EN

“Prime Cotton”: Pambıqçılıq sahəsində innovativ üsullarlardan istifadə edirik - Müsahibə

COP29-da iştirak edən yerli şirkətlərdən biri də “Prime Cotton”dur.

"APA-Economics" şirkətin İcraçı direktoru və İdarə Heyətinin sədri Rövşən Mahmudovla müsahibəni təqdim edir.

- Rövşən bəy, COP29-da iştirak edən yerli şirkətlərdən biri də “Prime Cotton”dur. Burada təmsil olunmaqla əsas gözləntiləriniz nədən ibarətdir?

- “Prime Cotton” şirkəti “GP Cotton Holdinq”in tərkibinə daxildir və son 29 ildir pambıq tədarükü ilə məşğuldur. Gələn il fəaliyyətimizin 30 illiyini qeyd edəcəyik. Bu illər ərzində pambıqçılıq sahəsində böyük təcrübə toplamışıq. COP29 tədbirində iştirakımızın əsas məqsədi burada keçirilən müzakirələrdə aktiv iştirak edərək öz təcrübələrimizi bölüşmək, daha innovativ həllərlə tanış olaraq onları gələcəkdə tətbiq etməkdir.

“Prime Cotton” öz işində dayanıqlılığı strateji hədəf kimi müəyyənləşdirib və bu istiqamətdə uğurlar əldə edib. COP29-a qədər bir sıra nailiyyətlərimiz var. Bunlara sudan səmərəli istifadə məqsədilə müasir suvarma sistemlərinin təbiqi, daha yüksək məhsuldarlıq üçün torpaq səthinin hamarlanması aiddir. Azərbaycanda innovativ üsullarla torpaq səthinin hamarlanmasını ilk dəfə biz tətbiq etmişik. Bu üsul sudan effektiv istifadə üçün çox vacibdir. Belə ki, əvvəllər günlərlə, həftələrlə suvarılan sahələri indi bir neçə saat ərzində suvara bilirik. Fermer təsərrüfatlarında torpaq səthinin hamarlanması məhsuldarlığı artırıb. Sınaq məqsədilə torpaq səthinin hamarlandığı ərazilərdə əvvəl hər hektara 27-28 sentner məhsul əldə etdiyimiz yerlərdə indi 38-40 sentnerə qədər məhsul götürmüşük. Bununla yanaşı eyni ərazilərdə fermerlər əvvəllər 9 günə suvardıqları sahələri artıq cəmi 8 saata suvarırlar. Nəticədə tətbiq etdiyimiz innovativ üsullar həm suya qənaət edir, həm də daha yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Biz bu texnologiyaların tətbiqini bundan sonra da davam etdirməyi qarşımıza hədəf qoymuşuq.

- Hal-hazırda orta məhsuldarlıq nə qədərdir?

- Hazırda Azərbaycanda 45 min hektara yaxın ərazidə pambıq əkini ilə məşğuluq. Bundan əlavə, 7 min fermerlə müqavilə əsasında işləyirik. Şirkətimizin innovasiya sahələri də var. Burada yeni toxum və dərmanları test edirik. Uğurlu testlərdən sonra fermerləri və aqronomları innovasiya sahələrinə dəvət edir, yeni texnologiyalarla tanış edir və təlimlər keçiririk.

Keçən il orta məhsuldarlığımız 31 sentner olub. Bu il daha yüksək nəticələr gözləyirik, çünki daha innovativ yanaşmalardan istifadə etmişik. Sevindirici haldır ki, fermerlərimiz də innovativ texnologiyaların istifadəsində maraqlıdırlar.

- Pambıqçılıq sahəsində hansı çətinliklər var?

- Azərbaycanda pambıq sortlarının əksəriyyəti Türkiyədən idxal edilir. Yerli toxum çeşidlərimiz idxal ounan çeşidlərlə müqayisədə məhsuldarlıq və keyfiyyət baxımından rəqabətli deyildir. Ümid edirik ki, gələcəkdə yerli iqlim şəraitinə uyğun məhsuldar və keyfiyyətli çeşidlərimiz də inkişaf etdiriləcəkdir.

İqlim dəyişikliyi pambıq becərilməsinə birbaşa təsir edir. Belə ki, May ayında havaların soyuq keçməsi, bu yay yağıntı miqdarının normadan artıq olması məhsuladrlığa təsirsiz ötüşməyib. Yağıntıların miqdarı arqo-texniki işlərin planlaşdırılmasına da çətinlik törədir. Bu, son illərdə iqlim dəyişikliklərinin nələrə gətirib çıxardığını göstərən amillərdir.

İqlim dəyişikliyinin törətdiyi fəsadlar və təbii fəlakətlərdən sığortalanmq üçün Prime Cotton şirkəti strateji olaraq pambıq sahələrinin sığortalanmasına böyük önəm verir və fermelrlər arasında təbliğat və təviqat işləri aparır.

- “Prime Cotton” pambıqdan hansı məhsullar istehsal edir və hansı bazarlara ixrac edir?

- Şirkətimizin əsas fəaliyyəti pambığın yetişdirilməsi, tədarükü, pambıqtəmizləmə müəssisələrimizdə mahlıcın emalı, müxtəlif növ iplik məhsullarının, pambıq yağı, heyvandarlıq yemləri və digər yan məhsulların istehsalını əhatə edir. İstehsal prosesləri şirkətimizə daxil olan “Bakı Tekstil Filialı”, “Mingəçevir Tekstil Parkı”, “Sumqayıt Tekstil Filialı”, “Şirvan Yağ Emalı Zavodu”nda həyata keçirilir. Bu məhsullar əsasən Türkiyə, Rusiya və digər MDB ölkələrinə, həmçinin Avropa, Yaxın və Uzaq Şərq ölkələrinə ixrac olunur.

- Şirkətin illik ixrac göstəriciləri nə qədərdir?

- Azərbaycan dünya pambıq bazarında elə də böyük paya malik deyil. Ümumilikdə ölkədə 100 min hektara yaxın pambıq sahəsi var. Özbəkistan, Braziliya, ABŞ və Avstraliya kimi ölkələrlə müqayisədə bu rəqəm çox aşağıdır. Buna görə də əsas diqqətimizi keyfiyyətə yönəldirik. Yalnız premium məhsullar istehsal edərək uğur əldə edə bilərik.

Son dörd ildə qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən 10 şirkət arasında olmuşuq. 2024-cü ilin ilk 9 ayında isə birinci yerə yüksəlmişik. İllik ortalama 130 min ton pambıq tədarük edirik. Bunun da ortalama 42%-i mahlıc şəklindədir. Mahlıcın 25%-i daxili bazarda iplik istehsalına yönəldilir, 75%-i isə ixrac olunur.

Chosen
42
apa.az

1Sources