EN

TƏCİLİ! Ermənilər Xankəndiyə qayıdır? – Bu plan baş tutsa…

Gürcüstandan sonra İrəvan yenidən “Rusiyanın orbitinə” qayıdarsa, Moskva 3-5 min könüllü erməninin Qarabağa qayıdışında maraqlı ola bilər – şərh

KONKRET.az xəbər verir ki, Ermənistan və dəstəkçiləri Qarabağdan könüllü gedən ermənilərin yenidən Qarabağa qaytarılması xülyasından əl çəkmək istəmir. Ermənistan prezidenti Vaaqn Xaçaturyan bugünlərdə verdiyi müsahibədə deyib ki, ermənilərin “Dağlıq Qarabağa” qayıtmasından yalnız Azərbaycanla sülh əldə olunandan sonra danışmaq mümkün olacaq. Ermənistan prezidenti qeyd edib ki, bu məsələyə real yanaşmaq lazımdır, qayıdışdan danışmazdan əvvəl ilk növbədə “təhlükəsizlik məsələləri həll edilməlidir”.

Hazırda prezidentliyə namizəd olan Donald Tramp da öz sosial şəbəkə hesabında bu barədə yazıb, Qarabağı “artsax” kimi təqdim edib: “Kamala Harris 120 min erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və “artsax”dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Mən prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm”.

Avropa Şurası və digər Avropa strukturları tərəfindən də Azərbaycana ermənilərin Qarabağa “təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışına şəraitin yaradılması” çağırışları edilib. Rəsmi Bakı açıq şəkildə bəyan edib ki, ermənilərin Qarabağa qayıdışı qərbi azərbaycanlıların geri qayıdışı ilə paralel həyata keçirilməlidir, əks halda, o qayıdış mümkün deyil. Eyni zamanda Azərbaycan hökuməti bildirib ki, ermənilərlə bağlı heç bir şərt irəli sürülə bilməz, onlar bizim ərazilərdə yalnız Azərbaycan vətəndaşları olaraq, bizim qanunlarımız çərçivəsində yaşaya bilərlər.

Belə ehtimallar var ki, Tiflis seçkilərinin nəticələrindən sonra İrəvan yenidən “Rusiyanın orbitinə” qayıdarsa, Moskva 3-5 min könüllü erməninin Azərbaycan vətəndaşlığını qəbul etmək şərti ilə Xankəndinə qayıdışında maraqlı ola bilər. Bu iddialar nə qədər realdır? Ermənistan Rusiyanın “orbitinə” qayıdarsa, Moskva Bakıdan bu qayıdışı təmin etməyi istəyə bilərmi?

“Azərbaycan tərəfi Qarabağın erməni əhalisinə öz evlərinə qayıtmaq imkanı yaradıb”. Bunu da elə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin guya Azərbaycanın erməni əhalisinin öz evlərinə qayıtmaması üçün Xankəndidə evləri sökməsi ilə bağlı sualını cavablandırarkən bildirib. M.Zaxarova qeyd edib ki, söhbət Azərbaycanın ərazisindən gedir və orada bu ölkənin qanunları qüvvədədir: “Biz öz evlərini tərk etmiş əhaliyə ora qayıtmaq üçün imkanın yaradılmasına yönəldilən konstruktiv addımları dəfələrlə şərh etmişik, vurğulamışıq. Biz azərbaycanlı həmkarlarımızla ikitərəfli təmaslar zamanı bu məsələni qaldırırıq və müvafiq izahatlar və izahlar alırıq… Mən bir daha vurğulamaq istəyirəm ki, qayıtmaq imkanı yaradılıb”.

Qərbin isə bu məsələdə mövqeyi qeyri-obyektivdir. Belə ki, Azərbaycandan qeyd-şərtsiz olaraq ermənilərin Qarabağa qaytarmaq tələb olunur. Hərçənd Avropa Birliyi bölgəni öz xoşu ilə tərk edən ermənilərə humanitar yardımlar da ayırır. Və bu müddət ərzində Ermənistanda heç bir Qarabağ ermənisi deməyib ki, geri qayıtmaq arzusundadır. Əgər Rusiyanın belə bir planı olarsa, bunu reallaşdırmaq üçün mexanizm müəyyənləşməlidir. Əvvəla, erməni prezident təhlükəsizliyə zəmanətdən dəm vurmaqla yenə də hansısa sülhməramlı kontingentin Qarabağa gəlməsinə işarə edir. İkincisi, Paşinyan və onun komandasından bu mövzu ilə bağlı israrlı mövqe yoxdursa, deməli, bu məsələyə qayıtmaq istəmirlər. Yox, bunu istəyən Rusiyadırsa və arxasında Xankəndidə konsulluq açmaq məqsədi dayanırsa, o zaman İrəvan-Moskva münasibətlərində yeni dövrün başlanacağını əminliklə söyləmək mümkündür. Paşinyan da hiyləgərdir və Gürcüstan hadisələrindən sonra “val”ı dəyişə, Kremlə yarına və Rusiya ilə birgə ermənilərin qayıdışı məsələsində bir ələ oynaya bilər. Ancaq son sözü Azərbaycan rəhbərliyi deyəcək.

Bu mövzuda professor Qabil Hüseynlinin  bildirdiyinə görə, nəzəri olaraq hər şey mümkündür, amma Azərbaycan xalqı ermənilərin təzədən gəlməsini və Qarabağda onların yaşamasını arzulamır. Q.Hüseynlinin fikrincə, ermənisiz Qarabağ xalqın ürəyincə olan mənzərədir: “Amma onlar geri qayıtmaq istəsələr, buna dövlət etiraz etməyəcək. Necə ki, gedəndə də çağırış olundu, vətəndaşlıq təklif edildi, hətta reinteqrasiya proqramı açıqlandı, müəyyən sosial imtiyazlar nəzərdə tutuldu… Di gəl, qalmaq istəmədilər, bizimlə birgə yaşamağı seçmədilər. İnanmıram ki, bundan sonra Ermənistandan Xankəndinə, Ağdərəyə, Xocavəndə dönmək istəsinlər. Onlar özlərini bizimlə birlikdə təsəvvür etmirlər. Əvvəl onlara başçılıq edən qondarma qurum mövcud idi, rus hərbçiləri də yerləşmişdi, bir arxayınlıq hiss edilirdi”.

Q.Hüseyli hesab edir ki, onların qayıdışı regiona yenidən keçmiş həmsədr ölkələrin bu və ya digər şəkildə müdaxiləsi demək olacaq: “İstənilən halda, diqqət Qarabağa yönələcək. Avropa təşkilatları gündə bir bəyanat verəcək. Ermənilərin hüquqları, təhlükəsizliyi, sosial şəraiti haqda min cür fikirlər söyləyəcəklər, müxtəlif beynəlxalq təşkilatlar Xankəndinə gəlib monitorinq keçirməyə cəhd göstərəcəklər, xarici jurnalistlərin ayağı bura açılacaq, əsasən də ermənilərdən müsahibələr alacaqlar. Yəni beynəlxalq diqqət Xankəndinə yönələcək. Onsuz da əleyhimizə əsassız ittihamlar səslənir, bizi sübutsuz “etnik təmizləmə”də günahlandırırlar, indi təsəvvür edin ki, 5-6 min erməni gəlsə, nələr olacaq?!”

Professor hesab etmir ki, bu məsələ tezliklə reallaşacaq və sülh müqaviləsindən sonra ermənilər Qarabağa gətiriləcək: “Əvvəla, sülh müqaviləsinin mətnində belə bir razılaşmanın olmadığını zənn edirəm. Yəni sülh mətnində nə Qarabağ, nə ermənilər məsələsi var. Sadəcə, sülh sazişindən sonra bölgədə dayanıqlı sabitlik olarsa, gediş-gəliş artarsa, ermənilərlə azərbaycanlıların ticarəti başlayarsa, müəyyən bir etimad mühiti formalaşarsa, Zəngəzur dəhlizi işə düşərsə, bəlkə bu mövzular yenidən dövriyyəyə buraxıla bilər. O da müzakirəyə çıxarıla bilər. Rusiyanın sülh müqaviləsindən sonra belə bir şərt irəli sürməsini gözləmirəm və Azərbaycan rəhbərliyi də buna razı olmayacaq. Yalnız qərbi azərbaycanlıların qayıdışı mümkünləşdikdə, ermənilərin də Qarabağa köçü ilə bağlı məsələyə baxıla bilər. Mən bunu yaxın tarix hesab etmirəm və onların regiona qayıdışında da Azərbaycan və Ermənistandan çox, bölgədə intriqanın, konfliktin qızışmasında həvəsi olan kənar qüvvələrin marağında olduğunu düşünürəm”./“Yeni Müsavat”

Chosen
98
50
konkret.az

10Sources