EN

Kim və necə yoxlayacaq ki, dönərçi əti AQTA-nın tanıdığı yerdən alıb?!.

Image

Eyyub Hüseynov: "Dönərxanalar istədiyi ucuz ətdən istifadə etməyə davam edəcək, sonra da..."

Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir.

Bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, ictimai iaşə müəssisələrinin çiy dönərin hazırlanması bölməsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər bölmələrində istifadə olunmasına yol verilməməlidir.

Qeyd edək ki, zamanla dönərin tərkibinə müxtəlif növ ətlərin vurulması ilə bağlı məlumatlar yayılır. Buna necə nəzarət olunacaq?

"Dönərxanalarda vəziyyəti yaxşılaşdırmaq istəyirlərsə, oradakı mayonezlər, digər inqrediyentlər, bugündən sabaha qalan dönərlər məsələsi önə çəkilməlidir"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Bakı-Xəbər"-ə şərhində bildirdi ki, hazırda AQTA ət sektorunun bir çox seqmentinə tam nəzarət edə bilmir: “Ümumiyyətlə, hazırda heç bir mağazaya heç bir ərzaq məhsulu AQTA-nın sənədi olmadan daxil ola bilmir. Heç bir supermarket müvafiq sənədi olmayan heç bir məhsulu qəbul etmir. Eləcə də marketlərə daxil olan ətin hamısı AQTA-nın sənədi əsasında satışa buraxılır. AQTA-ın tələbinə əsasən, əmtəə bazarında satılan bütün iri və xırdabuynuzlu heyvanlar onun müəyyən etdiyi yerlərdə kəsilməlidir. Mal baytar nəzarətindən keçirilməli və sənəd verildikdən sonra satış şəbəkələrinə gedə bilər. Lakin AQTA bazarın ət sektorunun bütün seqmentlərinə nəzarət edə bilmir. Çünki fərdi təsərrüfatlarda da vətəndaşlar öz heyvanlarını kəsir və istehlak edirlər”. 

Ekspert hesab edir ki, inzibati metod özünü doğrultmayacaq: "Dönərxanalar istədiyi ucuz ətdən istifadə etməyə davam edəcək. Sonra qanuni kəsim yerindən ət alıb kağızını divardan asacaq və əvvəlki kimi könlü istəyən dönər satacaq".

Birlik sədri onu da əlavə etdi ki, AQTA təklif edir ki, dönər ətləri oradan alınsın. Yəni o ətin mənbəyi olsun: "Ümumiyyətlə, ətdən zəhərlənmələr az olur. Ət zəhərli hala keçəndə iylənmiş və göyərmiş olur, pis qoxu verir. Buradakı ciddi məsələlərdən biri dönərxanalarda vəziyyəti yaxşılaşdırmaq istəyirlərsə, oradakı mayonezlər, digər inqrediyentlər, bugündən sabaha qalan dönərlər məsələsi önə çəkilməlidir. Qeyd olunmuş yerlərdən ət alanda oradan bir kağız alacaqlar, o kağızı divardan asacaqlar. Yəqin ki, ondan sonra özləri bildikləri ətdən çəkəcəklər və ona da heç kəs nəzarət edə bilməyəcək. Çünki çox geniş bir şəbəkədir. Yəni bu da məsələni xilas etmir və çox effektli bir üsul deyil. Ona görə Azad İstehlakçılar Birliyi daha rasional üsullara əl atılmasını istəyir. Məsələn, ola bilər ki, birdəfəlik şişlər olsun. İstehlakçı görsün ki, həmin şişə taxılan dönər lazımi müəssisədə yığılıb bu dönər artıq bura gətirilib və s. Ölkədə dönərləri o standartlara uyğun istehsal edən 2 müəssisə mövcuddur. Həmin müəssisələrdən həm də -40 dərəcə şok dondurma aparatları var. Yaxşı olar ki, müəssisələr dönərləri oradan alsınlar”.

Günel CƏLİLOVA





Chosen
17
baki-xeber.com

1Sources