EN

COP for Hope: COP29-da sağlamlıq imkanları məhdud şəxslər üçün bütün şərait yaradılıb – Keniya nümayəndəsi

Bakı, TurkicWorld

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Keniya nümayəndəsi, "İnternational Disability Alliance"nın təmsilçisi Tomas Sururudur.

O, TurkicWorld-ə açıqlamasında bildirib ki, COP29 Bakıda çox yüksək səviyyədə təşkil olunub və xüsusilə sağlamlıq imkanları məhdud şəxslər üçün bütün şərait yaradılıb.

"COP29, həqiqətən də, gözəldir, çünki bu tədbirdə çox sayda insanın iştirak etdiyini və sayının artdığını görürəm. Mən yerli xalqlardan olan əlillər üzrə Qlobal Şəbəkəni təmsil edirəm – bu, dünyada sağlamlıq imkanları məhdud olan yerli xalqlar nümayəndələrinin maraqlarını dəstəkləyən bir təşkilatdır. Biz dünyanın yeddi geosiyasi bölgəsini təmsil edirik.

Hamımız iqlim məsələlərinin həllində, qərarların qəbul edilməsi və siyasətlərin hazırlanması prosesində iştirak etməliyik. İlk dəfədir ki, Bakıya gəlirəm – bu, həqiqətən gözəl bir şəhərdir, Azərbaycan isə qonaqpərvər insanlara malik gözəl bir ölkədir və gördüklərim məni çox təsirləndirdi", – Tomas Sururu qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
99
28
turkic.world

10Sources