EN

Razılıq əldə edildi: seçkilər bu tarixlər keçiriləcək

Almaniyada federal hökuməti formalaşdıran koalisiyanın dağılması ilə başlayan siyasi böhrandan sonra növbədənkənar parlament seçkilərinin tarixi barədə əsas siyasi partiyalar arasında razılıq əldə olunub.

 

Modern.az xəbər verir ki, koalisiyada yer alan Sosial Demokratik Partiya (SPD) ilə müxalifətdəki Xristian Birlik partiyaları (CDU/CSU) növbədənkənar parlament seçkilərinin gələn il fevralın 23-də keçirilməsi barədə razılığa gəlib. Yaşıllar və Azad Demokratik Partiya (FDR) da bu qərarı dəstəkləyib.

 

CDU-nun lideri Fridrix Merts, Yaşıllar Partiyasının parlament fraksiyasının həmsədrləri Britta Hasselman və Katharina Dröqe, SPD-nin parlament fraksiyasının sədri Rolf Mütsenix növbədənkənar parlament seçkilərinin tarixini müzakirə etmək üçün noyabrın 12-də axşam saatlarında “Bellevue” sarayında Prezident Frank-Valter Ştaynmayer ilə görüşüblər. Görüşdə Prezident növbədənkənar parlament seçkilərinin fevralın 23-də keçirilməsinə razılıq verib.

 

Qeyd edək ki, SPD-dən olan Kansler Olaf Şolts hökumətə etimad səsverməsinin dekabrın 16-da keçirilməsini planlaşdırır. Ölkə Konstitusiyasına əsasən Bundestaqda hökumətə etimad göstərilməsə, Prezident Konstitusiyaya əsasən 21 gün ərzində parlamentin buraxılması barədə qərar qəbul etməlidir. Parlamentin buraxılmasından sonra isə 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir.

Chosen
150
5
modern.az

10Sources