EN

COP29 Azərbaycan üçün yeni imkanlar açdı - Deputat

COP29 nəinki Azərbaycan diplomatik əlaqələrinin inkişafına, bütövlükdə beynəlxalq aləmdə gücünə güc qatdı və Azərbaycanın nə qədər güclü, etibarlı tərəfdaş olması, eyni zamanda bu kimi qlobal, böyük əhəmiyyətə malik tədbirlərə ev sahibliyi edə biləcəyi gücdə olduğunu bir daha sübut etdi. 

Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev COP29 tədbirinin Azərbaycanın diplomatik əlaqələrini inkişafına müsbət təsiri mövzusunda danışarkən deyib. 

A.Quliyev bildirib ki, COP29 Azərbaycan üçün yeni imkanlar açıb. 

"Bir çox ölkələrin rəhbərləri Azərbaycana gəldilər, ölkəmizi yaxından tanıdılar, Azərbaycanın iqtisadi potensialının, "Yaşıl" iqtisadiyyata keçidinin canlı şahidi oldular. Bütün bunlar Azərbaycanın milli maraqlarına, güclənməsinə, beynəlxalq arenada daha geniş şəkildə söz sahibi olmasına kömək edir. Digər tərəfdən, Azərbaycanı sevməyən, anti-Azərbaycan qüvvələrin problem yaratmaq cəhdinə baxmayaraq COP29 ən yüksək səviyyədə təşkil olundu və yüksək səviyyədə davam edir, hər keçən gün Azərbaycanın uğuru kimi tarixə düşür, xüsusilə də boykot çağırışı edənlərə cənab prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, kifayət qədər məntiqsiz, ağılsız baykot çağırışlarına baxmayaraq ən azı dünənki, məlumata görə, 72 min nəfər iştirak üçün qeydiyyatdan keçib. Hazırda 196 ölkədən prezidentlər, hökumət başçıları, vitse-prezidentlər və digər mühüm şəxslər, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər", - deyə o qeyd edib. 

Millət

Deputatın sözlərinə görə, bu onu göstərir ki, Azərbaycan sözün əsl mənasında dünyaya qucaq açmaq iqtidarına malikdir, eyni zamanda dünyanın bir nömrəli problemi olan iqlim dəyişikliyi ilə bağlı məsələlərdə liderlik etmək qabiliyyətindədir: 

"Bu da cənab prezident İlham Əliyevin yüskək səviyyədə həyata keçirdiyi siyasətinin nəticəsidir. Eyni zamanda möhtərəm prezidentimiz qlobal cənubla qlobal şimal arasında körpü rolunu oynamağa hazırıq. Bugünkü tədbir də onu göstərir ki, bu körpü uğurla qurulub. Baxmayaraq ki, mövzu ümumilikdə çətindir, fikir ayrılıqları var, maliyyələşdirmə ilə bağlı problemlər var, ancaq prioritet məsələ kimi Azərbaycan tərəfindən COP29-un gündəliyinə gətirilib. Onu da bilirik ki, əvvəlki COP-larda, yaxud BMT-nin mühüm tədbirlərində hazırkı vəziyyətə uyğun şərait olmamışdır, ancaq Azərbaycan bir daha sübut etdi ki, ən yaxşısını etmək gücünə qadirdir. O cümlədən, bu tədbirdə maliyyələşmə ciddi qərarlar qəbul olunacaq. Bildiyiniz kimi, hazırda iqlim dəyişikliyi ilə bağlı mübarizəyə 500 tirlyon dollardan çox vəsait tələb olunur, bu da böyük bir məbləğdir. Ona görə də bu cür mötəbər məqsədi qarşıya qoyaraq irəliyə çıxmışıq, əminəm ki, bu yolu uğurla tamamlayacağıq". 

Kiçik ada dövlətləri ilə bağlı olan tədbir haqqında danışan deputat bildirib ki, bu, Azərbaycanın gücündən xəbər verir. 

"Bu da o deməkdir ki, Azərbaycan qlobal proseslərə çox ciddi şəkildə qoşulub və danış aşırı yardım fondu təsis olunub, bu gün də konfransda həmin ölkələrlə bağlı ayrıca effektiv panel müzakirələri yer alıb. 

BMT-nin baş katibi cənab Quterreş tədbirdə yüksək səviyyədə çıxış etdi. Bu da onun göstəricisidir ki, Azərbaycan, eyni zamanda, tək regional yox, qlobal məsələlər üzrə də liderlik etmək qüvvətindədir. İndi qalır bu məsələdə dünya güclərinin səylərini birləşdirmək və mənə elə gəlir ki, əsas təşəbbüslərindən biri daha çox iqlim dəyişikliyindən zərər çəkən ölkələr məhz COP29-un sayəsində kifayət qədər dəstək ala bilmələridir. Bütövlükdə bu, böyük, qlobal hadisədir və Azərbaycanın COP29-a ev sahibliyi etməyi onu göstərir ki, Azərbaycan bu gün qlobal proseslərdə aparıcı oyunçudur, bu münasibətlə cənab prezident İlham Əliyevi ürəkdən təbrik edirəm və əminəm ki, bu tədbir Azərbaycana böyük bir nüfuz gətirdi, Azərbaycana inam, etimad öz rolunu oynayıb. Hələ qarşıda bir ilimiz var, həm də COP29-un prezidenti kimi daha 1 il fəaliyyət göstərəcəyik. Əminəm ki, bu konfrans xalqımızın maraqları üçün, dövlətimizin hədəfləri üçün Azərbaycana yeni üfüqlər açacaq.  Hər şey möhtəşəmdir, mükəmməldir, tarixdə ən mötəbər hadisələrindən birinə şahidlik edirik və yazılan mötəbər tarixini canlı izləyirik”, - deyə o, fikirlərini yekunlaşdırıb.

Ağa Dadaşzadə

Chosen
42
news24.az

1Sources