“Bayern”in almaniyalı hücumameyilli yarımmüdafiəçisi Camal Musiala Münhen klubundakı gələcəyi ilə bağlı fikrini paylaşıb.
Arena.az məlumat verir ki, Musiala müqaviləsi ilə bağlı qeyri-müəyyənliyini ifadə edib:
Baxmayaraq ki, almaniyalı futbolçunun bu barədə fikrini, öz gələcəyini Münhen klubunda görməsi kimi də qiymətləndirmək olar:
“Mən müqaviləmin mövzusu haqqında çox xüsusu deyə bilmərəm. İndi bütün diqqətimi Almaniya yığmasına yönəltmişəm. Amma deyə bilərəm ki, mən Münhendə xoşbəxtəm”, deyə Musiala vurğulayıb.
Xatırladaq ki, Camal Musiala Avropa nəhənglərinin diqqət mərkəzindədir. Buna rəğmən, təhlilçilər belə qənaətdədirlər ki, gənc futbolçu Almaniya nəhəngini digər yüksək səviyyəli klublardan hər hansına dəyişmək fikrində olmayacaq.
“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Musiala “Bayern”in heyətində 14 oyun keçirib, 9 qol vurub, 4 məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 177 oyun, 52 qol və 35 məhsuldar ötürmədən ibarətdir.
Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.
Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 36 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.