EN

Vüqar Rəhimzadə: Bu gün Dövlət Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik edir

Azərbaycan dövlətinin gücünün, qüdrətinin, millətimizin torpaqlarına sahib çıxan, yenilməz, məğrur xalq kimi qürurunun dünyaya təqdimatı olan tarixi Zəfərimizin dördüncü ildönümünü böyük təntənə ilə qeyd etdik. Paytaxt Bakıda, bölgələrimizdə, işğaldan azad edilmiş ərazilərimizdə Zəfər Günü  yüksək səviyyədə, böyük çoşqu ilə  qeyd edilən zaman 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa hər bir qələbə müjdəli müraciətinin doğurduğu qüruru,  insanların küçələrə, meydanlara  axışaraq bu sevinci birgə yaşadıqları anları bir daha gözlərimiz önünə gətirdi.

Prezident  İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak etmələri, dövlətimizin başçısının bu məkandan Azərbaycan xalqını, Silahlı Qüvvələrimizi milli qürur, iftixar mənbəyimiz olan şanlı Zəfər Günü münasibətilə təbrik etməsi  sevincimizi qat-qat artırdı. Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev çıxışında  30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və hazırkı postmünaqişə dövrünün reallıqlarına diqqəti yönəldərək bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximiz, parlaq Qələbəmizdir. Həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qırx dörd gündə Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli getdi.  Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik. Qırx dörd gündə şəhərlərimizin, kəndlərimizin azad edilməsi ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili 30 illik işğal dövrünün reallıqlarından biri kimi bəzi dünya güclərinin Ermənistana dəstəklərindən, münaqişənin həlli prosesinin uzanmasına, işğalçı dövlətin ərazi iddialarını davam etdirməsi üçün vaxt qazanmasına edilən cəhdlərdən də bəhs edib. Bildirib ki,  bəzi aparıcı dünya dövlətlərinin və beynəlxalq təşkilatların  məsələnin həllinə öz maraqları nöqteyi-nəzərindən yanaşmaları  nizamlanma prosesinin 30 il uzanmasına gətirib çıxardı. Azərbaycan dövləti işğal dövründə daim  ən yüksək tribunalardan bəyan edirdi ki,  biz heç zaman ərazilərimizin zəbt olunması ilə  barışmayacaq, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Dövlətimizin başçısı çıxışında bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır. Böyük dövlətlər, məsələni  guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki,  münaqişənin hərbi həlli yoxdur. Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Onların planlarında məsələni həll etmək, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi.  İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik: "Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi."

Vüqar Rəhimzadə Azərbaycanın bu illər ərzində  Qələbəyə gedən yolu yaxınlaşdıran addımlarını diqqətə çatdıraraq qeyd edib ki, hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır. Azərbaycanın dayanıqlı inkişafı daim beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan beynəlxalq aləmdə öz gücünə güvənən ölkə nüfuzunu qazanıb və bu gün də bu istiqamətdə davamlı addımları ilə dünya ictimaiyyətinin diqqət mərkəzindədir. İqtisadi inkişaf, Azərbaycanın siyasi çəkisinin artması,  beynəlxalq tribunalardan sözünü qətiyyətlə bildirməsi,  xalq-iqtidar birliyi, gənc nəslin milli ruhda  yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik hissinin  bərqərar olması,  bütün bu amillər, təbii ki,  bizi Zəfərə  doğru aparırdı. Cəmi 44 gündə Silahlı Qüvvələrimiz tarixi Zəfərə imza atmaqla dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərdi. Düşmən kapitulyasiya aktını imzalamağa  məcbur oldu. Dövlətimizin başçısı çıxışında onu da xatırlatdı ki, həmin düşmən ölkənin baş naziri  2019-cu ildə Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə" demişdi. Biz onu məcbur etdik ki, bu gün "Qarabağ Azərbaycandır" deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.

Milli Məclisin deputatı  bildirib ki, gənclərimizin zəngin tariximizin hər bir səhifəsini öyrənmələri, vətənpərvərlik ruhunda tərbiyə olunmaları bugünümüzün  əsas çağırışları sırasındadır. Azərbaycan gənci bunu 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı qəhrəmanlıq dastanı ilə nümayiş etdirdi. Vətən, torpaq sevgisi bizi böyük Qələbəyə qovuşduran əsas amil oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev sözügedən çıxışında diqqəti bir daha bu reallıqlara yönəltdi. Bildirdi ki, indi təcavüzkar dövlətin  bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini" düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal, dağıntılar, vəhşilik, Xocalı soyqırımı, məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi olmayıb. Yəni, bunu dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır. Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq,  30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.

Vüqar Rəhimzadə son dörd ilin zəfərlərindən danışaraq vurğulayıb ki, artıq Qarabağda separatçıların izi-tozu belə qalmayıb. Ötən ilin sentyabrında Silahlı Qüvvələrimizin  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Tarixi ədalətə söykənən siyasətimizin zəfərlərindən biri də Qazaxın dörd kəndinin döyüşsüz  geri qaytarılması oldu. Dövlətimizin başçısı çıxışında bu məqamlara  diqqət yönəldərək bildirdi ki, İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri  Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir.

Millət vəkili, həmçinin  bildirib ki, Müzəffər Ali Baş Komandanın hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Dövlət başçısı İlham Əliyevin Zəfər Günündə Zəfər parkından səsləndirdiyi çağırışlar həm işğalçı dövləti, həm də ona dəstək olanları ciddi düşündürməlidir. Postmünaqişə dövrünün reallıqlarına nəzər salsaq Azərbaycanın tarixi Zəfərini, suverenliyini tam bərpa etməsini həzm edə bilməyən bəzi Qərb dövlətlərinin Ermənistanı yeni müharibəyə təhrik etdiklərini aydın şəkildə görərik. Onlar Cənubi Qafqazda vəziyyətin gərginləşməsində nə qədər maraqlı olduqlarını atdıqları addımları ilə təsdiqləyirlər. Dövlətimizin başçısı bu çağırışı da etdi ki, Ermənistanı  silahlandırma siyasətindən əl çəkilməli, buna son qoyulmalıdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər. Onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Prezident İlham Əliyev belə bir çağırışı da səsləndirdi ki, əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı,  Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni?

Vüqar Rəhimzadə onu da xatırladıb ki, bütün cəhdlərə baxmayaraq daim sonda zəfər çalan ədalətdir. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bu günə qədər heç bir təzyiq, heç bir hədə-qorxu ölkəmizə təsir etməyib. Azərbaycan  bundan sonra da güclənəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, inkişafda olan Azərbaycan qürur mənbəyimiz, şanlı Qələbəmiz isə tarixi nailiyyətimiz, tarixi Zəfərimizdir.

Hazırda azad edilmiş bütün torpaqlarımız dirçəlir və soydaşlarımız doğma yurd-yuvalarına qayıtdıqları üçün sevinclidirlər. Yenilməz, məğrur xalqımıza daim qələbə yaraşır. Dövlətimizin başçısı Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlardan olan Zəfər parkının açılışı mərasimində bir daha böyük əminliklə bəyan etdi ki, bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Millət vəkili  bayramlarımız sırasında xüsusi yeri olan 9 noyabr-Dövlət Bayrağı Gününü son dörd ildə Zəfər ovqatında qeyd etdiyimizi qürurla vurğulayıb. Bildirib ki, milli kimliyimizin, qürurumuzun  rəmzi olan üçrəngli Bayrağımız bu gün  azad edilmiş bütün  ərazilərimizdə əzəmətlə  dalğalanır. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında oldular. Prezident İlham Əliyev burada Azərbaycanın üçrəngli Bayrağını ucaltdı, meydanda və Dövlət Bayrağı Muzeyində yaradılan şəraitlə tanış oldu. Bu gün Dövlət Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik edir. Xatırladaq ki, 2009-cu il noyabrın 17-də Prezident  İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq  hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraqlar ululardan miras qalan müqəddəs əmanətdir. Elə buna görə də daim başımızın üstündə saxladığımız üçrəngli Bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Zəfər ruhlu Dövlət Bayrağı Günümüz mübarək!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
6
olaylar.az

7Sources