“Qərb ölkələri və Kiyev hökuməti sülhə can atmır və buna görə də Türkiyə də daxil olmaqla istənilən ölkənin vasitəçilik səylərində uğur qazanacağı mümkün görünmür”.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyet” qəzetinə müsahibəsində deyib.
"Deyəsən, rəqiblərimiz sülh istəmir. Prezident Vladimir Putinin iyunda təklif etdiyi sülh təşəbbüsünə Ukraynanın reaksiyası Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsi və digər sərhəd bölgələrindəki hədəflərə hava zərbələri endirməsi olub. Vaşinqton və onun müttəfiqləri Kiyevə geniş dəstək verməkdə davam edir, Qərbin uzaqmənzilli raketlərinin Rusiya ərazisinə endirilməsi üçün imkanları müzakirə edirlər. Zelenski Moskva ilə danışıqları qadağan edən əmrini ləğv etməyib”-, Lavrov bildirib.
Diplomat qeyd edib ki, Türkiyənin Ukrayna ilə hərbi əməkdaşlığı Ankaranın Rusiya-Ukrayna münaqişəsində vasitəçilik səyləri fonunda təəccüb doğurur:
"Təəssüflər olsun ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna Silahlı Qüvvələri tərəfindən rus əsgərlərini və mülki vətəndaşlarını öldürmək üçün istifadə olunur”.
O vurğulayıb ki, Rusiya Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndirir:
"Biz Türkiyənin Ukrayna böhranının həllinə kömək etmək səylərini yüksək qiymətləndiririk. Türkiyə hökuməti 2022-ci ilin yazında Kiyev nümayəndələri ilə məsləhətləşmələr üçün İstanbul platformasını təklif etməklə və taxıl müqaviləsini asanlaşdırmaqla həlledici rol oynadı”.
Lavrov sonda bildirib ki, Rusiya siyasi nizamlanmaya nail olmağa açıqdır:
“Lakin bu sadəcə olaraq müvəqqəti atəşkəsə gətirib çıxarmamalı, münaqişənin əsas səbəblərini aradan qaldıraraq həllinə yönəlməlidir.Bunlara NATO-nun şərqə doğru genişlənməsi, Rusiyanın əsas təhlükəsizlik maraqlarına təhdidlər yaradılması və Kiyev rejiminin rusların və Ukraynanın rusdilli sakinlərinin hüquqlarını pozması daxildir”.
Firuzə Əliyeva