Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlət və dairlərin bütün cəhdlərinə baxmayaraq BMT-nin İqlim Dəyişmələri üzrə Sammiti- COP29 Bakıda yüksək səviyyədə keçirilir.
Prezident İlham Əliyev bu gün liderlərin sammitindəki çıxışında həmin dövlət və dairlərə xitabən deyib:
“Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.
Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var.
Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, Azərbaycana xoş gəlmisiniz!”
Göründüyü kimi, Bakıdan COP29 kürsüsündən ən yüksək səviyyədə verilən mesaj artıq ünvanına çatıb.
“Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə COP29 tədbirinin yüksək səviyyədə keçirilməsi Azərbaycanın diplomatik-siyasi qələbəsidir”.
Bu sözləri politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a açıqlamasında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının əhəmiyyətini şərh edərkən bildirib. Onun sözlərinə görə, COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı antitəbliğat kampaniyası ən yüksək səviyyəyə çatmışdı:
“Tədbirdən öncə Azərbaycana qarşı siyasi təzyiqlər intensiv xarakter almışdı. Ancaq rəsmi Bakı bütün bu təzyiqlərə əhəmiyyət vermədi və bütün diqqətini beynəlxalq tədbirin keçirilməsinə yönəltdi. Nəticə də ortadadır. Azərbaycan BMT-nin COP29 tədbirinə ev sahibliyi etməklə dünyaya örnək verdi. Bakıda COP29 tədbirinin yüksək səviyyədə təşkil olunması onu göstərir ki, rəsmi Bakı diplomatik-siyasi qələbə çalmaqla yanaşı anti-Azərbaycan qüvvələrini ağır məğlubiyyətə uğratdı”.
O xatırladıb ki, Ermənistan, erməni diasporu və Ermənistanı himayən edən müəyyən güc mərkəzləri COP29 tədbirin pozulmasına cəhd göstərirdilər:
“Ancaq buna nail ola bilmədilər. Ermənistanın əsas himayədarı Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti belə bu beynəlxalq tədbirin baş tutmasına əngəl ola bilmədi. Azərbaycan bu beynəlxalq tədbirə ev sahib etməklə sübut etdi ki, Bakı Fransanın və digər güc mərkəzlərin öhdəsindən gəlmək imkanlarına malikdir. Azərbaycanı öz hədəflərindən yayındırmaq mümkün deyil.
Azərbaycanın COP29 kimi böyük tədbirə ev sahibliyi etməsi onun beynəlxalq aləmdə nüfuzunu daha da artırdı”.