EN

“HƏLƏ YAŞAMAĞA DƏYƏR BİR AZ DA”-MƏMMƏD İSMAYIL- 85!

Beynəlxalq Muğam Mərkəzində xalq şairi Sabir Rüstəmxanlının aparıcılığı ilə keçirilən görüş  Məmməd İsmayılsevərlərin yaddaşına əbədi həkk olundu…

23 oktyabr 20024-cü il! Tarixi bir gün yaşadıq… Məhz həmin gün Beynəlxalq Muğam Mərkəzində Məmməd İsmayıl işığına gəlmiş qonaqlar vaxtın necə keçdiyini belə bilmədilər. Bunun da səbəbkarı XX əsrin 60-cı illərindən XXI əsrin bu gününə qədər Azərbaycan poeziyasında özünəməxsus yeri olan ustad şair Məmməd İsmayıl idi.

 Məmməd İsmayıl poeziyası onu sevənlərin qəlbinə bir məlhəm, ruhuna qida, gözlərinə işıq, ürəyinə bir dinclik gətirir. Türk dünyasının seçilən şairlərindən olan Məmməd İsmayılın 85 illik yubileyi Beynəlxalq Muğam Mərkəzində böyük coşqu ilə keçdi. Yaşlı və orta nəslin yadına dərhal sovet dövründə şair və yazıçılarla olan görüşlər düşdü. Böyük ustad şairlərimiz Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Musa Yaqub, Söhrab Tahir, Cabir Novruz, Nüsrət Kəsəmənli, yazıçı və alimlərdən Mirzə İbrahimov, Cəmşid Əmirov, akademik Şəfaət Mehdiyev, “Bakı” və “Baku” axşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyev və digər tanınmış yazarlarla belə görüşlərin təşkilatçısı və aparıcısı elə o vaxt işlədiyim təhsil müəssisəsində özüm də olmuşam. Yaxşı yadımdadır.1984-cü il idi. Belə görüşlərin birini də o dövrdə gənclər arasında həddən artıq sevilən lirik və vətənpərvərlik şeirləri ilə çoxlarının qəlbini ovsunlayan Məmməd İmayılla da keçirmək istədik. Bu məqsədlə “İşıq” nəşriyyatının direktoru işləyən Məmməd İsmayılın yanına gəldim. Amma bu görüşə qədər “Keçilməz qaladır, keçilməz Vətən”, “Ağacdələn, döy qapımı döy görüm”, “Hələ yaşamağa dəyər bir az da”, “Ömrümdən, günümdən ötən yaşmısan”, “Mən səni sevmişəm, səndən xəbərsiz”, “Ümiddən asılan qılınclar”, “Tale”, Hardasan, hardasan, ay baba Dərviş?” və s. şeirlərini əzbər bildiyim və şəxsiyyətinə böyük hörmət bəslədiyim Məmməd İsmayılla ilk dəfə idi ki, üzbəüz görüşürdüm. O vaxt keçmiş SSRİ-də ən böyük texniki peşə məktəbi olan, siyasi büro üzvlərinin və respublikaya gələn tanınmış qonaqların gedəcəyi ünvan kimi protokola salınan Bakıxanov (keçmiş Razin) qəsəbəsində yerləşən 74 nömrəli texniki peşə məktəbi haqqında tanınmış yazıçı və şairlərlə, orada orada keçirilən digər maraqlı görüşlər barədə şairə geniş geniş məlumat verdim. Bildirdim ki, məktəbin 2500 nəfərlik şagird və müəllim heyəti növbəti görüşün Sizinlə olmasını arzulayır. Sonra şairlər aramızda belə bir dialoq oldu:

M.İsmayıl: - Bəyim, dəvət üçün təşəkkür edirəm. Kollektivinizə mənim salamımı çatdırın. Amma vaxtım yoxdur.

- Məmməd müəllim, biz sizə konkret vaxt demirik. Özünüz uyğun bildiyiniz vaxtı seçin və biz də həmin günə hazırlaşarıq.

M.İsmayıl:

- Bəyim, vallah vaxtım yoxdur, işim həddindən artıq çoxdur.

 Daha israr eləməyin mənasız olduğunu görüb, “Canınız sağ olun” – deyib, şairlə xudahafizləşdim. Amma bir narazılığımı və incikliyimi bildirməsəydim sakitləşməzdim. Odur ki, kabinetin qapısından çıxhaçıxda dönüb şairə belə dedim:

- Məmməd müəllim, amma Sizin şeirlərinizdən indi gördüyüm belə bir Məmməd İsmayıl boylanmır…

 Bunu deyib qapıdan çıxmaq istəyirdim ki, şair məni səsləyib, saxladı.

M.İsmayıl:

- Dayan, dayan. O görüş harada olacaq deyirsən?

- Razin qəsəbəsindəki 74 nömrəli və 2500 nəfərlik kollektivi olan texniki peşə məktəbində.

M.İsmayıl:

- Bəyim, Allaha and olsun vaxtım yoxdur. Amma sənin bu sözlərinə görə o görüşə gələcəyəm. Bununla da sübut edəcəyəm ki, mən həmin o şeirlərdən boylanan Məmməd İsmayılam…

 Beləcə, Məmməd İsmayılla görüş baş tutdu və çox yüksək səviyyədə keçdi… O vaxtdan başlayan dostluğumuz bu günəcən, yəni düz 40 ildir davam edir.

memme-2

 Bir məqamı da qeyd etmək yerinə düşərdi. Deməli, həmin görüşdən təxminən bir ay sonra  şairin “Sahil” (o vaxtkı “26 Bakı komissarı”) metrostansiyası ərazisində olan iş yerinin yaxınlığından yolum düşmüşdü. Qərara gəldim ki, gedim salamlaşım, hal-əhval tutum.

 Səmimi qarşıladı. Salam-kalamdan sonra M.İsmayıl soruşdu, “Bəyim, eşidirəm… Bəlkə mənə görə bir qulluğunuz var…”. Cavab verdim ki, Məmməd müəlim, heç nəyə ehtiyac yoxdur. Sadəcə, Sizi görməyə gəldim.

 Bu cavabı eşidən şair xeyli təəccübləndi və belə dedi: ”İlk dəfədir görürəm ki, mənimlə görüş keçirəndən sonra hansısa bir istək, xahişlə yox, sadəcə, hal-əhval tutmaq üçün yanıma gəlirlər. Sənin bu təmənnasız dostluğunla həmişəlik varam”.

***

 Məmməd İsmayıl haqqında bir xatirə də danışıb, sonra 85 illik yubiley haqqında təəssüratlarımı bölüşərəm. Elə yubileydə də əsasən xatirələr çözələndi... 1992-ci ilin dekabrın 22-i idi. Həmin gün mənim ad günüm olduğundan tarix dəqiq yadımdadır. Mən 7 aydan çox idi ki, könüllü olaraq qatıldığım Qarabağ döyüşlərində idim. Topçuların komandiri kimi, bir çox döyüşlərdə iştirak etmişdim. Dediyim həmin tarixdən bir gün əvvəl hərbi işimizlə əlaqədar Bakıdakı hərbi hissəyə gəlmişdim. Məhz həmin ərəfədə Etibar Məmmədovun o vaxtkı Milli İstiqlal Partiyası  “AzTV”-nin qarşısında, teleşirkətin o vaxt sədri olan şairin iş fəaliyyətinə etiraz olaraq “Məmməd İsmayıla ölüm”, “Məmməd İsmayıla istefa” şüarı ilə piket keçirirdi. Bunu eşidəndə düzü çox pis oldum. Məmməd İsmayıl kimi bir şairə ölüm arzulamaq haqsızlıqdır axı. Mən də bu haqsızlığa etiraz olaraq teleşirkətə gedib Məmməd müəllimin özü ilə görüşmək istədim. İstəyirdim deyəm ki, ay Məmməd müəllim, şair hara, vəzifə hara?  Sənin burda nə işin var ki, Etibar kimi siyasətçi də gəlib sənə ölüm arzulasın?

 Qapıdakı polisə kimliyimi bildirmədim. Zabit  geyimində idim. Xahiş etdim ki, Məmməd İsmayıla deyin qəbula bir hərbçi gəlib. Fikirləşdim ki, görəsən, vəzifə Məmməd İsmayılı məmura çevirib, yoxsa şailiyində qalıb? Məmur olsaydı, bir bəhanə ilə qəbul etməyəcəkdi, şairdisə, qəbul edəcək… Elə bu zaman içəridən xəbər gəldi ki, hərbçi qəbul otağına buraxılsın. Təbii ki, Məmməd İsmayıl mənim döyüşə getməyimi bilmirdi. Ona görə də fikirləşdim ki, qoy ona sürpriz olsun. Qəbul otağında çox gözləmədim. Köməkçi, dəyərli ziyalımız, şair Ehtiram İlham çıxıb məni içəri dəvət elədi. Hərbi formada məni görən Məmməd İsmayıl bir az təəccübləndi və ayağa qalxıb görüşmək üçün irəli gələ-gələ dedi:

- Ayə, səndəmi döyüşə getmisən?

- Cavab verdim ki, bəli, Məmməd müəllim, bu bir Vətən borcudur…

  Bundan sonra qucaqlaşıb-görüşdük və söhbətə başladıq. Elə söhbətə başlamamış M.İsmayıl dedi:

- Elçin bəy, incimə sənə 15 dəqiqə vaxt ayırmışam. Efirə verilişlər getməlidir, onları baxıb, izləməliyəm.

- Məmməd bəy, mən də çalışaram fikrilərimi 15 dəqiqəyə sığışdırım.

 Əvvəlcə döyüş fəaliyyətim və Qarabağdakı vəziyyətlə maraqlandı. Bu barədə bir az söhbət edəndən sonra mətləbə keçdim və aramızda belə bir dialoq oldu:

- Məmməd bəy, şair hara, vəzifə hara? Azərbaycanda şair kimi özünü sübut etmək çox çətin məsələdir. Siz özünüzü şair kimi sübut edən 5-6 şairdən birisiniz. İndi sizə bu lazım idimi ki, vəzifəyə gələndən sonra Etibar Məmmədov gəlib “Məmməd İsmayıla ölüm” şüarı səsləndirir?

- Elçin bəy, onların niyyəti məlumdur. Onlar Etibarın partiyasından olan Babək Hüseynoğlunu bura sədr gətirmək istəyirlər. Niyyətləri budur.

- Məmməd bəy, həm də deyirlər ki, peşəkar kadrları heç bir günahı olmadan işdən çıxardırsınız.

 Adlarını da dedim. Biri rejissor, biri də diktor idi. İndi onların adlarını unutmuşam. Deyəsən, səhv etmirəmsə, diktorun adı Elşən Qələndərli idi.

Bundan sonra M.İsmayıl Elşən Qələndərlinin ərizəsini qarşıma qoydu və dedi.

- Budur, peşəkar kadr? Bu adam gör nə qədər savadsızdır ki, bir ərizəni belə yaza bilmir…

memme-3

 Ərizəyə baxdım, ilahi, 2-3 cümlədən ibarət olan bir ərizədə nə qədər məzmun və hərif səhvləri var idi. İşdən çıxarılan rejissor barədə isə belə dedi:

- Elçin bəy, bu adam verilişinin efirə getməsi üçün müəllif olan ailəli xanımla pis rəftar edib… Xanım ağlaya-ağlaya yanıma gəlmişdi ki, həyat yoldaşım bilsə, qan düşəcək. Məsələni bilən kimi, dərhal həmin rejissoru çağırıb, maddə ilə qovmamaq üçün işdən çıxması haqqında öz ərizəsini aldım. İndi isə həmin adam qəzetlərdə car çəkir ki, M.İsmayıl məni haqsız olaraq işdən çıxardıb. Qoy mənim günahım varsa, desin. Bu rejissor yaxşı bilirdi ki, xanımın adının biabır olmaması üçün, onun işdən çıxma səbəbini açıqlaya bilməyəcəyəm. Bundan əlavə, işdən çıxardığım başqa adamlar da var. Buradan Rusiyanın, İranın, Ermənistanın agentlərini təmizləyirəm. Mən bura milli toxum əkirəm və onlar nə vaxtsa cücərəcək.

- Yaxşı, Məmməd bəy, bunu da başa düşdüm. Bir məsələni də qabardırlar ki, kameralar çatışmır, Məmməd İsmayıl da sədr kimi heç bir iş görmür.

- Elçin bəy, bu məsələni də həll etmişəm. Bax, oturduğum bu otağın üstündə iki milyon dollarlıq kameralar və müasir avadanlıqlar almışıq. Bu gün, sabah redaksiyalara paylanacaq.

- Çox gözəl, bir də deyirlər ki, Məmməd Ismayıl efirə bütün gün saz havaları verir.

- Elçin bəy, bu xalqı tam razı salmaq mümkün deyil. Saz havası verirsən, deyirlər ki, ölkədə müharibə gedir, Məmməd İsmayıl çal-çağırdadır.

Bu zaman yanındakı televizorda simfonik orkestrin çıxışını göstərib sözünə belə davam etdi:

-Bax, görürsən indi simfonik orkestr çıxış eləyir. Bunu da görüb deyirlər ki, əşi, nə qədər yasda olmaq olar e. Məmməd İsmayıl efirə yas havaları verir.

Bundan sonra dedim:

- Məmməd bəy, bütün bu dediklərinizə rəğmən mən sizi məmur kimi görə bilmirəm.

- Bəs nə təklif edirsən, Elçin?

- Mən nə təklif edə bilərəm ki?! Hər şeyi özünüz “Sən kimi seçirsən?” şeirində demisiniz:

 “Bu mən, hər şeyi atıb gedərəm,

Uduzub gedərəm, udub gedərəm.

Əlimi üzümə tutub gedərəm,

Sən kimi seçirsən, sən kimi xalqım?”, -deyərək əlavə etdim:

-İndi bu şeirdə dediyiniz kimi, əlinizi üzünüzə tutaraq, çıxıb gedin. Sonra bura kimi seçərlər özləri bilərlər. Şairin vəzifədə nə işi var? Məmməd bəy, nə deyirsiniz deyin, yenə də mən Sizi məmur kimi görə bilmirəm...

 Özümlə şairin avtoqraf yazmadığı son iki kitabını da götürmüşdüm. Onları stolun üstünə qoyub dedim:

- Məmməd bəy, unutmayın ki, şairsiniz, zəhmət çəkin, bura avtoqraf yazın ki, şair olduğunuz yadınıza düşsün.

 Mənim bu sözümdən sonra şair təsirləndi və dedi:

- Allaha and olsun şeir yazmağı unutmamışam. Yeni şeirlərim var.

 Bu zaman sağ və solunda olan kağızların arasını bir xeyli axtardı və dedi:

- Təzə şeirlərimi bilmirəm hara qoymuşam, axtarmağa vaxt da yoxdur…

 Yalnız bu zaman Məmməd İsmayıl mənə ayırdığı 15 dəqiqə vaxtın bir saat ötdüyünü bildi. Və beləcə sağollaşıb, xoş təəssüratla ayrıldıq.

***

 Sonralar M.İsmayıl müsahibələrində, dost-tanışla söhbətlərində teleşirkətdəki görüşümüz barədə belə demişdi: ”Dostlarım arsasında Elçin yeganə adam oldu ki, gəlib demədi mənə də vəzifə ver, yeyib, dağıdım… Əksinə, birbaşa üzümə dedi ki, bu vəzifədən çıx get”.

 Məmməd İsmayıl haqqında xatirələr çoxdur. Elə oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində keçirilən yubileydə də şeirlərdən çox şair haqqında xatirələr səsləndi. Bu xatirələrin hər biri tarixdir. Beynəlxalq Muğam Mərkəzində xalq şairi Sabir Rüstəmxanlının aparıcılığı ilə keçən tədbir zala yığışan Məmməd İsmayılsevərlərin yaddaşına əbədi həkk olundu.

 Milli Məclisin deputatları Aydın Hüseynov, Fazil Qəzənfəroğlu, ədəbiyyatşünas Muxtar müəllim, Tibb Universitetinin professoru, hamının sevimlisi Rəşid Mahmudov, şair Şərif Ağayar, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Yazıçılar Birliyinin adından yazıçı Elçin Hüseynbəyli və bir çox tanınmış şairlər, yazıçılar, ədəbiyyatşünaslar, tənqidçilər şair haqqında olduqca maraqlı çıxışlar etdilər. Azər Turan maraqlı bir xatirə danışdı: “Hələ sovet dövrü idi və Məmməd İsmayıl o vaxtlar üçün olduqca demokratik olan “Gənclik” və rus dilində “Molodost”  jurnallarının baş redaktoru idi. Mən də royondan o jurnala yazılar göndərirdim və çap olunurdu. Amma M.İsmayıl məni heç tanımırdı da... Həmin vaxt o jurnallarda çox cəsarətli yazılar dərc olunurdu. Məmməd İsmayıl 1992- ildə Lənkərana gəlmişdi. Gələn kimi də xahiş edib ki, məni tapsınlar. Beləcə, şairlə ilk görüşüm oldu. Mən adi bir kənd uşağı idim. Amma buna baxmayaraq, Məmməd İsmayl  onun rəhbərlik etdi jurnala yazılar göndərən bir gənclə görüşməyi özünə borc bilmişdi. Bu, mənim Məmməd İsmaylla ilk görüşüm idi. “Gənclik” jurnalı demokratik mətbuatın ilk qaranquşu sayılırdı...”

***

Bədii qiraət ustaları, əməkdar artist Ağalar Bayramov, Xəzər Süleymanlı özlərinə məxsus çəkildə Məmməd İsmayıl poeziyasından nümunələri tamaşaçılara söylədilər. Bu sətirlərin müəllifi olaraq aparıcı S.Rüstəmxanlı mənə də söz verdi. Çıxış edənlərin çox olduğunu və vaxt məhdudiyyətini nəzərə alıb, çıxışımı qısa edərək şairin “Vətən” şeirini söylədim. Həmin şeiri aşağıda təqdim edəcəyəm. Çıxışımda isə, qısa olaraq belə dedim: “Mən xoşbəxt insanam ki, türk dünyasının böyük şairi, artıq canlı klassikimiz olan Məmməd İsmayılla eyni dövrdə yaşayıram. İkiqat xoşbəxtəm ona görə ki, Məmməd İsmayıl kimi dahi bir şəxsiyyətlə 40 ildir dostluq edirəm. Şairin 85 illik yubileyini “Təzadlar” qəzetinin kollektivi, Baş redaktor Asif Mərzilinin və öz adımdan ürəkdən təbrik edirəm. M.İsmaylın çoxsaylı şeirlərini əzbərdən söyləyə bilərəm. Amma vaxtı nəzərə alıb şairin “Vətən” şeirini sizlərə təqdim edirəm”.

memmed-1

Tədbirdə, həmçinin Respublikanın Xalq artisti Gülyanaq Məmmədova, Aşıq Zülfiyyə, muğam ifaçısı Rövşən və digər ifaçılar öz musiqiləri və mahnıları ilə tamaşaçıların zövqün oxşadılar.

 Nə yaxşı ki, bu tarixi anları Azərbaycan Televiziyasının operatorları lentə alırdılar. Tədbirin 3 saat davam etməsinə baxmayaraq, heç kəs yerindən tərpənmək istəmirdi. Amma müxtəlif xəstəliklərdən əziyyət çəkən və ayaqları tutulmuş şairə çox əziyyət vermək olmazdı. Ona görə də Sabir Rüstəmxanlı tədbiri yekunlaşdırmaq üçün son sözü yubilyarın özünə verdi. Sonda Məmməd İsmayıl qısa, lakin məzmunlu çıxışı ilə tamaşaçıları kövrəltdi və dəfələrlə gurultulu alqışlar qazandı. Həmin çıxışı təqdim edirəm:

- Əziz bura yığışan istəkli oxucular. Bu salonun belə dolmağı məni çox sevindirdi. Fikirləşirdim ki, çox adam gəlməz. Hətta 15-20 nəfər gəlsəydi belə, mən yenə bu görüşü keçirəcəkdim. Amma mən gəldim, bu salonu dolu gördüm. Ona görə də özümlə yox, sizlərlə qürur duydum. Onda hiss etdim ki, “hələ yaşamağa dəyər bir az da...” (Gurultulu alqışlar). Bir daha başa düşdüm ki, sözə, saza, şeirə, söz sahibinə dəyər verən insanlar varsa, deməli, bu xalq hələ yaşayır. Buna görə mən çox sevindim, hər birinizə təşəkkür edirəm. (Alqışlar). Bildiyiniz kimi, mən uzun müddət Türkiyədə yaşayıb, işlədiyimdən şeir gecələrindən ayrı düşmüş bir quşam. Və belə şeir gecələrinin çox həsrətində olmuşam. Düzdür, mənim Türkiyədə böyük şeir gecələrim keçirilib. Türkiyədə bu cəhətdən ac qalmamışam. Orada çoxsaylı görüşlərim olub, televiziyaların hörmətli qonaqları olmuşam. Türkiyə də bizə Vətəndir. Amma Azərbaycan mənim doğulub böyüdüyüm Vətəndir. Vətəndəki belə görüşlər üçün çox darıxmışdım. Mən çox təəccübləndim ki, belə uzun ayrılığa baxmayaraq, şeirə, sənətə hələ də belə dəyər verən insanlar var. Bu zalda müxtəlif yaş qrupundan olan insanlar əyləşib. Bu insanların qarşısında bu gün çıxış eləmək də çətindir, dilim də dolaşır, qocalıq yaşına da çatmışam. Sizlərin sözə, şeirə, sənətə verdiyiniz belə dəyər qəlbimi sevinc hissi ilə doldurur. Sevindim ki, burada Azərbaycanda, Bakıda sözə, şeirə bu qədər sevgi var. Şair o zaman özünü şair kimi hiss edir ki, onun görüşünə bu qədər insanlar gəlir. Allah sizin sevginizi məndən əksik eləməsin. Sizin hər birinizə, öz qızıldan qiymətli vaxtınızı ayırıb, üç saat mənimlə birlikdə olduğunuza görə minnətdarlığımı bildirirəm, Sizə cansağlığı və uzun ömür arzulayıram. Çox sağ olun!(Bu dəfə gurultulu alqışlar xeyli davam etdi).

 Görüş başa çatandan sonra, şairlə şəkil, video çəkdirmək istəyənlərin sayı-hesabı yox idi. Bu da Məmməd İsmayıl poeziyasına və şəxsiyyətinə  oxucular tərəfindən verilən yüksək dəyərin göstəricisi idi. Oxucuların belə sonsuz sevgisini və şairə vedikləri yüksək dəyəri görəndən sonra, elə özün demiş, “Hələ yaşamağa dəyər bir az da”, Məmməd İsmayıl!

***

İndi də ustad şairimiz Məmməd İsmayılın son illərdə yazdığı bir neçə şeirini oxucuların diqqətinə təqdim edirəm:

 Vətən

Bilməzdim bir yağlı tikəsən, Vətən,

Azala-azala gəlirsən dada.

Quzu dərisinə bənzər xəritən,

Quruya-quruya qalıb ortada,

 

Qatlasan qatlanar, dartsan uzanmaz,

Rus barmaq uzadır, fars əl çəkəndə.

Bir yanın Dəmavənd, bir yanın Qafqaz,

Ah, nələr çəkmədin bu yel çəkəndə!

 

Səni unutmadı düşmənlər bir an,

Tamah sancıları tutur, buraxır.

Kabab iyisinə oyanıb İran,

Rusiya da Pyotrun gözüylə baxır.

 

Gələn əsrlərin səssiz fəryadı,

Hopur varlığıma torpaqdan, sudan,

Qanıxmış iştahı diş altındadır,

Bir it də arabir hürur qonşudan.

 

Gah ayı payısan, gah aslan payı,

Götürmək istəyir səni ortadan:

Aslan dərisinə bürünən ayı,

Ayı dərisinə bürünən aslan.

 

Üstündə mələklər ocaq qalayan,

Ah sən də bir ulu yurd ola bilsən.

Doğudan Batıya ruhu ulayan,

Quzu dərisində Qurd ola bilsən!..

***

Qurd

Hardan dolub canıma

Bir belə yurd sevgisi.

Sönülməz, söndürülməz

Dədə Qorqud sevgisi.

Bu sevgi-qurd sevgisi.

Atan qurddu, anan qurd,

Hardan çıxdın, a manqurd?!

Bəlkə də heç dədəmiz,

Qorqud deyil, qor qurddu,

Qurd çoxunu qorxutdu.

Yer öküz üstdə durmur,

Yerin qurd dirəyi var.

Qurd ürəyi yemisən,

Səndə qurd ürəyi var.

Qurdu gözdən qoyanlar

Yolunu azıb ağlar.

Düşmən quduzlaşdımı

Gedib qurdağzı bağla.

Özün qurd, ənənən qurd.

Unutdunmu bu səsi?!

Sən ey, göydən enən qurd,

Sən ey, şaman nəğməsi?!

Daha nə dəyişdi ki,

Qurd onsuz da adladı.

Daş o günə düşdü ki,

Qurd qoyunla otladı.

Ruhumuz yadlaşıbdı,

Möhtac olub yurd elə.

El yolunu çaşıbdı,

Allah, məni qurd elə.

***

Boğazdan keçən gəmilər...

Kim sənin bəxtini qürbətə yazdı,

Vətənmi istədi, vaxtmı dışlayır?

Düşdüyün çıxılmaz bir dar boğazdı,

Bir az o tərəfdən dəniz başlayır...

 

Suların axarı əymiş sahili,

Bir dəfə əyilən bir də düzəlməz.

Qürbətə səpilən ömrün on ili,

Vətən istəsə də geriyə gəlməz...

 

Dünyaya qarışdın, dünyayla birsən,

Kim səni yurdundan saldı dərbədər?

O gözəgörünməz kimdi deyirsən,

Qədərmi deyirsən, bəlkə də qədər...

 

Çıxsan, çıxanmazsan cazibəsindən,

Qədərin saldığı görünməz iz var...

Gecə martıların qərib səsindən

Bilərsən hardasa çay var, dəniz var...

 

Vətən də eləcə xəyaldı burda,

Nə ad verəcəksən bu seçkinliyə?

Və canından artıq sevdiyin yurda

Ayağın dəymirsə üç-beş günlüyə...

 

Doğmamı, ögeymi Egeylə Xəzər,

Varmı bir cavabın bu suala su?

Yelinə uçmağa kölgəni gəzər,

Üfüqlər ardında qartal balası.

 

Fikrinin ucunda o ev, o daxma,

Sonu görünməyən bir sitəm ilə.

Hər gün boğazına tıxanan loxma

Və hər gün boğazdan keçən gəmilər...

***

Qırxıncı qapıyam

Qırxıncı qapıyam sirrim bilinməz,

Bir sirr ki, nə axşam, nə sabah bilər.

Mən elə yerdəyəm, yerim bilinməz,

Yerdəyəm, göydəyəm, bir Allah bilər.

 

Ömür-yaşanası həftələr, aylar,

Ölüm-duyulası son xəbər olur.

İtirir adını dənizdə çaylar

Xəzərə çatdımı Kür, Xəzər olur.

 

Mən ki, gözləmədim gözə girməni,

Bir gün gözdən çıxar gözə girənlər.

Mən sənə qıymaram, sən itir məni,

İtir, əziz olur itirilənlər...

 

Gəldiyim kimi də getmək gözəldi

Bədəndən sıyrılıb ruh olmaq gözəl.

Dənizə qarışıb itmək gözəldi,

Tanrıya qovuşub yox olmaq gözəl!

***

Deyərsiz

Baxarsan ağarar gözün qarası,

Baxdın, ya baxmadın, iz qalmaz suda.

Bir ömür-axşamla sabah arası,

Sabah xoş gördükmüş, axşam əlvida.

 

Ömrüm keçib gedir dar bir boğazdan,

Bu dəniz gözümdə böyüdür qəmi.

Gözdən itəcəyəm, yoxam bir azdan,

Həsrət sularında mənəm o gəmi.

 

Deyərsiz, bilmədik ömür sürəli

Vaxtın söz sovunda, çat ha çatında.

Atadan, anadan, yardan irəli

Varmış sevgilisi Vətən adında.

 

Deyərsiz, dərd sürdü, ömür sürmədi,

Axırda mənzilə yetdi deyərsiz.

O, bu zəmanədən söz götürmədi,

Başını götürüb getdi deyərsiz.

***

Uğur gözləyirsən...

Uğur gözləyirsən, səbir nəhs gəlir,

Sən avand gedirsən, işin tərs gəlir.

 

Yol özü qıvrıla-qıvrıla gedir,

Su özü burula-burula gedir.

 

Çevrədə nə qədər dərə var, dik var,

Dünyanın özündə bir əyrilik var.

 

Biz necə düz deyək bu yola, izə,

Düz yolu düz ilan əyri gedirsə...

***

Tanrı bilər

Şirinliyi hardan alır

bal nə bilsin

Sora bilsən,

gedib soruş,

arı bilər.

Axşam harda yatdığını

sən bilirsən

Sabah harda oyanarsan

Tanrı bilər…

***

Hazırladı: Elçin MƏMMƏDLİ

P.S. Məmməd İsmayılın 85 illik yubiley tədbirinin keçirilməsinin təşkilatçı kimi əziyyətini çəkən  “Tovuz” Xeyriyyə Cəmiyyətinin rəhbərliyinə və bütün üzvlərinə sonsuz təşəkkürümüzü bildiririk.

Chosen
39
33
tezadlar.az

10Sources