EN

"Sabah" klubunun uşaq futbolu Türkiyədən geri qalmır"

style='margin-bottom:10px;'>

Medianın İnkişafı Agentliyinin layihəsi

"Sabah"ın U-17 komandasının baş məşqçisi Saşa Yunusoğlu bir neçə gün öncə AFFA-nın təşəbbüsü ilə təcrübə keçmək üçün "Fənərbaxça"nın akademiyasına səfər edən məşqçilərdən biridir. Bir həftə İstanbul klubunun düşərgəsində olan məşqçilərimiz akademiyanın iş prinsipi ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.

Saşa Yunusoğlu səfər təəssüratını Qol.az-a bölüşüb.

- "Sabah"ın aşağı yaş qruplarından ibarət komandalarında durum necədir?

- "Sabah" Futbol Klubunun Akademiyasında durum yaxşıdır. Hazırda Azərbaycanın ən yaxşı akademiyalarından sayilır. Həm şərait, həm də nəticələr baxımından. Keçən ildən etibarən "Sabah"ın aşağı yaş qrupları "ASK Arena"da məskunlaşıb. Ötən mövsüm müxtəlif yaş kateqoriyalarında keçirilən Azərbaycan çempionatlarında "Sabah" 4 qızıl, 1 gümüş,1 bürünc medal qazanıb.

- U-17 və U-19 komandaları kifayət qədər ciddi komandalar sayılır ki, artıq oradan milliyə, əsas heyətlərə futbolçular cəlb olunurlar. Bəs bu mənada "Sabah"da durum necədir?

- "Sabah" U-17 və U-19 komandalarının durumu pis deyil. Hazırda çempionatın ekvatoruna yaxınlaşırıq. Biz başqa 2 komanda ilə birlikdə 1-ci yeri bölüşürük. U-19 komandalarının da turniri ciddi sayılır. Ona görə ki, bu yarışın qalibi ölkəmizi gənclər arasında Çempionlar Liqasında təmsil edəcək. Bu amil klublara böyük motivasiya verir. Amma "Sabah" üçün tək U-19 yox, bütün yaş kateqoriyaları ciddi və vacib sayılır. Çünki demək olar ki, Azərbaycanın U-15-dən tutmuş U-21 milli komandalarına qədər hər birinə "Sabah"ın futbolçuları dəvət olunur. Bu, bizim işimizin nəticəsidir. Biz Azərbaycan futbolunun inkişafı və gələcəyi üçün çalışırıq. İnanırıq ki, bir neçə ildən sonra Azərbaycanın A milli komandasının heyəti əsasən "Sabah"ın yetirmələrindən olacaq. Bildiyiniz kimi, "Sabah"ın adı tək növbəti gün kimi nəzərdə tutulmur. Əslində sabah gələcək deməkdir. Və biz gələcəyə inamla baxırıq.

- Klubun akademiyasının hansı beynəlxalq əlaqələri var?

- Bildiyiniz kimi, "Sabah" Futbol Akademiyasının xorvatiyalı koordinatoru Adino Mustenagiç artıq 4 ildir ki, klubda işləyir. O, burada vaxtı ilə çalışdığı Xorvatiyanın məşhur "Dinamo" (Zaqreb) klubunun iş prosesini tətbiq etməyə çalışır. Və bu sistem 4 ildə artıq öz bəhrəsini verir. Buna görə də "Sabah" Futbol Akademiyası "Dinamo" Futbol Akademiyası ilə əməkdaşlıq edir. Bunun nəticəsində hər il klubumuzun ən istedadlı 5-6 futbolçusu və məşqçiləri "Dinamo"ya toplantılara göndərilir. Düşünürəm ki, bu, uşaqların, məşqçilərin və ümumi akademiyamızın inkişafı üçün çox yaxşı praktikadır.

- Bu yaxınlarda Türkiyəyə səfər etdiniz və "Fənərbaxça"nın akademiyasında oldunuz...

- Keçən il U-19 liqasının qalibi olan "Qəbələ"nin baş məşqçisi Zaur Hacıyevi və U-17 liqasının çempionu olan "Sabah"ın baş məşqçisini, yəni, məni AFFA tərəfindən praktika və kvalifikasiya yüksəlməsi üçün "Fənərbaxça" Futbol Akademiyasına göndərdilər. Çox gözəl təşkil olunmuş bu səfərə görə həm öz adımdan, həm də "Sabah" FK adından AFFA-ya təşəkkürümü bildirmək istəyirəm. "Fənərbaxça" bizi çox yaxşı qarşıladı. Akademiyanın direktoru Sedat Karabük, koordinatorları olan Mehmet Hacıoğlu, Cem Karaca, bundan başqa, akademiyanın psixoloqu və bütün yaş kateqoriyalarının məşqçiləri ilə görüşlərimiz oldu. Bir neçə gün ərzində "Fənərbaxça" Furbol Akedemiyasının infrastrukturu, müasir texnologiyaları, iş metodikası, prinsipləri ilə və uşaqlar üçün yaradılan şərait ilə tanış olduq. U-19, U-17, U-16, U-15 və U-14 komandalarının məşqlərində və iclaslarında iştirak etdik. "Fənərbaxça"da hər şeyin yüksək səviyədə olduğunu gördük. Biz də ölkəmizin uşaq futbolu haqqında ətraflı məlumatı verməyə çalışdıq və klublarımızın atributları akademiyanın rəhbərliyinə həddiyə etdik.

- Bu təcrübə Azərbaycanda uşaq futbolunun inkişafına nə kimi təsir göstərə bilər?

- Futbolumuzun inkişafı üçün məşqçilərin savadı və təcrübəsi də önəmlidir. Son zamanlarda AFFA tərəfindən əvvəlki vaxtlara nisbətən demək olar, ikiqat çox UEFA məşqçilik kursları keçirilir. Məşqçilərin savadının artması üçün çox ciddi işlər görülür. Amma məşqçilərin ancaq oxuduğu kateqoriyalarla kifayətlənməməliyik. Federasiya və klublar daha çox yerli məşqçiləri praktika üçün xarici klublara və xaricdə olan seminarlara göndərməlidirlər. Onda biz daha tez inkişaf edə biləcəyik. Şəxsən mənim üçün "Fənərbaxça" səfəri böyük bir təcrübə oldu.

- "Fənərbaxça"nın akademiyasında sizi təəccübləndirən nə oldu? Oradakı durumla Azərbaycandakı vəziyyət arasında hansı fərqlər var?

- Mənim məşqçi karyeramda belə bir səfər 1-ci dəfə oldu. Çox maraqlı idi. Türkiyə və Azərbaycan uşaq futbolunun incəliklərini müqayisə etmək baxımından məşhur "Fənərbaxça" klubunun akademiyası yaxşı bir fürsət oldu. Sizə deyim, bizim uşaq futbolumuz Türkiyədən geri qalmır. Təbii ki, başqa klubların adından danışa bilmərəm, mən "Sabah" Futbol Akademiyasını nəzərdə tuturam. Təbii ki, fərqlər var. Orada müasir innovasiyalı cihazlardan istifadə etmək, Avropaya yaxınlıq və operativ şəkildə Avropanın bütün yeni tendensiyalarını əldə etmək fürsəti var. Həm də Avropanın ən büyük turnirlərdə tez-tez iştirək etmək imkanlarına malikdirlər. Əsasən də 80 milyon əhsalisi olan ölkənin oyunçu seçiminin böyük olduğunu vurğulayım. Bundan əlavə, türklərin futbola marağı da sirr deyil. Onlar bu vacib amillərə görə bizdən üstündürlər. Amma məşq proseslərində, ümümi məşqçilərin öz işinə yanaşmasında, peşəkarlıqda və savadda biz onlardan geri qalmırıq. Bunu əminliklə deyə bilərəm.

- "Fənərbaxça"nın yetirməsi Arda Güler "Real"a transfer olundu. Bu da "Fənərbaxça" akademiyasının uğurlarından biridir. Yəqin ki, bu, həm də "Fənərbaxça"dan öyrənəcəyimiz çox şeyin olduğuna işarə edir.

- Arda Güler çox istedadlıdır və onlar bu transferlə qurur duyurlar. Arda "Fənərbaxça"nın yetirməsi olduğuna görə demək olar ki, Türkiyənin 70 faizi öz övladının birinci növbədə "Fənərbaxça"nın akademiyasında olmasını istəyir. Bu səbəbdən də Türkiyənin ən məhşur akademiyalarından sayılan "Fənərbaxça"da ən yaxşı futbolçular yığılıb. Çünki oyunçu seçimi, seleksiya yüksəkdir. Ümidvaram ki, ən yaxın gələcəkdə azərbaycanlı futbolçular da Avropanın ən güclü klublarına transfer olunacaqlar, biz də onlarla və öz işimiz ilə fəxr edəcəyik.

- Ümumiyyətlə, hazırda Azərbaycanın uşaq futbolunda hansı ciddi problemləri görürsünüz? İnkişafa daha çox mane olan detallar hansılardır?

- Azərbaycanda uşaq futbolunda problemlər kifayət qədərdir. Ən əsas problem infrastruktur, normal futbol meydançasının olmamasıdır. Demək olar ki, "Sabah", "Neftçi", "Sumqayıt", "Qəbələ"dən başqa bütün komandalar şəraitsizlikdən əziyyət çəkirlər. 2-3 klub var ki, 1 yaxşı meydançaya sahibdir. 1-ci komandadan tutmuş aşağı yaş qruplarına qədər bütün komandalar orada məşq edirlər və məşqlər üçün kifayət qədər vaxtı bölüşdürə bilmirlər. Qalan komandalar bərbad meydançalarda məşq edirlər. Hərdən çempionat oyunları elə meydanlarda keçirilir ki, mən uşaqların sağlamlığından qorxuram. Vaxtı 15 il qabaq keçmiş, keyfiyyətsiz, adi beton üstündə olan süni meydançalar uşaqlar 19 yaşına çatanda onlarda ciddi zədələr yaradır. Dizlər, qalenastoplar, bel problemləri uşaqların 90 faizində var. Hərdən uşaqlar futbol butsu ilə yox, "krasovka" ilə oyunlara çıxırlar. Bu, sadəcə biabırçılıqdır. Uşaq yıxılanda ürəyimiz dayanır, 90 dəqiqə dua edirsən ki, futbolçu zədələnməsin. Və həmin komandalar o cür meydanlarda gündəlik məşq edirlər. Heç olmasa, bu problem aradan qalxsa, başqa problemlərdən danışa bilərik.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Chosen
545
50
teleqraf.com

10Sources