EN

Mətbuat Şurasından “Yeni Müsavat” qəzetinə 35 illik yubiley təbriki

Azərbaycan Mətbuat Şurası “Yeni Müsavat” Media Qrupunu fəaliyyətə başlamasının 35 illiyi münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

“Yeni Müsavat” qəzeti 35 il əvvəl müstəqillik amalı uğrunda mücadiləni öz səhifələrinə daşımaqla böyük tarixi yola qədəm qoydu. Tariximizdə isə torpaqlarımızın itkisindən yaranan acılar, işğalın gətirdiyi məhrumiyyət və çətinliklər, iqtisadi inkişafımızın və nəhayət müqəddəs Zəfərimizin qürur yaşantıları oldu. “Yeni Müsavat” çətinlik və məhrumiyyətləri göstərdi, acıları dindirdi, sevinc dolu anlara bələdçilik etdi, ruhyüksəkliyi aşıladı. Beləliklə, onun özü də püxtələşərək, azad söz tribunasına çevrildi.

“Yeni Müsavat” peşə prinsiplərinə sadiqlik, hadisə və proseslərə yanaşma tərzi baxımından özünəməxsus dəst-xəttə, oturuşmuş struktura malikdir. Bu günün “Yeni Müsavat”ı, həmçinin, müasir media standartlarına cavab verən, təkcə ölkəmizdə deyil, dünyanın bir çox yerlərində geniş oxucu auditoriyasına malik informasiya yayıcısı, plüralist fikrin dolğun ifadə platforması kimi tanınmaqdadır. 35 ilin ən böyük mükafatı da elə budur.

“Yeni Müsavat” ötən 35 ildə jurnalistika məktəbi olaraq da özünü təsdiqləməyi bacardı. Bu məktəbin müdavimləri ölkəmizin tanınmış imzalarına, söz, fikir adamlarına çevrildilər. Bütün bunlara görə də yubilyar media orqanının hazırkı yüksək statusu gələcək üçün etibarlı bazadır. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri belə bir bazanı formalaşdıran hər kəsi, xüsusən Rauf Arifoğlu başda olmaqla, böyük Yeni Müsavat Media Qrupunun rəhbərliyini və kollektivini bu böyüklüyün təminat paktı, ənənə simvolu olan “Yeni Müsavat” qəzetinin fəaliyyətə başlamasının 35 illiyi münasibəti ilə təbrik edir, ən xoş arzu və diləklərini çatdırmaqdan məmnunluq duyurlar.

Yubileyiniz mübarək, əziz “Yeni Müsavat”çılar!"

Musavat.com

Chosen
66
musavat.com

1Sources