EN

Frank De Blekere “Bayıl Arena”dakı qərarı doğru hesab edir

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının 13-cü turunun oyunundakı mübahisəli epizodları şərh edib.

Arena.az xəbər verir ki, o, “Səbail” – “Turan Tovuz” matçındakı mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.

Frank De Blekere bu matçın baş hakimi İnqilab Məmmədovun qərarlarını doğru hesab etdiyini bildirib. O, ilk hissənin sonlarında yaşananlarla bağlı bunları söyləyib:

“42-ci dəqiqədə “Səbail”in futbolçusu Mert Çelik topu cərimə meydançasından uzaqlaşdırır. O, yerə enərkən “Turan Tovuz”un oyunçusu İsmayıl Zülfüqarlının ayağını tapdalayır və Zülfüqarlı yerə yıxılır. Hakim penalti təyin edir. “Səbail”in müdafiəçisi rəqibin ayağına qəsdən təmas etməsə də, hakimin bu qayda pozuntusunu penalti ilə cəzalandırması doğrudur. “Turan Tovuz”un oyunçusu Kristian da Silva penalti zərbəsini yerinə yetirir və topu dirəyə vurur. Top meydana qayıdır və “Turan Tovuz”un üzvü Ayxan Hüseynov onu birbaşa qapıya vurur. Hakim bu qolu təsdiqləyir və VAR penalti zərbəsini yoxlayır. VAR görür ki, 11 nömrəli oyunçu zərbə zamanı təyin olunmuş məsafəyə riayət etmir (qayda pozuntusu) və mövqeyindən üstünlük qazanaraq müdaxilə edir. Oyun Qaydalarına 2024-cü ildə edilmiş dəyişikliklərə əsasən, qol ləğv edilməli və oyun sərbəst zərbə ilə bərpa olunmalıdır. Hakimin və VAR-ın yekun qərarı doğrudur”.

Xatırladaq ki, “Səbail” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. “Turan Tovuz” hazırda 26 xalla 3-cü, “Səbail” isə 8 xalla 9-cu pillədə qərarlaşıb.

Chosen
33
17
arena.az

10Sources