EN

Vətən müharibəsinin xronikası: 4 noyabr

• Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün twitter hesabında bildirib.

• Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib.

"- Cənab Prezident, Siz artıq qələbəni dadmısınız?

- Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik.

- Putin müdaxilə etmək istəmir. Beləliklə, Siz maneəsiz hərəkət edə bilərsiniz?

- Əslində, mən dəfələrlə vəziyyəti şərh etmişəm ki, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri - üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Ona görə də, bu ölkələr özləri həll üçün qanuni baza yaradıblar. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmədi. Mənim istinad etdiyim başqa bir məqam ondan ibarətdir ki, vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar. Lakin onlar neytral olmasalar, vasitəçi ola bilməzlər. Ona görə də, bizim yerində bu və ya digər dərəcədə gördüyümüz neytrallıq, düşünürəm ki, işlərin necə getməsinin yeganə yoludur. Odur ki, bu, bizim üçün yaşıl işıq deyildi. Biz sentyabrın 27-də Ermənistanın hücumunadək nə edəcəyi barədə 100 faiz təsəvvürümüz olmadan cavab verdik, biz ölkəmizi qorumaq, insanlarımızı qorumaq və ədaləti bərpa etmək üçün doğru olduğunu düşündüyümüzü etdik.

- Rəsmi Ankaranın dəstəyi Sizin fəaliyyətiniz üçün nə dərəcədə səmərəlidir?

- Çox səmərəlidir. Bu dəstək lap əvvəldən, sentyabrın 27-də başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə Prezidenti çox aydın bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi. Mən dəfələrlə o fakta diqqət çəkmişəm ki, bu, yalnız siyasi və mənəvi dəstəkdir, lakin bu, kifayət idi. Çünki Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik. Ona görə də, toqquşmaların ilk saatlarında başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir.

- Sizin ordunuzla birlikdə Ermənistana qarşı döyüşən mücahidlərin mövcudluğu barədə Prezident Makron, Rusiyanın Xarici İşlər nazirinin söylədikləri barədə nə deyə bilərsiniz? Bu, doğrudur?

- Bu müddət ərzində, bir aydan çox vaxtda mən artıq dəfələrlə bu məsələyə diqqət çəkmişəm və demişəm ki, bu, doğru deyil. Bu, doğru məlumat deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdı və hələ də yayılır. Birincisi, bizə bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim olunmayıb. Hamısı sözlər idi və bu sözlər münaqişənin ilk günlərində söylənmişdi. Siz Prezident Makronun bununla bağlı bəyanatına istinad etdiniz. Bu, yalnız münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana biz bu cür bəyanatlar eşitməmişik. Bu, birincisi. Heç bir sübut, heç bir dəlil. İkincisi, ehtiyac yoxdur. Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də, buna ehtiyac yoxdur. Lakin əfsuslar olsun ki, digər tərəfdə baş verənlərə məhəl qoyulmur. Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, bizim onları döyüş meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağrılıdır. Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, məğlubedilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların “guya məğlubedilməz ordusu” əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir.

- 98 faiz ermənilərin məskunlaşdığı ərazidə mümkün qələbəni qazanmağın Sizin üçün hansı çətinliyi olacaq?

- Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşıb, çünki bütün azərbaycanlılar didərgin salınıblar. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdilər. Bu, statistikadır, bizim deyil, sovet dövrünün statistikasıdır. 1970-ci illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində müxtəlif millətlərdən olan neçə nəfər yaşayırdı? Əhalinin demək olar ki, 25 faizi azərbaycanlılar idi, 40 min nəfər. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar. Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb. Biz Ermənistana qarşı hər hansı sanksiyaları görmədik, bizə hər hansı ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu, edildi və onlar yerində reallıq yaratdılar. Bu, birincisi. İkincisi, 200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə - 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər. Beləliklə, bu, tarixi hissəsidir. İndi sizin sualınıza gələk. Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanın müxtəlif yerlərində, əsasən, Bakıda minlərlə erməni yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər.

- Üç atəşkəs artıq pozulub. Sülh danışıqlarının heç bir nəticə vermədiyi görünür. Buna görə kim günahkardır?

- Ermənistan. Xronologiyaya nəzər salın. Birinci atəşkəs Moskvada razılaşdırılmışdı, 24 saatdan da az vaxt ərzində onlar Ermənistan ərazisindən ballistik raketlə Gəncəyə hücum etdilər. Bu, sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr ballistik raketin haradan buraxılmasını aşkar edə bilərlər. Odur ki, onlar raketin Ermənistandan buraxıldığını bilirlər. Paşinyan bunu onlar etməyiblər dedikdə yalan danışırdı. Bu, 24 saatdan az müddətdə baş vermişdir və onlar gecə çox namərdcəsinə hücum etdilər, onlar bilərəkdən yaşayış yerinə hücum etdilər və bu iki hücum nəticəsində demək olar ki, 30 günahsız insan, o cümlədən uşaqlar öldürülmüşdür. İkinci atəşkəs elan olunduqdan beş dəqiqədən sonra onlar tərəfindən pozulmuşdur və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə bunu edən biz deyildik. Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi.

- Üç həftə bundan qabaq görüşdüyüm baş nazir Paşinyana cavabınız nə olar? O dedi ki, Dağlıq Qarabağda yeni soyqırımının olmasından qorxur.

- Tamamilə yalandır. Onların bütün tarixi yalandır. Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağlıq Qarabağda yaşayan heç bir azərbaycanlı yoxdur. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi? Bu, monorespublikadır. Nəyə görə? Çünki onlar ya hər kəsi qovublar, ya da başqa millətlər orada yaşaya bilmir. Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Buna görə dırnaqarası soyqırımı haqqında danışmaq tamamilə qəbuledilməzdir və bu, onların təqdim etmək istədiyi daha bir feykdir, necə ki, onlar bunu həmişə edirlər. Onlar həmişə özlərini əziyyət çəkən, həmişə ağlayan, həmişə köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər. Lakin, baxın, bu gün nələr baş verir. O, Prezident Putinə gündə beş dəfə zəng edir, o, Prezident Makrona ola bilsin bir qədər az zəng edir, amma yenə də zəng edir, o, hər kəsə zəng edir. O, Avropa liderlərinə zəng edir. O, Dağlıq Qarabağın tanınmasını xahiş edir, lakin başa düşmür ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının vahid mövqeyi var. Ona görə müəyyən dəstəyi əldə etmək üçün o, hər bir feyk üsuldan istifadə etməyə çalışır. Odur ki, dediyim kimi bu, tamamilə yalandır. Mən dediyim sözlərə cavabdehəm, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq.

- İtaliya ilə Sizin xüsusi tərəfdaşlığınız var. Siz bizim birinci neft və qaz təchizatçımızsınız. Müharibə daha çox qanın tökülməsinə səbəb olarsa, bunun tərəfdaşlığa təsir etməyindən qorxmursunuz?

- Mən belə hesab etmirəm. Birincisi, mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib. Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir. Biz hazırıq, bu, birincisi. Mən bunun bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürəm. İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, o, çox uğurlu olmuşdur və biz böyük planlarla geriyə, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır və tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm".

• Döyüş əməliyyatları müxtəlif intensivliklə cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, iki T-72 tankı, üç D-30 topu, “Zastava M-55” zenit qurğusu, bir taktiki PUA-sı, üç hərbi yük maşını sıradan çıxarılıb.

• Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində hücuma cəhd edən düşmən şəxsi heyət və hərbi texnika baxımından itkilər verərək geri çəkilib. Ermənistan hərbi birləşmələrinin alay komandiri, tabor komandiri, snayper qrupu məhv edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Ermənistan silahlı qüvvələrinin “M-55” zenit qurğusu dəqiq atəşlə vurulub.

• Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı diversiya cəhdinin qarşısı alınıb.

• Ermənistan ordusunun təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 4-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2 min 734 ev, 98 çoxmənzilli yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Chosen
51
15
anspress.com

10Sources