EN

Naxçıvandakı Bayraq Muzeyinin nadir eksponatları

Paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində yaradılan bayraq meydanları xalqın dövlət atributlarına ehtiramının göstəricisidir.

“İki sahil” xəbər verir ki,  Naxçıvan şəhərindəki Bayraq Meydanında yaradılmış unikal quruluşa malik Bayraq Muzeyi 2014-cü il noyabrın 17-də istifadəyə verilib. Meydanda quraşdırılmış 57 metrlik dirəkdə dalğalanan Azərbaycan bayrağının uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin ətrafında inşa edilmiş muzey səkkiz guşəlidir.

Muzeyin ekspozisiya zalında 1922-ci ildən 1981-ci ilə qədər Naxçıvanda istifadə edilmiş bayraqlar, həmçinin 1990-cı il noyabrın 17-də qəbul olunan üçrəngli dövlət bayrağı, o cümlədən, Naxçıvan xanlığının dövlət və döyüş bayrağı, XIX əsrə aid olan Kəngərli süvari dəstələrinə verilən döyüş bayraqları sərgilənir. Muzeyin fondunda mühafizə olunan 180-dən çox eksponatdan 152-si ziyarətçilərə nümayiş etdirilir. Muzeyin dəyərli eksponatları arasında Naxçıvan xanlığının 1747-1828-ci illərə aid dövlət və döyüş bayraqları da var. Dövlət bayrağının üst hissəsində Qurani-Kərimin “Səff” surəsinin 13-cü ayəsi qeyd olunub. Bayrağın üzərində əks olunan qılıncın üst hissəsində "Əlidən başqa döyüşçü yoxdur", alt hissəsində isə "Zülfüqardan başqa qılınc yoxdur" sözləri əks olunub. Muzeydə Naxçıvanda üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul olunması ilə bağlı verilən qərarın, eləcə də Atabəylər dövlətinin bayrağının fotosurəti və digər eksponatlar da nümayiş olunur.

Chosen
85
1
ikisahil.az

2Sources