EN

COP29: Seçim Ermənistanındır, itirən biz deyilik

Ermənistan yürütdüyü işğalçı siyasətinə görə, son 30 ildə bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Həm Ermənistan, həm də dünya rəsmiləri etiraf edirlər ki, yürüdülən siyasət işğalçı dövlətin iqtisadiyyatını tənəzzülə uğradıb. Hazırda Ermənistan iqtisadi inkişaf səviyyəsinə görə, hətta inkişaf etməkdə olan dövlətlərdən belə aşağı göstəriciyə malikdir. Şübhəsiz ki, dayanıqlı iqtisadi inkişafa malik olmayan ölkə siyasi arenada da söz sahibinə çevrilə bilməz. Elə bu səbəbdən də Ermənistan beynəlxalq tədbirlərdə müstəqil dövlət kimi deyil, hansısa ölkənin yedəyində getməyi üstün tutur. Hazırda da dünyanın 50-dən artıq ölkəsinin dövlət və hökumət başçılarının təmsil olunacağı, ümumilikdə isə 80 mindən artıq nümayəndənin iştirak edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak edəcəyi ilə bağlı tərəddüd keçirir. Ölkə rəsmən dilemma qarşısında qalıb ki, belə yüksək səviyyəli beynəlxalq tədbirdə iştirak etsin, ya yox? İştirak etsə bunu hamiləri necə qəbul edərlər, iştirak etməsə hansı qınağa səbəb ola bilər? Hansı ki, Ermənistan belə möhtəbər tədbirdən ali tribuna kimi istifadə edə bilər. Bax, beləcə haça-paça qalan Ermənistandan nəhayət ki, ilkin açıqlama gəldi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakının evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak edə biləcəyi barədə açıqlama verib. Maraqlıdır, Ermənistan tərəfindən belə bir açıqlamanın verilməsində məqsəd bədən ibarətdir? 
Əvvala qeyd edək ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün Ermənistana, o cümlədən xarici işlər naziri Ararat Mirzoyana dəvət göndərilib. Xatırladaq ki, Azərbaycan bir müddət əvvəl Ermənistanı COP29-a dəvət etdiyini açıqlayıb. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. O, qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. Prezidentinin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar "Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır". "İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır". Bir neçə gün öncə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan dəvət məktubunu aldıqlarını təsdiqləyib. Ancaq o, hələlik iştirakla bağlı qərar verilmədiyini bildirib. Nazir müavininin sözlərinə görə, hazırda bu məsələ hökumətdə müzakirə olunur. Bu arada isə "Hraparak" qəzeti Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın  noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak etmək niyyətində olduğunu bildirib. Qəzetin məlumatına görə, rəsmi mənbələr Ararat Mirzoyanın Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək niyyətində olduğunu bildirir. Ancaq yekun qərar hələlik verilməyib. 
Bir daha xatırladaq ki, Azərbaycan tərəfindən COP29-da iştirakla bağlı Ermənistana dəvət göndərilib və bəyan edib ki, tədbirdə iştirak edəcək istənilən dövlətin nümayəndəsi ən yüksək səviyyədə qəbul ediləcək, eləcə də təhlükəsizliyi təmin olunacaq. Çox təəssüf ki, işğalçı dövlət COP29 kimi beynəlxalq tədbirdə belə Azərbaycanla "alver etmək" niyyətinə düşüb. Belə bir qənaətə gəlməyə Mirzoyanın verdiyi aşıqlamadakı ifadələr əsas verir. Belə ki, "Hraparak" qəzetinin yazdığına görə, Mirzoyan hakim Mülki Müqavilə Partiyasının iclasında COP29-da iştirak etmək niyyətində olduğunu, Baş nazir Nikol Paşinyanın razılığı ilə Bakıya səfəri zamanı erməni diversantların danışıqlar çərçivəsində qaytarılmasını istəyəcəyini bildirib. Məlumata görə, XİN başçısının haqqında danışdığı şəxslər separatçı liderlər deyil, sayları elə də çox olmayan bir neçə diversantdır. Lakin Mirzoyanın Bakıda sadəcə onların qaytarılması şərtini irəli sürəcəyi, bunu ciddi şəkildə tələb etməyəcəyi qeyd olunur. O, diversantlar qaytarılmasa belə, sammitə qatılıb bu məsələdə müzakirə aparacağını deyib.
Bəs, Mirzoyanın bu istəyi nəyə hesablanıb və onun reallaşdırılması mümkündürmü? Birmənalı şəkildə qeyd edilməlidir ki, Ermənistan hökuməti Azərbaycanda həbsdə olan diversantların və terrorçuların azad olunmasına nail olmaq üçün beynəlxalq tədbirdən vasitə kimi istifadə etməyə çalışır. Əslində bu istək özündə iki məqsədi ehtiva edə bilər. Birincisi: Tədbirə gatılıb reallaşdırılması mümkün olmayan tələb irəli sürməklə Azərbaycan barədə mənfi imic formalaşdırmaq; İkincisi:  Tədbirdə iştirak etməmək üçün sözügedən tələbdən bəhanə kimi istifadə edilməsi. 
Bəs, Mirzoyanın tələbinin reallaşdırılması mümkündürmü? Əvvala qeyd edək ki, Mirzoyan elə açıqlamasında diversantları, hərbi cinayətkarları sanki siyasi məhbus kimi qələmə verməyə çalışır. Hansı ki, onlar törətdikləri insanlığa sığmayan hərbi cinayətlərinə görə məhkum olunublar. Mirzoyan işlətdiyi "bəzi diversantlar" ifadəsi ilə isə dövlət rəhbərlərinin şəxsi maraqlarını önə çəkir. Nəzərə alaq ki, burada söhbət qətiyyən separatçı Ruben Vardanyandan getmir. Çünki Vardanyanın həbsdən azad edilməsi Ermənistan iqtidarının marağında deyil. 
Əslində Ermənistan çox yaxşı bilir ki, sözügedən tələbin icrası hüquqi baxımdan mümkün deyil. Çünki, ortada Azərbaycanla Ermənistan arasında ekstradisiya ilə bağlı saziş yoxdur. Ekstradisiya o halda icra edilir ki, saxlanılan şəxs barədə məhkəmə qətnaməsi çıxarılır, "Ekstradisiya haqqında" Avropa Konvensiyasına əsasən cəzasını çəkmək üçün ikinci ölkəyə verilir. Yeri gəlmişkən xatırladaq ki, "Ekstradisiya haqqında" Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsi Azərbaycan parlament tərəfindən müzakirə edilib. Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilən sənəddə qeyd edilir ki, Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək. Qeyd edək ki,  Protokol 1957-ci ildə Ermənistanın böyük bacısı olan Fransada qəbul edilmiş "Ekstradisiya haqqında" Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir.
Şübhəsiz ki, Ermənistan tərəfi bunu bilməmiş deyil ki, həbsdə olan şəxslərin geri qaytarılması dövlətlərarası razılaşma ilə həyata keçirilir ki, bunun üçün hər iki ölkə beynəlxalq sənədi qeyd-şərtsiz ratifikasıya etməlidir. Məsələn, Macarıstanda həbs olunan Azərbaycan vətəndaşı Ramil Səfərovla belə bir fakt oldu və Macarıstan onu mühakimə etdikdən sonra cəzasını çəkməsi üçün Azərbaycana təhvil verdi, Azərbaycan Prezidenti də öz səlahiyyətindən istifadə edib onu azadlığa buraxdı. Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin törədilməsində iştirak edən şəxslərin geri qaytarılaraq azadlığa buraxılması isə məqsədəuyğun deyil. 
Belə məlum olur ki, COP29-da iştirak etmək üçün Ermənistan Azərbaycan qarşısında şərt qoyur. Deməli, Ermənistan İqlim dəyişikliyi ilə mübarizəyə hansısa töhfə vermək istəyindən uzaqdır. Hansı ki, işğal altında saxladıqları torpaqlarda flora və faunaya elə zərbə vurublar ki, onun bərpa olunmasına illərlə vaxt lazımdır. Şübhəsiz ki, Ermənistanın ekoloji cinayətləri ilə bağlı faktlar sözügedən tədbirdə səsləndiriləcək və bunu belə bir ali tribunadan eşitmək Mirzoyanın ürəyincə deyil. Yeri gəlmişkən xatırladaq ki, bir müddət öncə  Avropa İttifaqının İnsan Hüquqları üzrə Komissarı Nikolas Şmit  günahsız mülki azərbaycanlıları qətlə yetirmiş erməni hərbi cinayətkarların azadlığa buraxılmasına çağırış etmişdi. Hərbi cinayətkarın, qadın, uşaq, qoca demədən ucdantutma insanları qətlə yetirən nasistin azadlığa buraxılmasına çağırış heç cür başa düşülən deyil. Görünür, Mirzoyanın belə bir fikir irəli sürməsi Avropa İttifaqının tövsiyyəsidir. Amma bizim üçün fərqi yoxdur. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, istənilən dövlətin təmsilçisi, o cümlədən ermənilər ölkəyə gələ bilər, onların təhlükəsizliyinə dövlət səviyyəsində zəmanət verilir. Ermənilərin Azərbaycana dəfələrlə səfərləri baş tutub və onların təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilib. Şübhəsiz ki, bu dəfə də belə olacaq, ancaq belə halda Ermənistanın hansısa məkrli niyyətinin olduğunu hiss etmək adamı iyrəndirir. Bütün halda, seçim Ermənistanındır, itirən biz deyilik. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
33
olaylar.az

1Sources