səmərəli həyata keçirilməsini sürətləndirmək məqsədi ilə 16 iyul 2009‐cu ildə Azərbaycan Prezidentinin Fərmanı ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) yaradıldı, bu istiqamətdə sistemli və məqsədyönlü işlər vüsət aldı.

2009-cu ildə Xızı rayonunun Şurabad kəndi yaxınlığında külək enerjisindən elektrik enerjisi istehsal etmək üçün pilot layihə həyata keçirilib və həmin ərazidə Danimarka istehsalı olan 0,85 MVt gücə malik olan 2 külək enerjisi qurğusu (KEQ) quraşdırılıb. Qurğular vasitəsilə bir il ərzində 7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunaraq yüksək gərginlikli elektrik sisteminə ötürülüb. Bu qədər elektrik enerjisi Xızı rayonunun tələbatını 50 faiz ödəməklə bərabər, tələbatçıları «təmiz enerji» ilə təmin edib. Yeri gəlmişkən, bu qədər elektrik enerjisinin istilik elektrik stansiyasında istehsalına 2 milyon kubmetr təbii qaz tələb olunur.

2010-cu ildə Qobustan rayonunda Eksperimental poliqon və tədris mərkəzi yaradılmış, 30 hektar ərazidə salınan poliqonda 2,7 meqavat gücündə külək elektrik stansiyası, 1,8 meqavat gücündə günəş elektrik stansiyası 1,6 meqavat gücündə bioqaz stansiyası, 0,75 meqavat gücündə geotermik-istilik stansiyası qurularaq xüsusi anqarlar tikilmişdir. Qobustan mərkəzinin istifadəyə verilməsi nəinki rayonun ekoloji cəhətdən təmiz və dayanıqlı enerji ilə təmin olunmasına imkan yaradır, həmçinin, bölgənin sənaye potensialının yüksəlməsinə, sosial-iqtisadi inkişafına təsir göstərir.

2010-cu ildən Sumqayıt Texnologiyalar Parkında “Günəş kollektorları və qazanları” zavodu fəaliyyət göstərir. Zavodda yüksək keyfiyyətə malik, iş prinsipi suyun qızdırılmasından ibarət olan kollektorlar istehsal edilir. Bakının Suraxanı (2,8 Meqavat) və Pirallahı (1,2 Meqavat) rayonlarında tikilən günəş Elektrik Stansiyalarında məhz bu kollektorlardan istifadə edilir.

Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə 1 iyun 2012-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti (ABEMDŞ) təsis olunmuşdur. Azərbaycan Prezidentinin 01 fevral 2013-cü il tarixli Fərmanı ilə ABEMDŞ-in bazasında Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.

2019-cu il 14 yanvar tarixində Azərbaycan Prezidentinin verdiyi fərmanla Dövlət Agentliyi ləğv olunub. 22 sentyabr 2020-ci ildə onun bazasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.

Əsas prioritetlər

Hazırda əsas prioritetlər Respublikanın ayrı-ayrı zonaları üzrə bərpa olunan enerji resurslarının, o cümlədən günəş, külək, biokütlə, termal sular, su axınları, müxtəlif növ tullantılar və bu kimi digər mənbələrin potensialını və onlardan istifadə üçün əsas istiqamətləri müəyyənləşdirməkdir. Azərbaycanın coğrafi şəraitinə uyğun olaraq, göstərilən alternativ enerji mənbələrindən istifadə etmək çox əlverişlidir. Əsasən respublikanın dağ və dağətəyi rayonlarında qəsəbə və kəndləri kiçik təsərrüfat obyektlərini, istehsal sahələrini elektrik enerjisi ilə təmin etmək üçün az güclü mikro SES-lərin inşa edilməsi əhəmiyyətlidir və əsas proritetlərdən biridir. Qeyd etmək lazımdır ki, bu tip elektrik stansiyaları vaxtı ilə Sovet İtifaqının güclü enerji sisteminin yaradılması üçün əhəmiyyətli rol oynamışdır.

Son zamanlar alternativ enerji mənbəyi kimi Külək enerjisi bütün dünyanın diqqət mərkəzindədir. Bəzi hesablamalara görə, yaxın zamanlarda dünyada istifadə olunan elektrik enerjisinin 20 %-i külək enerjisi mənbələrinin payına düşəcəkdir. Külək enerji mənbələrinin yaradılması üçün Azərbaycanda mövcud olan iqlim şəraiti çox əlverişlidir. Əsasən Abşeron yarımadasında, Xəzər sahili rayonlarda, dağ və dağətəyi rayonlarda və s. bu tip enerji mənbələrinin istifadəsi önəmlidir. Azərbaycanın Abşeron – Qobustan ərazisi xüsusilə yüksək külək energetikası potensialına malikdir, bu ərazidə il ərzisində 270 gündən artıq güclü küləklər əsir. Küləyin orta illik sürəti saniyədə 7,2 metrdir.

Bərpa olunan enerji mənbələri arasında ehtiyatların miqyasına və ekoloji təmizliyinə görə Günəş enerjisi daha perspektivlidir. Son zamanlar Günəş enerjisindən istifadə üçün bütün dünyada ciddi tədqiqatlar aparılır. Günəş enerjisi ilə işləyən mexanizmlər, avtomobillər, kiçik güclü traktorlar yaradılıb təcrübədən keçirilir. Bu tədqiqatlar ümumiyyətlə gələcəkdə günəş enerjisindən səmərəli istifadə etmək, güclü günəş batareyaları yaratmaq və onlardan daha çox istehsal-təcrübə sahələrində, təsərrüfatlarda, yaşayış sahələrində istifadə etmək üçün zəmin yaradır. Azərbaycan da öz coğrafi mövqeyinə görə Günəş enerjisi ehtiyatları ilə zəngindir, bu nöqteyi-nəzərdən Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikası daha böyük imkanlara malikdir. Azərbaycanda da günəş enerjisindən səmərəli istifadə istiqamətində işlər sürətlə gedir, yuxarda deyildiyi kimi, Günəş kollektorları zavodu artıq tikilmişdir.

Respublikamızda, eyni zamanda bioresursların yandırılması nəticəsində yaranan enerjidən istifadə edilməsi üçün də müəyyən işlər görülür. Bu enerji mənbələrindən istifadə olunan zaman, onların atmosferə vura biləcəyi ziyanlar və bu ziyanların aradan qaldırılması yolları araşdırılır. Son zamanlar Azərbaycan inkişaf etmiş Avropa ölkələri ilə bu sahədə əməkdaşlıq edir, əhəmiyyətli işlər görülür. Abşeronda biokütlələrin yandırılması və elektrik enerjis alınması üçün zavod tikilir.

Bu gün kiçik gücə malik külək enerjisi və bioqaz qurğularının, günəş elektrik stansiyalarının fərdi istehlakçılar arasında yayılmamasının əsas səbəblərindən biri də geniş əhali kütləsinin bu qurğular haqqında məlumatlarının kifayət qədər olmamasıdır. Bu istiqamətlərdə Dövlət Agentliyinin işləri gücləndirməsi, telekanallarda, radio yayımlarında, qəzetlərdə aparıcı alimlər və mütəxəssislərin çıxışlarının verilməsi kimi xüsusi tədbirlər günün tələbidir.

Perspektiv imkanlar

Yuxarıda göstərilən alternativ və bərpa olunan enerji mənbələrindən yalnız atom və hidrogen enerjisi, müəyyən obyekti səbəblərdən bu gün Azərbaycanda istifadə  olunmur. Məlum olduğu kimi, atom enerjisi müasir dünyanın əsas enerji mənbəyidir, Avropanın və dünyanın bir çox qabaqcıl ölkələri (Fransa, Rusiya, Türkiyə və s.) Atom elektrik stansiyalarının (AES) xidmətindən uğurla istifadə edir.

XX əsrin sonlarında AES-lər ətraf mühit və insanlıq üçün müəyyən dərəcədə təhlükəli idi, hətta Sovet İttifaqında Çernobıl ekoloji fəlakəti də törətmişdi. Ermənistanda köhnə texnologiyalarla sovet dövründə inşa edilmiş «Metsamor» AES bu gün də region üçün əsas təhlükə mənbəyi olaraq qalır. Amma elmin və texnikanın tərəqqisi dövründə müasir texnologiyaların tətbiqi ilə tikilən müasir stansiyalarda bütün bu faktorlar nəzərə alınır, potensial təhlükələr aradan qaldırılır. Odur ki, bu stansiyalar müasir dövrün əsas alternativ enerji mənbəyi sayılır. Doğrudur, AES çox bahalı lahiyədir, amma perspektivdə Azərbaycanda istifadə edilə və ölkənin gələcək enerji təhlükəsizliyinə xidmət edə bilər.

Hidrogen enerjisi, faktiki olaraq, tükənməzdir və gələcəyin enerjisi sayılır. Hidrogen yananda, enerji yarananda isə təmiz su əmələ gəlir, yəni ətraf mühit qətiyyən çirklənmir. Təmiz suyu yenidən parçalamaqla hidrogen almaq olar. Yer qabıqının üçdən ikisinin su ilə əhatə olunduğunu nəzərə alsaq, bu enerjinin doğrudan da, tükənməz olduğunu görürük. Amma sudan hidrogenin alınması ilk nəzırdən sadə görünsə də, çox çətin və bahalı bir prosesdir və hazırda dünyanın qabaqcıl ölkələrinin elmi mərkəzləri bu məsələni asanlaşdırmaq və ucuzlaşdırmaq, istehsallaşdırmaq istiqamətində təhqiqatlar aparır. Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları da bu sahədə həmin mərkəzlərlə əməkdaşlıq edir və hidrogen enerjisi perspektivdə Azərbaycanın  gələcək enerji təhlükəsizliyinə öz töhfglərini verə bilər.

Yeri gəlmişkən, 17 dekabr 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Mütəxəssislər bu Sazişi hətta “Əsrin neft müqaviləsi” ilə müqayisə edirdilər. Sazişin tam reallaşması XXI əsrin 30-cu illərinə təsadüf edəcək. Bunun üçün Azərbaycanda başlayan, Gürcüstandan Qara dənizin altından keçməklə Rumıniyaya qədər uzanacaq, 2.5 milyard dollara başa gələcək 10 GB gücündə super əlektro-kabel çəkilməlidir.

“Yaşıl enerji” layihəsinin əsasında hidrogen qazı durur. Hidrogen qazı da neftdən, qazdan və hətta benzindən qat-qat enerji tutumludur və yaşıl təbiətə də heç bir ziyan vurmur. Burdan da “yaşıl hidrogen” ifadəsi meydana çıxır. Hidrogen qazı suyun sadə elektrolizindən (oksigen və hidrogen qazına parçalanmasından) alınır. Elektroliz prosesi təbii ki, enerji tələb edir və ilkin mənbə kimi də külək (aşağıdakı şəkil) və günəş stansiyalarının enerjisindən istifadə ediləcəkdir. Günəşsiz və küləksiz günlərdə isə, stansiya özü-özünü “yaşıl enerji” ilə təmin edəcəkdir.

Geotermal enerji və hidrotermal mənbələr də perspektiv imkanlar sırasındadır. Geotermal enerji dedikdə, müxtəlif dərinliklərdə yerləşən və atmosferdə havanın temperaturundan yüksək temperatura malik olan flyuidlər və quru dağ süxurlarının istiliyi başa düşülür. Azərbaycanın müxtəlif rayonlarında yerin altından səthə istilik axını yayılır, nəticədə temperatur daha yüksək olur. Bu temperatur artımından geotermal stansiyaların yaradılması üçün və ya aşağı potensiallı istilik mənbəyi kimi istifadə oluna bilər. Hidrotermal mənbələrdə isə yeraltı istilik quyu vasitəsilə isti termal suların axını ilə yer səthinə çıxarılır. Bu suyun temperaturu hidrotermal lay daxilindəki təzyiqdə doyma temperaturundan yüksək olur. Təzyiq düşərkən su qaynayır və əmələ gələn buxar buxar turbinində istifadə oluna bilər. Aşağı temperaturlu flyuidlər isti su təchizatı, istixana və binaların qızdırılması, istilik nasosları vasitəsilə texnoloji proseslər üçün istifadə edilə bilər.

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində problemin mürəkkəbliyi ondadır ki, imkanlar zəngin və müxtəlif olsa da, az öyrənilib. Ona görə də müasir mərhələdə bərpa olunan enerji mənbələri üzrə əsaslı elmi tədqiqatların aparılması və geniş profilli mütəxəssislərin hazırlanması zəruri məsələdir. Bu məqsədlə artıq Milli Elmlər Akademiyasının müvafiq institutlarında məqsədyönlü işlər aparılır və bu işlər dövlət sifarişləri hesabına daha da gücləndirilməlidir. Respublikanın müvafiq universitetlərində də bu istiqamətdə kadrların hazırlanması üçün əsaslı işlər görülür, qabaqcıl dünya ölkələrinin təcrübəsindən istifadə edilir. Artıq iyirmi ildən çoxdur ki, Texniki Universitetdə bərpa olunan enerji mənbələri ixtisası üzrə bakalavr və magistrlər hazırlanır. Tədris prosesinin keyfiyyətini yüksəltmək üçün Almaniya və Yaponiya kimi qabaqcıl ölkələrin aparıcı universitetləri ilə əməkdaşlıq edilir. Göründüyü kimi, kadr hazırlığına artıq başlanıb. Qalır bircə bu prosesi gücləndirmək və genişləndirmək.

Qalib ARİF,

KONKRET.az

 

 

Chosen
36
konkret.az

1Sources