EN

Müəllimlər arasında intiharlar niyə artır?..- Sabiq təhsil naziri şərh etdi...

“Mən inanmıram ki, indiki dövrdə kimsə ac qalsın və buna görə özünü öldürsün. Bu, mümkün olan şey deyil.  Müəllim intiharlarında maddi amillərin müəyyən qədər rolu ola bilər...”.
 
“Həmin dəhşətli olay heç vaxt yadımdan çıxmaz...”
 
Son vaxtlar Azərbaycanda, təəssüf ki, nədənsə nəinki, şagirdlər, tələbələr, hətta müəllimlər arasında da intihar hallarının sayı artmaqdadır. Biri özünü internet antenasından asır, o biri zəhər içir. Və s. Görəsən, pedaqoqlar arasında belə öz həyatlarına qəsd hallarının artmasının əsas səbəbləri nədir? Gələcək nəsli tərbiyə etməli, belə hallardan çəkindirməli  olan insanlar özləri niyə problemlərdən çıxış yolunu suisiddə görürlər?  Sosial durum, maddi problemlər də bu məsələdə rol oynayırmı?
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov bunları söyləyib:
 
“Məlumdur ki, intiharlar ildən-ilə yalnız müəllimlər, şagirdlər arasında deyil, əhalinin bütün digər təbəqələri arasında  və ümumiyyətlə, bütün dünyada artmaqdadır. Eyni zamanda hesab edirəm ki, bu cür hadisələrin daha çox nəzərə çarpması son onilliklərdə sosial şəbəkələrin güclənməsi və genişlənməsi ilə əlaqədardır. Keşmişdə bu cür hadisələr indi sosial şəbəkələrdə qabardıldığı kimi diqqətə çatdırılmırdı”.
 
 
"Maraqlıdır ki, bu il düz oktyabrın 5-də, yəni Beynəlxalq Müəllimlər Günündə Masallı rayonunda bir ahıl yaşlı ibtidai sinif müəlliminin intihar etməsi haqda da xəbər yayıldı. Sizcə, burada sosial amillərin, məsələn, bəzi müəllilmlərin maaşlarının, pensiyalarının azlığı məsələsi də rol oynaya bilərmi” sualını isə professor belə cavablandırıb:
 
“Doğrudur, elə bir hadisə haqda mənim də məlumatım var. İntiharlar maddi amillərlə də bağlı ola bilər. Amma, yəqin ki,  müəllimlərin arasında intiharların sayının artması, o cümlədən konkret sırf bu məsələ ilə bağlı deyil. Çox güman ki, digər həyati məsələlərin də rolu olur, bəzən də insanların maddi problemləri digər kəskin problemlərin üzərinə gələndə onları intihar həddinə gətirib çıxarır. Mən inanmıram ki, indiki dövrdə kimsə ac qalsın və buna görə özünü öldürsün. Bu, mümkün olan şey deyil. Dediyim kimi, müəllim intiharlarında maddi amillərin müəyyən qədər rolu ola bilər”.
 
“Siz nazir işlədiyiniz dövrdə məktəblərdə baş vermiş intihar, yaxud bıçaqlanma hadisələri yadınızda qalıbmı və o zaman hansı tədbirləri görmüsünüz” sualına isə sabiq nazir bu cür cavab verib:  
 
“Doğrusu, belə bir ciddi hadisə yadıma gəlmir. Mənim nazir işlədiyim dövrdə bir olay daha çox yadımda qalıb. Səhv etmirəmsə, 1999-cu ildə Sumqayıtdakı məktəblərdən birində hərbi hazırlıq dərsi zamanı təsadüfən qumbara partlamış, müəllim və şagirdlər daxil olmaqla 6 nəfər həlak olmuş, 17 nəfər yaralanmışdı. Mən o şagirdlərin yas mərasimində iştirak etdim. Bir neçə gündən sonra övladlarının attestat almasını gözləyən valideynlər onların meyitlərini qarşılayırdı.  Həmin dəhşətli olay heç vaxt yadımdan çıxmaz...”
 
Qələmə aldı:
 
Sultan Laçın
 
Chosen
16
moderator.az

1Sources