Azərbaycanda ölkədaxili qatarlarda pulsuz internet olacaq. Bütün istiqamətlər üzrə hərəkət edən qatarlarda tədricən pulsuz Wi-Fi-ın tətbiqi planlaşdırılır.
ADY-nin bu təşəbbüsündən sonra metroda da pulsuz internetdən istifadə məsələsi aktuallaşıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında hazırda bununla bağlı araşdırmaların aparıldığını bildirib:
“Metropolitenin özünə məxsus xüsusiyyətləri var. Bunları nəzərə almaqla müvafiq araşdırma işləri aparılır. Burada sərnişinə xidmət səviyyəsinin yüksəlməsi, təhlükəsizlik və digər məsələlərin hər biri nəzərə alınır”.
Müsahibimiz deyir ki, bu məsələ hər zaman qüvvədə qalandır. Çünki sərnişin məmnuniyyətinə müsbət formada nə təsir edirsə, diqqətdə saxlanılmalı, araşdırılmalıdır.
Bəs yaxın zamanda belə bir addım planlaşdırılır?
“Bu, nəzəri cəhətdən mümkündür, praktiki cəhətdən isə səmərəsi, əhəmiyyəti vacibdir. Hazırda metropolitenin tunellərində belə mobil operatorların əksəriyyəti interneti təmin edə bilir. Buna görə də xüsusi tələbat, zərurət məsələsinə əlavə baxılır”, - deyə Bəxtiyar Məmmədov bildirib.
Nəzrin Mirzəyeva, Bizim.Media