EN

"Bu hadisəni atama demə" - "Bakıxanov" çörək zavodunda olan qətlin təfərrüatı 

"Bakıxanov" çörək zavodunda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Sübhan Bayramov təqsirləndirilən şəxslə birgə işlədiyini bildirib:

"Mən "Bakıxanov" çörək zavodunda bölgə müdiri vəzifəsində çalışıram. Səhər gəlib reyslərin tez və operativ şəkildə çıxmasına, eyni zamanda çörəyin vəziyyətinə nəzarət edirik. Mən içəridə oturanda işçilər dedilər ki çöldə iki əməkdaş dalaşır. Mən çölə çıxanda gördüm ki, təqsirləndirilən şəxs Elşən Məmmədov hadisə yerindən uzaqlaşıb, lakin mərhum Etibar Salamzadə isə yerdə uzanıqlı vəziyyətdədir. Mən dərhal təcili yardıma zəng vurdum lakin onlar yubanırdılar. Mən mərhumu maşına qoyub Sabunçu rayon xəstəxanasına apardım. Mənə yolda deyirdi ki, bu hadisəni "atama demə". Mənə kimlə mübahisə etdiyini demədi". Daha sonra dövlət ittihamçısı Vüsal Mehrəliyev təqsirləndirilən şəxsin ifadəsində ziddiyyət təşkil etdiyini və onun ibtidai istintaq dövründə verdiyi ifadəsinin elan edilməsini istəyib. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini elan edib. Məlum olub ki, mərhum - zərərçəkmiş yaralı olanda ona bıçaq zərbəsinin Elşən Məmmədov tərəfindən vurulduğu məlum olub. 

Daha sonra məhkəmə şahid Orxan İsmayılovun məcburi məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edib.

Digər şahid Ruslan Pənahovun isə ölkə xaricində olduğu üçün ifadəsi gələn prosesdə elan ediləcək.

Məhkəmənin növbəti iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Etibar Salamzadə işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı Elşən adlı şəxslə mübahisə edib. Daha sonra hər iki tərəf zavoddan çıxaraq küçədə əlbəyaxa dava ediblər. Elşən Məmmədov Etibar Salamzadəyə bıçaq zərbələri endirib. Yaralı Etibar Salamzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Elşən Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli

Chosen
2
50
unikal.az

10Sources